Mayın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsində “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə həyatının bütün sahələri kimi, mədəniyyət sahəsində də əsl intibaha nail olunub. Ulu öndər tərəfindən əsası qoyulan mədəniyyətə qayğı və mədəni inkişaf siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə məqsədyönlü tədbirlər görülüb, tarixi-mədəniyyət abidələri bərpa olunub və ya yenidən qurulub, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilib.
Qeyd olunub ki, rəssamların fərdi sərgilərinin açılması, Azərbaycan boyakarlıq sənətinin nümayəndələrinin albom-kataloqlarının hazırlanıb nəşr etdirilməsi Naxçıvan Muxtar Respublikasında təsviri sənətin səviyyəsini, yaradıcılıq axtarışlarının istiqamətlərini müəyyənləşdirən mühüm amillərdir.
Vurğulanıb ki, “Naxçıvan–bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı da Naxçıvanın tarix və mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Ülviyyə Həmzəyeva tədbir iştirakçıları adından festivalın keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsləşən gözəl mədəniyyət və sənət bayramı olduğunu deyib. Qeyd edib ki, Naxçıvanda istedadlı rəssamların sərgilərinin keçirilməsi ənənə halını alıb.
“Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra muxtar respublikanın musiqi kollektivlərinin çıxışları olub.
Sonra festivalın yaradıcılıq hissəsinə start verilib. Festivalda 7 ölkədən 52 iştirakçı var. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvləri, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri tanınmış rəssamların iş proseslərini izləyiblər. Rəssamlar sehrli fırçaların, rənglərin dili ilə düşüncələrini ifadə etməyə nail oldular. Naxçıvanın simvoluna çevrilən Haçadağ, Əlincəqala rəssam təxəyyülünə məxsus çalarlarla iştirakçıların qəlbinə yol tapdı.
Bu gün Heydər Əliyev Sarayında festivalda iştirak edən rəssamların çəkdikləri əsərlərdən ibarət sərgi təşkil olunacaqdır.
Sara Əzimova