Müsahibimiz studiyanın rəhbəri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovadır
Bu gün muxtar respublikamızda teatr və incəsənət sahələri üzrə ixtisaslı kadrların hazırlanması işinə xüsusi əhəmiyyət verilir. 2001-ci ildə Naxçıvan Dövlət Universitetində Teatr və mədəniyyətşünaslıq kafedrasının, 2011-ci ildə isə Aktyor sənəti ixtisasının fəaliyyətə başlaması muxtar respublikamızda ixtisaslı aktyor kadrlarına olan tələbatın ödənilməsi probleminin həll edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu işdə ali teatr məktəbləri ilə yanaşı, universitetlərdə yaradılan studiyalar da əhəmiyyətli rol oynayır. Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Tələbə Teatr Studiyası buna nümunə sayıla bilər.
Studiya universitetin mədəni həyatının tərkib hissəsinə, çoxminli kollektivin mənəvi-estetik ehtiyaclarının ödənilməsi işinə xidmət edən mədəniyyət ocağına çevrilmişdir. Aktyorluq ixtisası ilə yanaşı, müxtəlif ixtisaslarda təhsil alan tələbələri öz ətrafına toplayan bu studiya hazırladığı tamaşalarla nəinki universitetin müəllim və tələbə heyətinin rəğbətini qazanmış, həmçinin muxtar respublikadan kənarda, qonşu ölkələrdə də uğurlar əldə etmişdir. Həmin kollektivin fəaliyyəti barədə oxucularımıza ətraflı məlumat vermək üçün Naxçıvan Dövlət Universitetinin Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, studiyanın rəhbəri Gülxarə Əhmədova ilə həmsöhbət olduq:
– Gülxarə xanım, studiya hansı tamaşa ilə fəaliyyətə başlayıb?
– Studiya 1999-cu ildən fəaliyyət göstərir. İlk tamaşamız “Kitabi-Dədə Qorqud” dastanlarının motivləri əsasında, tanınmış alim, dramaturq Kamal Abdullanın “Beyrəyin taleyi” əsəri əsasında hazırlanmış “Beyrəyin andı” tamaşası olmuşdur. Tamaşa ilk dəfə olaraq 1999-cu il may ayının 29-da Naxçıvan Dövlət Universitetinin səhnəsində tamaşaçılara təqdim edilmişdir. O zaman tanınmış sənətşünaslar tamaşa haqqında xoş sözlər söyləmişlər. Həmin ilin iyul ayında Türkiyə Cümhuriyyətinə dəvət olunmuş kollektiv Bayburt şəhərində uluslararası “Dədə Qorqud – 1300” mədəniyyət və sənət festivalında “Beyrəyin andı” tamaşasını uğurla nümayiş etdirmiş, festivalın xüsusi diplomuna layiq görülmüşdür.
– Bəs studiya indiyə kimi hansı tamaşaları hazırlamışdır?Tamaşa seçilərkən daha çox nələrə üstünlük verilir?
– Tələbə Teatr Studiyası bu illər ərzində bir çox tamaşalar hazırlamışdır. Belə ki, studiya “Beyrəyin andı” (1999), türk yazıçısı Turan Oflazoğlunun “Atatürk” (2000), Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (2001), “Ölülər” (2004), “Poçt qutusu” (2005), “Danabaş kəndinin məktəbi” (2006), Həmid Arzulunun “Qaçaq Quşdan” əsəri əsasında səhnələşdirilmiş “Milaxda həyəcan” (2005), Nazim Hikmətin “Qəribə adam” (2012), Esxilin “Zəncirlənmiş Prometey”( 2013), Adil Babayevin “Sarı gəlin” (2014), Elnur Rzayevin “Boz” (2015) tamaşalarını hazırlayıb tamaşaçılara təqdim etmişdir. Studiya bu tamaşaları muxtar respublikanın rayonlarında, Bakıda, o cümlədən Türkiyə Cümhuriyyətinin onlarla universitetində uğurla nümayiş etdirmişdir. Vətənpərvərlik, ədalətlilik, prinsipiallıq, ideal liderlik, yüksək keyfiyyətlərə malik şəxsiyyət, mənəvi dəyərlərə, milli və ümumbəşəri xarakterə sahib olan obrazların olduğu tamaşalara üstünlük veririk. Çünki belə obrazlar müstəqil dövlətçilik ənənələrinə sadiq olan yeni nəslin estetik zövqünün və düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır.
Tamaşalarda müstəqillik uğrunda mübarizə, xalq və rəhbər, millət və lider birliyinin gücü, təntənəsi, dilimizi, milli mənliyimizi qorumağa çağırış öz əksini tapmışdır. Teatr insanlığı mənəvi aşılanmaya qarşı mübarizəyə ruhən, mənən həmişə hazır olmağa çağıran bir tribunadır. Türk dünyasının böyük şairi Nazim Hikmət də bu tribunadan xalqa mənəviyyatsızlığa, pul və ucuz şöhrət düşkünlüyünə susamışların qarşısına çıxan “Qəribə adam”ın dili ilə müraciət edir və insanları inandırırdı ki, məhz mənəvi olan insanın ən ali, uca, təmiz keyfiyyətləridir. Bu tamaşada tələbələr üzərlərinə düşən vəzifəni bacarıqla yerinə yetirmişlər.
Studiyanın 2013-cü ildə hazırladığı antik dövrün faciə ustası Esxilin “Zəncirlənmiş Prometey” tamaşası yaradıcı qüvvələrin azadlıq və həqiqət uğrunda min illər boyu çarpışmalarının tərənnümünə həsr edilmişdir. Bu tamaşada rejissor bütün səhnə imkanlarından istifadə edərək canlı musiqili xor yaratmağa da nail olmuşdur. Bu tamaşa studiyanın digər tamaşalarından fərqli olaraq dünya teatr təcrübəsində olduğu kimi xor ifaçıları və canlı musiqisi ilə seçilmiş, teatrsevərlər tərəfindən studiyanın yeni nailiyyəti kimi qiymətləndirilmişdir.
Adil Babayevin “Sarı gəlin” pyesi Tələbə Teatr Studiyasının səhnəsində tələbə inşaat dəstəsinin həyatından bəhs edən, orada baş verən yenilikləri, irəliləyişi əks etdirən gözəl bir musiqili tamaşadır.
– Studiyanın fəaliyyətinə nəzər salanda repertuarında böyük yazıçı Cəlil Məmmədquluzadənin əsərlərinin üstünlük təşkil etdiyini görürük...
– Bildiyimiz kimi, 2006 və 2009-cu illərdə Cəlil Məmmədquluzadənin yubileyləri qeyd olunmuşdur. Studiya bu yubileylərə ədibin əsərlərindən tamaşa hazırlayaraq öz töhfəsini verməyə çalışmışdır. 2003-cü ildə hazırlanan “Anamın kitabı” əsəri ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. 2006-cı ildə “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi münasibətilə tələbələr yenidən bu əsərə müraciət etmişlər. Bu isə heç də təsadüfi deyil. Çünki müstəqil Azərbaycanın müasir ictimai-siyasi şəraitində vətənpərvərlik duyğularının yüksəldilməsində, Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin təbliğində “Anamın kitabı” kimi əsərlərin əvəzsiz rol oynadığı şəksizdir. Həmin il aprel ayının 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulan tamaşada tələbələrin çıxışları sənətsevərlər tərəfindən alqışlarla qarşılanmışdır. Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tələbələrin bu çıxışını yüksək qiymətləndirərək demişdir: “...Bəzən tamaşaçıya elə gəlir ki, “Anamın kitabı”nın bir mənası varsa, o da ana dilinin qorunmasından ibarətdir. Ancaq bu əsərə hər dəfə tamaşa etdikcə, oxuduqca orada mənaların nə qədər dərin olduğunun şahidi oluruq. Naxçıvan Dövlət Universitetinin tələbələrinin bu əsərə müraciəti onun ideyasının daha qabarıq şəkildə üzə çıxmasına kömək edir. Cəlil Məmmədquluzadə irsinə müraciət etmək Azərbaycançılıq ideyasına, Azərbaycana, doğma Vətənimizə müraciət etməkdir. Ona görə Cəlil Məmmədquluzadə irsinə bələd olan adam mütləq öz Vətəninə xeyirli insan olacaqdır. Bu mənada gənclərimizin bu mövzuya müraciət etməsi daha vacibdir. ...Siz bu yolun davamçılarını yetişdirmək üçün başladığınız yolu daha uğurla davam etdirməlisiniz. Qoy hər bir gəncimiz fikirdə Cəlil Məmmədquluzadə, əməldə Cəlil Məmmədquluzadə, işdə Cəlil Məmmədquluzadə olsun”. 2009-cu ildə Tələbə Teatr Studiyasının Cəlil Məmmədquluzadənin 140 illiyi münasibətilə görkəmli yazıçının dramaturgiyamızın nadir və bənzərsiz nümunəsi olan “Ölülər”əsərini tamaşaya hazırlaması gənclər tərəfindən Ali Məclis Sədrinin bu tövsiyəsinə ciddi əməl olunduğunu göstərir.
– Studiya gənc yazıçıların əsərlərinə müraciət edirmi? Gənc aktyor və aktrisalar barədə nə deyə bilərsiniz?
– Zaman, zamanın yaddaşı da, tələbi də nəsillərə örnəkdir. Bu günün teatr repertuarı da zamanın tələbinə görə təyin olunur. Bu mənada, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası öz fəaliyyətində yeni-yeni janrlara müraciət etməzsə, yeniləşə, inkişaf edə, tamaşaçı zövqünü oxşaya bilməz. Tələbələr tərəfindən studiyaya bir çox əsərlər təqdim edilir. Ötən il Tələbə Teatr Studiyası gənc istedadlı aktyor Elnur Rzayevin ssenarisi əsasında hazırlanan “Boz” əsərini tamaşaya hazırladı. Bu əsər ilə Tələbə Teatr Studiyası paytaxt Bakıda 2015-ci ilin aprel ayında keçirilən Gənclərin III Ümumrespublika Teatr Festivalında uğurla iştirak etmişdir. Bu il indiyə kimi hazırladığımız tamaşalardan səhnələr göstərməyi nəzərdə tutmuşuq.
Gənc aktyor və aktrisalara gəlincə studiyamızda istedadlı gənclər çoxluq təşkil edir. Onlardan Fidan Qasımova, Xalidə Məmişova, Cəlil Cavadov, Aysu Məmmədova, Elmi Hüseynquliyev, Rauf Gülməmmədov, Nurşən Həmzəyeva, Həsən Novruzov və başqalarının adlarını çəkə bilərəm. Heç şübhə yoxdur ki, Naxçıvan teatrı səhnəsində bu gənclər öz sözünü deyəcək və gələcəyin peşəkar aktyor və aktrisaları kimi yetişəcəklər.
– Müsahibə üçün sağ olun!
Sara Əzimova