23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının qərarına əsasən, 1978-ci ildən başlayaraq dünya ölkələri mayın 18-ni Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Dünyanın 150-dən çox ölkə­sində bu günün keçirilməsində əsas məqsəd xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək göstərmək, hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irsə və tarixi keçmişə yönəltməkdir.
Vurğulanıb ki, ölkəmizdə bu sahənin inkişafı, muzeylər şəbəkəsinin yaradılması ümummilli liderimiz Heydər ­Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyev həmişə muzeylərə böyük önəm verir, bu sahəyə diqqət və qayğı göstərirdi.

“Bu gün doğma Azərbaycanımızda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır, məqsədyönlü layihələr həyata keçirilir. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir”, – deyən nazir Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində görülən işlərdən də söhbət açıb. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublikamızda yeni muzeylər yaradılıb, fəaliyyətdə olan muzeylər müasir tələblər əsasında qurulub və yeni eksponatlarla zənginləşdirilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivlərinin muzeylərə gedişi təşkil edilib. Eyni zamanda muzeylərimizdə açıq dərslər keçilir, təhsil müəssisələri ilə muzeylər arasında interaktiv əlaqələr yaradılır, virtual təhsil mühitinin formalaşdırılması və elektron təhsilin tətbiqinin genişləndirilməsi üçün tədbirlər görülür.
Nazir çıxışının sonunda qeyd edib ki, muzey işçilərinin Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, digər dövlət təltiflərinə layiq görülmələri onların əməyinə verilən yüksək qiymətin ifadəsidir.
Sonra Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməm­məd­ovanın “Xalçaçılıq sənəti yaşadılır”, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə IV kurs tələbəsi Nərmin Orucovanın “Mədəni irsimizin təbliğində gənclərin rolu” mövzularında çıxışları olub.
Tədbirdə il ərzində fərqlənən muzey əməkdaşlarından bir qrupu nazirliyin fəxri fərmanı ilə təltif edilib.
Sonda muzeyin ekspozisiyasına baxış olub.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR