23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda bu kateqoriyadan olan uşaqların istedadlarının aşkara çıxarılması və onların asudə vaxtının səmərəli təşkili üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İl ərzində bu istiqamətdə müxtəlif tədbirlər keçirilib.
Həmin tədbirlərin davamı kimi dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Teatrında məhdud fiziki imkanlı uşaqlar üçün “Meşə çaqqalsız olmaz” tamaşası nümayiş etdirilib.

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hazır­lanan, yazıçı Əli Səmədovun əsəri əsasında nümayiş etdirilən tamaşada alleqorik şəkildə ədalət, həqiqət uğrunda mübarizə əks etdirilir. Tamaşanın rejissorları Tofiq Seyidov və Nurbəniz Niftəliyevadır. Səhnə əsərində Nurgül Müslümova (Tülkü), Murad Namazov (Çaqqal), Cəfər Cəfərov (Dovşan), Məftun Bağırov (Kirpi), Məmməd Hüseynov (Dələ), Nicat Namazov (Ayı), İlkin Novruzov (Ağacdələn), Mais Hacıyev (Arı) maraqlı alleqorik surətlərin dili ilə günümüzlə səsləşən hadisələri canlandırıblar.
Məlumat üçün bildirək ki, tamaşada bütün rolları məhdud fiziki imkanlı uşaqlar ifa ediblər.
Sonda tamaşanın balaca aktyorlarına maraqlı ifalarına görə hədiyyələr təqdim edilib.

Əli Rzayev

*     *     *

Naxçıvan Dövlət Uşaq Teatrı bu günə qədər 20-yə yaxın səhnə əsərini uşaqlara təqdim edib, onların rəğbətini qazanıb. 10 yaşlı mədəniyyət müəssisəsi yeni tamaşa ilə balacaların
 görüşünə gəlib. Belə ki, teatrın kollektivi Abdulla Şaiqin “Danışan kukla” əsərini səhnələşdirib.
Dünən həmin tamaşa dərslərini əla oxuyan və aztəminatlı ailələrin uşaqlarına göstərilib. Uşaqların dostluq və mehribanlığından bəhs edən səhnə əsərində bu gözəl duyğulara valideynlərin laqeyd münasibəti tənqid edilir.
Tamaşanın quruluşçu rejissoru Nurbəniz Niftəliyevadır. Səhnə əsərində peşəkar aktyorlarla yanaşı, orta məktəblərin şagirdləri və ali təhsil ocaqlarının tələbələri də rol alıblar. Onlardan Mehri Nəbiyeva, Suat Əhmədov, Turac Hacızadə, Uğur Nəsirli, Vəli Babayev, Nurlan Sultanlı, Ülviyyə Şirinova, Aysu Qurbanova və başqalarının oynadıqları rollar uğurlu alınıb.
Tamaşa maraqlı tərtibatı və şən musiqisi ilə balacalar tərəfindən maraqla qarşılanıb.

Sara Əzimova

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR