Mayın 3-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirmişdir ki, 1971-ci ildən fəaliyyət göstərən Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı 2000-ci ildə müstəqil yaradıcılıq qurumuna – Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilmişdir. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Bəhruz Kəngərli adına Sərgi Salonu yeni bina ilə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi haqqında” 23 iyul 2011-ci il tarixli Sərəncamı ilə birliyin 40 illik yubileyi qeyd edilmişdir.
Ülviyyə Həmzəyeva bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi konfranslararası dövrdə yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışmışdır. Hesabat dövründə muxtar respublikada beynəlxalq festivalların təşkili də diqqətdə saxlanmışdır. Belə ki, 2012-ci ildə “Naxçıvan – bəşəriyyətin beşiyi” I Beynəlxalq Rəsm Festivalı, 2014-cü ildə isə II Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. Yüksək səviyyədə keçirilən festivallarda müxtəlif ölkələrdən rəssamlar iştirak etmişlər.
Diqqətə çatdırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri son beş il ərzində bir çox xarici ölkələrdə keçirilən sərgilərdə, festivallarda və müsabiqələrdə iştirak etmişlər. Bu ölkələrin siyahısına Bolqarıstan, Fransa, İran, Türkiyə, ABŞ, Portuqaliya, Çin, Avstriya, Rusiya və başqa ölkələr daxildir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri muxtar respublika rəssamlarına göstərdiyi diqqət və qayğıya görə bütün rəssamlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
İdarə Heyətinin yeni tərkibi seçildikdən sonra çıxış edən birliyin İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov demişdir ki, ötən 5 il ərzində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə sədrlik etmiş tanınmış rəssam Ülviyyə Həmzəyeva bu müddətdə özünü fəal, işgüzar bir şəxs kimi göstərmişdir. Onun rəhbərliyi ilə son 5 ildə 150-dən çox müxtəlif mövzulara həsr olunmuş festival, sərgi və müsabiqələr keçirilmiş, Rəssamlar Birliyinin sıraları genişlənərək 52 nəfərə çatmış, üzvlərin tərkibində gənclərə üstünlük verilmişdir. Telman Abdinov Ülviyyə Həmzəyevanın bacarığını, işgüzar qabiliyyətini, təşkilatçılığını nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürmüş, birliyin üzvlərini təklifi dəstəkləməyə çağırmışdır.
Təklif yekdilliklə dəstəklənmişdir.
Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva ona göstərilən etimada görə birliyin üzvlərinə minnətdarlığını bildirmiş, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd etmişdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Nəzarət-Təftiş Komissiyasının say tərkibi müəyyənləşdirildikdən və komissiya üzvləri seçildikdən sonra konfransın qərar layihəsi oxunmuş və yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransda çıxış edərək demişdir ki, Azərbaycanda mədəniyyətin, incəsənətin, o cümlədən təsviri sənətin inkişafı ulu öndər Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə milli mədəniyyətin və təsviri sənətin inkişafında yeni mərhələ başlanmış, incəsənətin inkişafına dövlət qayğısı artmış, yaradıcılıq prosesi geniş vüsət almışdır.
Vurğulanmışdır ki, ulu öndərimizin əsasını qoyduğu ənənələrin hazırda Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsi nəticəsində rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülmüşdür. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Bəhruz Kəngərli adına Sərgi Salonu yeni bina ilə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi haqqında” 23 iyul 2011-ci il tarixli Sərəncamı ilə birliyin 40 illik yubileyi keçirilmişdir. Bəhruz Kəngərli Muzeyi yaradılmış, hazırda da Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən rəssamların fərdi yaradıcılıqlarını davam etdirmələri üçün onlar hər cür şəraiti olan emalatxanalarla təmin olunmuş, öz fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlarla təltif edilmiş, rəssamların albom-kataloqları nəşr olunmuşdur.
Rəhman Məmmədov demişdir ki, bütün bunlarla yanaşı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Təsviri incəsənət və rəsmxət, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasları açılmış, məktəbdənkənar təhsil müəssisələrində isə rəsm dərnəklərinin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Bu qeyd olunanlar bir daha sübut edir ki, muxtar respublikada rəssamlığın inkişafı istiqamətində mühüm işlər görülmüş, rəssamların fəaliyyəti üçün zəruri şərait yaradılmış, onlar tam olaraq dövlət qayğısı ilə əhatə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri qeyd etmişdir ki, Rəssamlar Birliyi bundan sonra da göstərilən diqqət və qayğının müqabilində fəaliyyətini, xüsusən də rəssamlarla işi daha da gücləndirməli, may ayında keçiriləcək “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalını yüksək səviyyədə təşkil etməli, müxtəlif müsabiqələr təşkil etməklə gənc istedadların aşkara çıxarılmasına, onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə, Naxçıvan reallıqlarının rəssamlarımızın yaradıcılıqlarında öz əksini dolğun şəkildə tapa bilməsinə çalışmalı, ustad dərslərin keçilməsini davam etdirməlidir. Ümid edirik ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi bundan sonrakı dövrdə fəaliyyətini daha da gücləndirəcək, göstərilən etimadı doğruldacaqdır.
Rauf Əliyev