Bəşər mədəniyyətinə mühüm töhfələr vermiş ulu Naxçıvanımızın yetirdiyi görkəmli ziyalılar sırasında Eynəli bəy Sultanovun da diqqətəlayiq mövqeyi vardır. O, çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə xalqımızın ədəbi-mədəni tərəqqisinə layiqli xidmət göstərmişdir. “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 fevral 2016-cı il tarixli Sərəncamında qeyd olunduğu kimi: “Publisistika sahəsində səmərəli fəaliyyət göstərən Eynəli bəy Sultanov bədii yaradıcılıqla da məşğul olmuş, ictimai fikrə və maarifçi mühitə təsir göstərən hekayə və dram əsərləri, şeirlər yazmış, tərcümələr etmişdir”.
On doqquzuncu əsrin sonları, iyirminci əsrin ilk onilliklərində bədii ədəbiyyat və publisistika sahəsində öz fəallığı ilə seçilən, rus və Azərbaycan dillərində müxtəlif səpkili əsərlərini mətbuatda dərc etdirən ədib onları kitablarda toplayıb oxuculara çatdırmağa o qədər də həvəs göstərməmiş, daha doğrusu, bu məsələdə təvazökar mövqe tutmuşdur. Zəngin və çoxcəhətli yaradıcılığa malik Eynəli bəyin sağlığında cəmi iki bədii kitabı çap olunmuşdur. Rus dilində yazdığı “Tatarka” (“Azərbaycan qızı”) pyesi 1904-cü ildə İrəvanda kitab şəklində nəşr edilmiş, 1926-cı ildə isə Tiflisdə “Seyidlər” kitabı oxuculara çatdırılmışdır. Bəzi mənbələrdə “Seyidlər” hekayələr toplusu kimi xatırladılsa da, əslində, belə deyil. Eynəli bəyin 90 il əvvəl, 1926-cı ildə çap edilmiş “Seyidlər” kitabına yalnız eyniadlı hekayə daxildir.
Qeyd edək ki, Eynəli bəy bir sıra əsərlərini rusca yazsa da, böyük məhəbbət bəslədiyi doğma dilimizin incəliklərinə dərindən bələd idi və onun saflığının, təmizliyinin qorunmasını vacib sayırdı. Xüsusən 1920-30-cu illərdəki yazılarında bu cəhət daha qabarıqdır. Məsələn, E.Sultanov 1924-cü ildə dərc olunmuş bir məqaləsində sadə danışıq dilində, hamının anlayacağı şəkildə yazmağın zəruriliyini vurğulayaraq fikrini belə əsaslandırmışdı: “Evimizdə arvad-uşaqlarımızla, çöldə kəndlilərlə, fabrik-zavodlarda əmələlərlə və hətta bazarda alış-verişlə bir dildə danışdığımız halda, biz gərək qəzetəyə bir məqalə yazanda başqa dildə yazaq. Ayə, bu gülünc iş deyilmi? Demirəm ki, ərəb-fars kəlmələrini tamamilə dilimizin içindən çıxarıb ataq. O, mümkün deyil. Amma bacardıqca gərək elə yazaq və öz dilimizdə olan sözün əvəzinə heç bir yad söz işlətməyək ki, oxuyanların hamısı yazdıqlarımızı başa düşsün”.
E.Sultanovun doğma dildə yazdığı əsərlərin, o cümlədən “Seyidlər” hekayəsinin dili məhz bu tələblərə cavab verirdi. Hekayə o zaman böyük maraqla qarşılanmışdı. Bunun bir səbəbi dilinin sadəliyi, canlı danışıq dilinə yaxınlığı, üslubunun aydınlığı, dolğunluğu ilə əlaqədar idisə, digər səbəbi də seçilmiş mövzunun emosionallığı, təsirli tərzdə təqdimi ilə bağlı idi.
Hekayədə tanımadığı iki seyidi qonaq saxlayıb nişanlı oğlu Şirməmmədi ertəsi gün onlarla birlikdə şəhərə göndərən kəndli Nurullanın və həyat yoldaşı Gülsümün faciəsi təsirli şəkildə təsvir edilib. Bəlli olur ki, tamahkar seyidlər toy parçası almağa gedən gənc oğlanı öldürüb pulunu aparmışlar. Qatillər cəzasına çatsalar da, valideynlərin qəlbinə çəkilən dağ sağalmır...
Apardığımız tədqiqat E.Sultanovun “Seyidlər” kitabının nəşri və ədəbi mühitdə əks-sədası barədə bir sıra maraqlı məqamlara işıq salır. 22 səhifəlik həmin kitab oxuculara aşağıdakı kimi təqdim olunmuşdu:
Eynəli Sultanov. Seyidlər.
Yoldaş Rzaqulu Nəcəfovun müqəddiməsilə, köhnə yaşayışdan alınmış hekayədir.
Zaqafqaziya türk ölkə qəzeti “Yeni fikir”in nəşriyyatı, Tiflis – 1926.
Məşhur satirik şairimiz Əliqulu Qəmküsarın qardaşı olan Rzaqulu Nəcəfov tanınmış publisist kimi həmin vaxt “Yeni fikir” qəzetinin nəşrinə rəhbərlik edənlərdən biri idi. Onun E.Sultanovun “Seyidlər” kitabına yazdığı “Bir neçə söz” adlı müqəddimə ilə tanışlıq bir sıra mətləbləri aydınlaşdırır. Hər şeydən öncə, R.Nəcəfov Azərbaycan ədəbiyyatının o dövrdəki ümumi mənzərəsinə nəzər salmış, poeziya və dramaturgiya ilə müqayisədə həyatı geniş epik lövhələrlə əks etdirən bədii nəsrin inkişafında geriliyin olması qənaətinə gəlmişdi: “Böyük bir tarixə malik Azərbaycan ədəbiyyatının hal-hazırdakı halını tədqiq etsək, görərik ki, ədəbiyyatın ən mühüm qismini təşkil edən hekayə və romannəvislik bizim içimizdə yox kimidir. Şeir və mənzum parçalar yazmağa nə qədər həvəs varsa, həyat və məişətimizdən götürülmüş, həqiqi diriliyimizi təsvir edərək bütün və mükəmməl “tip”lər yaratmış mənsur əsərlər, hekayə və romanlar yazmağa, məəttəəssüf, rəğbət müşahidə olunmayır”.
“Bir neçə söz”dən öyrənirik ki, Azərbaycan yazıçılarını oxucuların maraqla qarşılayacağı yeni nəsr əsərləri yazmağa həvəsləndirmək məqsədi ilə “Yeni fikir”çilər hekayə müsabiqəsi keçirməyi qərara almışdılar. Müsabiqəyə bir sıra dəyərli hekayələr təqdim edilmişdi ki, onlardan biri də Eynəli bəyin “Seyidlər” əsəri idi.
“Yeni fikir” qəzeti nəşriyyatı müsabiqədə bəyənilən hekayələri ayrı-ayrı kitabçalar şəklində nəşr edib oxuculara çatdırmağı qərara almışdı ki, bu sırada, ilk növbədə, Eynəli bəy Sultanovun “Seyidlər” əsəri çapdan buraxılmışdı. Eynəli bəyin hekayəsinə yüksək qiymət verən R.Nəcəfov onun dil sadəliyini, ən müxtəlif oxucu təbəqələri üçün anlaşıqlı olmasını xüsusi vurğulamışdır: “Oxucuların nəzər-diqqətinə təqdim etdiyimiz bu balaca əsər sadə və yarımsavadlı kəndli üçün belə anlaşılan tərzdə yazılmış bir hekayədir ki, nəşrini təhti-qərara aldığımız hekayə seriyasının birincisini təşkil edir. Bu kimi hekayələr buraxmağa şüru edərək öhdəmizə düşən vəzifəni kamilən ifa üçün oxucuların rəğbətinə və yazıçılarımızın himmət və yardımına möhtac olduğumuzu dəxi unutmayırıq”.
“Seyidlər” hekayəsi ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmış, mətbuatda və müzakirələrdə müsbət rəylər bildirilmişdi. Kitabın nəşrinə ilk münasibət də məhz “Yeni fikir” qəzeti səhifələrində ortaya çıxmışdı. Tənqidçi Əziz Şərif qəzetin 31 yanvar 1926-cı il tarixli 1004-cü sayında “Biblioqrafiya” rubrikasında “Seyidlər” adlı resenziya dərc etdirmişdir.Yazının əvvəlində E.Sultanovun 22 səhifəlik bu kitabının “Yeni fikir” qəzetəsinin birinci nəşri” olması, abunəçilərə hədiyyə kimi göndərilməsi, həmçinin ədəbi mühitə faydalı təsir göstərəcəyi nəzərə çatdırılmışdır: “Yeni fikir” qəzetəsi tərəfindən nəşr edilərək abunəçilərə hədiyyə göndərilən bu balaca kitabça türk ədəbiyyatının indiki halı nəzərə alınarsa, heç də səmərəsiz keçməyəcək. Və indiki halda türk mətbuatında və ədəbiyyatında qələm vuranlar üçün təsirsiz qalmayacaqdır”.
Bundan sonra Əziz Şərif “Seyidlər” hekayəsinin dilinin sadəliyinə xüsusi önəm vermiş, bu cəhətdən onu Molla Nəsrəddinin (Mirzə Cəlilin) əsərlərinə yaxın saymış, “süni türk dilində”, yəni qəliz alınmalarla ağırlaşdırılmış tərzdə yazılan nümunələrə qarşı qoymuşdur. E.Sultanovun hekayəsindəki anlaşıqlı, sadə üslubu yüksək qiymətləndirən Ə.Şərif fikrini belə ümumiləşdirmişdir: “Seyidlər” kitabçasını yazan yazıçı oxucularını nəzərə alıbdır və bunu oxucunun dilində yazıbdır. Bunun özü təklikdə elə böyük başlayış, elə böyük təşəbbüsdür ki, biz bunu qeyd etməmiş keçə bilmərik”.
Bunun ardınca isə Ə.Şərif qənaətlərinin təsdiqi üçün hekayədən bir neçə cümlə nümunə gətirmişdir: “Kitabçadan bir neçə parça götürək: “Gün qara təpəyə sancılan kimi Şirməmməd də öküzlər qabağında öz qapılarında hazır olardı”. “Ay ana, havaxtadək sən məni bəbə hesab eləyəcəksən? Bir hovur evə gec gəlib çıxanda nigaran olacaqsan?” “Çəkmə buğlanıb, ətri ilə damı doldurmuşdu. Ağ lavaşlar da sufrada sərilib, adamın üzünə gülürdü”.
Resenziyanın sonunda Ə.Şərif yazıçı E.Sultanovun kitabına Rzaqulu Nəcəfovun yazdığı müqəddimədə irəli sürülən fikirlərə tərəfdar çıxmış, “Seyidlər”in üstün məziyyətlərini bir daha vurğulamış və onun yolunun davam etdirilməsini vacib saymış, oxucuları bu maraqlı hekayəni oxumağa çağırmışdır: “Doğrudan da, Eynəli Sultanov yoldaş tərəfindən yazılan “Seyidlər” kitabçası çox gözəldir. Bizim kəndlərimizin bir neçə il bundan qabaq sürdüyü həyatının bir xırda parçasını göstərir. Biz istərdik ki, bu cür kitabçalar ədəbiyyatımızı doldurub sel kimi daşsın və ədəbiyyatımızdakı bulanıq cərəyanı yusun, aparsın... Kitabçanı nəşr edən “Yeni fikir” düz yola düşmüşdür. Biz istərdik ki, xalq qəzetəsi olan “Yeni fikir” bu yolda möhkəm dursun və gələcək nəşrlərini bu dildə meydana çıxarsın. Bu kitabça ilə aşina olmağı oxucularımıza çox məsləhət görürük”.
Bütün bu müsbət cəhətlərlə yanaşı, elmi obyektivlik naminə onu da deyək ki, Əziz Şərifin məqaləsində bəzi ifratçılıq halları da nəzərə çarpır. Belə ki, o, Eynəli bəyin hekayəsinin anlaşıqlı olmasından danışarkən həmin dövr ədəbiyyatımızdakı dil sadəliyi məsələsini yalnız Mirzə Cəlilin əsərləri ilə məhdudlaşdırmaqla digər ədiblərə birtərəfli yanaşma nümayiş etdirmişdi. Və elə bu məqam da “Yeni fikir”in əməkdaşlarından olan tənqidçi-publisist Ələkbər Qərib Naxçıvanlının müəyyən narazılığına səbəb olmuşdu. Belə ki, Ələkbər Qərib “Yeni fikir” qəzetinin 2 fevral 1926-cı il tarixli 1005-ci sayında verilmiş “Tənqid və tənqidçilərimiz” adlı məqaləsində bir sıra digər mətləblərlə bərabər, Ə. Şərifin müəyyən birtərəfli mövqeyinə etiraz etmişdi. Ə.Qərib ədəbi dil məsələsinə də toxunmuş, Əziz Şərifin Eynəli bəy Sultanovun “Seyidlər” hekayəsinin dilindəki sadəliyi təqdir etməsini, obrazların nitqindəki təbiiliyi bəyəndiyini bildirmiş, amma onu da vurğulamışdı ki, ədəbi dil yalnız danışıq dilinin hüdudlarına qapanıb qalmamalı, daima inkişaf etməli, zənginləşməlidir.
İki gün sonra “Yeni fikir”in 4 fevral 1926-cı il tarixli sayında dərc olunmuş qeydlərində Əziz Şərif öz fikirlərini bir daha şərh etmişdir. Maraqlıdır ki, Ə.Qəriblə Ə.Şərifin polemikasına bir neçə gün sonra “Yeni fikir”in rəhbərlərindən tanınmış publisist Rzaqulu Nəcəfov da qoşularaq məsələlərə aydınlıq gətirməyə çalışmışdır. R.Nəcəfov qəzetin 8 fevral, 11 fevral və 14 fevral tarixli saylarında dərc olunmuş “Tənqidçilərimiz, dilimiz və ədəbiyyatımız” adlı silsilə məqalələrində Ə.Qəribin və Ə.Şərifin toxunduqları problemlərə, o cümlədən E.Sultanovun “Seyidlər” hekayəsinin dilinə hərtərəfli münasibət bildirmiş, onların yanaşmalarını obyektiv mövqedən dəyərləndirmişdir. Tədqiqat göstərir ki, E.Sultanovun “Seyidlər” əsərinin dili ətrafında başlanan bu maraqlı elmi-ədəbi müzakirənin əks-sədası “Molla Nəsrəddin” jurnalı səhifələrinə də gedib çıxmışdır. Jurnalın 1926-cı ilin fevralında çıxmış 7-ci sayında “Yazıçı” imzasıyla verilmiş “Bir az da özümüzdən” adlı felyetonda “Yeni fikir”dəki ədəbi polemikaya münasibət bildirilmişdir.
Tiflisdə nəşr olunmuş “Seyidlər” kitabçası Bakıda da ədəbi ictimaiyyətin diqqətini çəkmişdi. Tanınmış ədəbiyyatşünas Abbas Zamanovun bir qeydi də bundan soraq verir. Görkəmli alim xatırlayırdı ki,1927-ci ilin qışında Bakıda “Kommunist” qəzetinin klubunda müasir hekayənin vəziyyəti və vəzifələrinə həsr olunmuş ədəbi məclisdə məruzə edən məşhur tənqidçi Seyid Hüseyn “E.Sultanovun yaradıcılığı üzərində xeyli dayandı, onun “Seyidlər” və “Acı macəra” əsərlərini dövrün yaxşı hekayələri sırasına daxil etdi” .
Deyilənlər göstərir ki, Eynəli bəy Sultanovun 1926-cı ildə Tiflisdə nəşr edilən “Seyidlər” kitabı nəsrimizin ciddi uğuru kimi yüksək dəyərləndirilmişdir.
Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru