23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəssam Səkinə Qarayevanın fərdi sərgisi açılıb. Sərgidə rəssamın 52 əsəri nümayiş etdirilir. Onlardan 9-u rəsm əsəri, 3-ü dəmir üzərində döymə, digərləri isə dekorativ-tətbiqi sənət nümunələridir.
Fərdi sərginin açılış mərasimində Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva vurğulayıb ki, muxtar respublikada yaradılan əlverişli şərait nəticəsində istedadlı rəssamların sayı ildən-ilə artır, onların fəaliyyəti daha da genişlənir, məktəblilərin və gənc istedadların yaradıcılıq nümunələrindən ibarət sərgilər, eyni zamanda rəssamlarımızın fərdi sərgiləri təşkil olunur.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri deyib ki, bu gün qədim diyarımızın sürətli sosial-iqtisadi inkişafına paralel olaraq ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, o cümlədən muxtar respublikanın Rəssamlar Birliyini də əhatə edib. Naxçıvanda mədəniyyət və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərilir. Onların yubileyləri qeyd edilir, fərdi sərgiləri təşkil olunur. İstedadlı rəssam Səkinə Qarayevanın fərdi sərgisinin təşkil edilməsi də bu tədbirlərin davamıdır.
Ülviyyə Həmzəyeva qeyd edib ki, hər bir istedadlı rəssamın yaratdığı rəsm əsəri, eyni zamanda onun geniş mənəvi dünyasını və intellektini əks etdirir. Bu mənada, Səkinə Qarayevanın rəsm əsərləri, dəmir üzərində döymələr, digər dekorativ-tətbiqi sənət nümunələri professionallığını göstərməklə yanaşı, xalq yaradıcılığının nümunələri kimi də diqqəti cəlb edir.
Qeyd olunub ki, rəssam öz fəaliyyətində xalq yaradıcılığına xüsusi əhəmiyyət verir. Məhz buna görə də xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətinə görə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib.
Ülviyyə Həmzəyeva Səkinə Qarayevanı fərdi sərgisinin açılışı münasibətilə təbrik edib, rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, bu gün muxtar respublika qadınları dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, sosial-iqtisadi, elmi və mədəni inkişafa öz töhfələrini verirlər. Xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşadan qadınlara da xüsusi diqqət göstərilir. Bu gün Səkinə Qarayevanın fərdi sərgisinin keçirilməsi də yaradıcı qadınlarımıza göstərilən diqqət və qayğının növbəti nümunəsidir. Ramilə Seyidova rəssamı təbrik edib, ona uğurlar arzulayıb.
Sonra Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzinin direktor əvəzi İsmayıl Qəhrəmanov, rəssam Səməd Məmmədov çıxış edərək Səkinə Qarayevanın yaradıcılıq uğurlarından danışıblar.
Sonda sərgiyə baxış olub.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR