1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Dövlət Rəsm Qalereyasında uşaqların əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.
Muxtar respublikada fəaliyyət göstərən incəsənət və bədii sənətkarlıq məktəblərinin balaca rəsm həvəskarlarının əsərlərinin nümayiş etdirildiyi sərginin açılış mərasimində Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökumə Məmmədlinin, qalereyanın baş fond mühafizi Yadulla Məmmədovun, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanovanın, rəssamlardan Cavid İsmayılovun, Qəhrəman Tağıyevin çıxışları olub. Çıxışlarda muxtar respublikada rəssamlıq sənətinin inkişafına göstərilən dövlət qayğısından söhbət açılıb, rəssamlığa həvəs göstərən və bu sahədə istedada malik uşaq və yeniyetmələr üçün yaradılan şəraitdən bəhs edilib. Çıxış edənlər sərgidə əsərləri nümayiş etdirilən balaca rəssamları təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıblar.
Sərgidə fəal iştirak edən uşaqlara Naxçıvan Dövlət Rəsm Qalereyasının fəxri fərmanları və hədiyyələr təqdim edilib.
Sonra sərgiyə baxış olub. Balaca rəsmsevərlərdən Namiq Orucovun, Elşad İsmayılovun, Səadət İsmayılzadənin, Nuray Gözəlovanın, Əlirza Əlizadənin və başqalarının əl işlərinə böyük maraq göstərilib. Sərgidə 25 məktəblinin müxtəlif janrlarda 45-dən artıq əl işi nümayiş etdirilir.
Səbuhi Hüseynov