Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş muxtar respublika uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsinin I turu başa çatıb.
Məlumat üçün bildirək ki, aprelin 18-də start verilən müsabiqənin I turunda muxtar respublikanın bütün uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərindən müxtəlif ixtisaslar üzrə 156 şagird iştirak edib. Həmçinin bu məktəblərin xalq çalğı alətləri, nəfəs alətləri orkestrləri, skripkaçalanlar ansamblları və xor olmaqla, 32 kollektiv də müsabiqənin II turuna keçmək uğrunda mübarizə aparıb.
Müsabiqənin I turunda fərqlənənlər II tura keçmək hüququ qazanıblar. Naxçıvan Dövlət Filarmoniyasının zalında başlanan II turda seçiləcək qaliblər və fərqlənənlər diplom və fəxri fərmanlarla təltif olunacaqlar.
Qeyd edək ki, II tur aprel ayının sonunadək davam edəcəkdir. Fərqlənənlər may ayının əvvəlində müsabiqənin yekun konsertində iştirak etmək hüququ qazanacaqlar.
Əli RZAYEV