23 Dekabr 2024, Bazar ertəsi

Bu tədbir turizmin inkişafına, milli dəyərlərimizin və milli mətbəximizin təbliğinə öz töhfəsini verdi


Xəbər verdiyimiz kimi, may ayının 5-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Yaradıcı əllər” festivalının açılışı olub.

Festivalın keçirilməsində əsas məqsəd peşəkar sənətkarların, həvəskar şəxslərin, həmçinin evdar qadınların bacarığının üzə çıxarılması və ictimaiyyətə çatdırılması, insanların təxəyyülündə Azərbaycançılıq ideyasının möhkəmləndirilməsi, ailə­lərdə milli dəyərlərin və adət-ənənələrin qorunub saxlanılması və formalaşdırılması, milli mətbəx ənənələrinin gənclərə aşılanması, bacarıqlı sənətkarların özünüməşğulluğunun təmin edilməsi, muxtar respublikamızın turizm məkanlarını və turizm potensialını tanıtmaq idi. İki gün davam edən festivalın sonunda milli yeməklər, şirniyyatlar və əl işləri (o cümlədən toxuma, tikmə, dekorativ iş, rəsm əsərləri nominasiyaları) üzrə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi oldu. Mükafatlandırma mərasimindən əvvəl burada nümayiş etdirilən əl işləri ilə tanış olduq, el sənətkarlarının, sərgiyə gələnlərin fikirlərini öyrəndik. 

Qeyd edək ki, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri, sahibkarlar, müxtəlif idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri sərgiyə böyük maraq göstərirdilər. İstedadlı şəxslər, sənətkarlar, muxtar respublikada fəaliyyət göstərən ictimai iaşə obyektləri tərəfindən hazırlanıb nümayiş etdirilən əl işlərinin – dekorativ-tətbiqi sənət, tikmə, toxuma nümunələrinin, rəsm əsərlərinin, xalçaların, milli yeməklərin, şirniyyatların, şərbətlərin sərgi-satışı təşkil edildiyi festivalda rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin folklor kollektivləri, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı və muğam studiyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblı və “Gənclik” Xalq Teatrının çıxışları böyük maraqla qarşılandı.
Festival iştirakçısı Sədi Məmmədov bildirdi ki, ailəsi ilə birlikdə bu tədbirdə iştirak edir. Burada hər rayondan gələn musiqi kollektivlərinin çıxışları onların böyük marağına səbəb olub.
Naxçıvan Doğum Mərkəzinin həkim-laborantı Zəminə Bayram­ovanın dediklərindən:
– Bu festivalda ən çox diqqətimi çəkən Naxçıvan mətbəxi haqqında danışmaq istəyirəm. Biz burada bir daha mətbəximizin nə qədər zəngin olduğunu gördük. Ən maraqlı cəhət odur ki, milli yeməklər hazır­lanarkən qədim üsullarla yanaşı, müasir kulinariya tələbləri də nəzərə alınmış, yerli məhsullardan geniş istifadə olunmuşdu. Yaxşı hal kimi qeyd edək ki, burada yeməklərin satışı da təşkil edilmişdi. Buradan Naxçıvan mətbəxinin dadlı-ləzzətli təamlarından olan Ordubad qayğanağını aldım.
Festivalda ən çox diqqətçəkən məqamlardan biri Sədərək rayonundan olan Mehparə Seyidovanın hazırladığı müxtəlif şərbətlər idi. O, festival iştirakçılarına şərbətlərin faydalarını izah etdi. Bildirdi ki, gül şərbəti qaraciyər üçün çox faydalıdır. Limon şərbəti isə ürəkbulanmasının, susuzluq hallarının aradan qaldırılması üçün olduqca əhəmiyyətlidir.
Yuxarıda da qeyd etdiyimiz kimi, festivalın keçirilməsi muxtar respublikamızın turizm məkanlarını və turizm potensialını tanıtmaq baxımından da böyük əhəmiyyətə malikdir. Elə bunu şəhərimizin əcnəbi qonaqları ilə söhbətimdə də hiss etdim. Cəmilə Tuli deyir:
– Mən İran İslam Respublikasının Tehran şəhərindənəm. Naxçıvana ilk dəfədir, gəlirəm. Dünəndən festivalda iştirak edirik. Burada videoçəkilişlər apardıq. İstəyirəm ki, burada gördüklərimizi orada qohumlarımıza, tanışlarımıza göstərək. Çünki, həqiqətən, Naxçıvanda gördüklərimiz bizi çox heyrətləndirdi. Naxçıvanın zəngin ənənələri var. Mənə ən çox təsir bağışlayan isə sağlamlıq imkanları məhdud insanların əl işlərinin sərgisinin təşkil olunmasıdır. Burada belə insanlara qayğı bizi çox duyğulandırdı.
Qaliblərin mükafatlandırılması mərasimində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirdi ki, muxtar respublikamızda həm milli dəyərlərimizin qorunmasına, istedadlı insanların üzə çıxarılmasına və tanıdılmasına, həm də turizm potensialının təbliğinə böyük dəstək göstərilir. Təsadüfi deyil ki, “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamı imzalanmış, 2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan edilmişdir. “Milli dəyərlər ili” çərçivəsində beynəlxalq rəsm, folklor, muğam və xalq teatrları festivalları, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, istedadlı qadınların sərgi-satışları təşkil olunmuşdur. Bu dövrdə Ali Məclis Sədrinin qayğısı ilə “Naxçıvan milli geyimləri”, “Naxçıvan tikmələri”, “Naxçıvan mətbəxi”, “Naxçıvan xalçaçıları”, “Müasir Naxçıvan sənətkarları” kitabları, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı yüksək tərtibatla çap edilmişdir. Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin yaxşılaşdırılması, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkili məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilmiş, ötən ilin noyabrında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisi keçirilmişdir.
Vurğulanmışdır ki, cari ilin mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə regionumuzun turizm obyektlərinin tanıdılması da qarşıya vəzifə olaraq qoyulmuşdur. Bu mənada, may ayının 5-6-da keçirilən “Yaradıcı əllər” festivalı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin tanıdılmasında böyük əhəmiyyət kəsb edir.
Ramilə Seyidova turizmin inkişafına, milli dəyərlərimizin və milli mətbəximizin təbliğinə yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə təşkilatçılar və festival iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını ifadə etmişdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxışında qeyd etmişdir ki, yaradılan şəraitin nəticəsində muxtar respublikada istedadlı rəssamların sayı ildən-ilə artmış, onların əl işlərindən ibarət sərgilərin təşkili ənənə halını almışdır. Bugünkü festivalda nümayiş etdirilən rəsm əsərlərinin müəllifləri yaradılan şəraitdən bəhrələnərək bundan sonra da öz əsərlərində Naxçıvanın qədim tarixini və müasir inkişafını tərənnüm edəcəklər.
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə bildirmişdir ki, yurdumuzun hər bir regionunun öz adət-ənənələri olduğu kimi, Naxçıvanın da özünəməxsus ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti vardır. Burada süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılmışdır. Naxçıvan mətbəxinin zəngin mənzərəsi muxtar respublikamızda kulinariya turizminin inkişafı üçün də gözəl zəmin yaradır.
Mərasimdə məlumat verilmişdir ki, “Əl işləri” müsabiqəsinə 80 istedadlı qadın və sənətkarların 410 adda dekorativ, toxuma, tikmə, ağac üzərində oyma və yandırma, mis üzərində döymə, rəsm əsərləri, “Milli yeməklər” müsabiqəsinə 11 müəssisənin onlarla çeşiddə milli yeməkləri, “Şirniyyatlar” müsabiqəsinə 85 nəfər qadın tərəfindən 205 çeşiddə, 12 şirniyyat müəssisəsinin 82 çeşiddə yüzlərlə şirniyyat nümunəsi təqdim olunmuşdur.
Müsabiqə qaliblərinə (8 nəfər I yer, 8 nəfər II yer, 8 nəfər III yer) təşkilatçılar tərəfindən diplom və hədiyyələr verilmişdir.
“Əl işləri” müsabiqəsi üzrə birinci yerin qalibi olmuş Fizzə Quliyevanın təəssüratlarını öyrəndik:
– Sevincimin həddi-hüdudu yoxdur. Bu gün burada mənim əl işlərimə yüksək qiymət verildi. Muxtar respublikada xalq yaradıcılıq sənətinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, adət-ənənələrin yaşadılmasında az da olsa, mənim də əməyimin olması qürurvericidir. Mən festivalda müxtəlif rəsm əsərləri ilə iştirak etdim. Belə tədbirlər biz yaradıcı insanları daha yaxşı işləməyə ruhlandırır.
“Şirniyyat” müsabiqəsi üzrə birinci yerin sahibi Sona İmaməliyeva:
– Əvvəllər hazırladığımız şirniyyatları üzə çıxarmaqda çətinliklər çəkirdik. Lakin bu gün Naxçıvanda istedadlar üzə çıxarılır, el sənətkarlarının fəaliyyətinə böyük dəstək verilir, onların əl işlərindən ibarət sərgilər təşkil olunur, xalq yaradıcı­lığı sahələri ilə məşğul olan insanlara hərtərəfli qayğı göstərilir. Bu isə bizi daha da səylə çalışmağa, Naxçıvan mətbəxinə yeni həyat verməyə ruhlandırır.
Beləliklə, “Yaradıcı əllər” festivalı iştirakçıların yüksək təəssüratı ilə başa çatdı. 

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR