23 Dekabr 2024, Bazar ertəsi

YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının qərarına əsasən 1978-ci ildən başlayaraq hər il mayın 18-i “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. 

Muzeylər xalqın milli özünəməxsusluğu, tarixi keçmişini təcəssüm etdirən, milli-mənəvi dəyərləri qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. Ölkəmizdə ilk dəfə 1896-cı ildə böyük yazıçı və dramaturqumuz Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmışdır. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli qərarı ilə Naxçıvanda Tarix-Etnoqrafiya Muzeyi yaradılmış, 1926-cı ildə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı şəxsi muzey dövlət mülkiyyətinə götürülmüşdür. 1925-ci ildə Naxçıvanda yaradılan “Naxçıvanı Tədqiq və Tətəbbö” Cəmiyyətinin bu muzeyin zənginləşdirilməsində xüsusi rolu olmuşdur.
Ölkəmizdə muzeylər şəbəkəsinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Ulu öndərimiz həmişə muzey işinə böyük önəm vermiş, Azərbaycana rəhbərliyinin birinci dövründə muzeylərin yaradılması sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Bunun nəticəsi idi ki, qısa zaman ərzində Azərbaycanın 50-dən çox rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlifprofilli muzey yaradılmışdır.

Dahi rəhbərimizin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə mədəniyyət sahəsi, o cümlədən muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. 2000-ci ildə qəbul edilən “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən etmiş və bunlarla bağlı münasibətləri tənzimləmişdir.
Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə uğurlu addımlar atılır, böyük layihələr həyata keçirilir. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” bu sahənin hüquqi bazasının formalaşdırılmasına, dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrin genişləndirilməsinə səbəb olmuşdur.
Bu gün Naxçıvan Muxtar Respublikasında da muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində son illər muxtar respublikada yeni muzeylər yaradılmış, muzeylər müasir tələblər əsasında qurulmuş və eksponatlarla zənginləşdirilmişdir. 2012-ci ildə Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə yenidən qurulmuş, 2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzeyi üçün bina istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərində daha bir muzey yaradılmışdır. 2014-cü ildə Şahbuz rayonundakı Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilmişdir. 2015-ci ildə isə Naxçıvan şəhərində Xatirə Muzeyi, Şərur rayonundakı Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin yeni binaları qapılarını tamaşaçıların üzünə açmışdır. Həmçinin ötən il Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən qalada bərpa işləri aparılmışdır. Qalada muzey fəaliyyət göstərəcəkdir. Hazırda muxtar respublikada 1 rəsm qalereyası və 28 müxtəlifprofilli muzey fəaliyyət göstərir, muzeylərdə 110 mindən çox eksponat mühafizə olunur.

Göründüyü kimi, bu gün qədim diyarımızda geniş muzeylər şəbəkəsi yaradılmışdır. Muxtar respublika əhəmiyyətli muzeylərlə yanaşı, tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri mədəni irsimizin qorunması və təbliğində, gənc nəslin mənəvi və estetik tərbiyəsində, elmi dünyagörüşünün zənginləşməsində böyük əhəmiyyətə malikdir. Muxtar respublikanın bütün bölgələrində muzeylərin fəaliyyət göstərməsi bura gələnlərin Naxçıvanın zəngin tarixi və mədəniyyəti haqqında ətraflı məlumat almalarına yardımçı olur.
Gənc nəslin muzeylərlə tanışlığı onların keçmişimiz və bu günümüz barədə dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına və milli dəyərlərimizə sədaqət ruhunda böyüməsinə xidmət edir. Buna görə də muxtar respublikanın təhsil müəssisələrinin muzeylərlə əlaqəli işinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncama əsasən, muxtar respublikada məktəb-muzey şəbəkələri yaradılmış, Azərbaycanın, Naxçıvanın tarixi və mədəniyyəti, görkəmli şəxsiyyətlərimiz ilə bağlı distant dərslərin keçirilməsinə başlanılmışdır. 2016-cı ilin ötən dörd ayı ərzində muzeylərimizdə 145 açıq dərs keçirilmiş və 200-dən çox təhsil müəssisəsinin iştirakı ilə 8 distant dərs təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən keçirilmiş 5 açıq dərsdə isə muxtar respublikanın ali təhsil müəssisələrində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, tarix, turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələr iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivlərinin muzeylərə kollektiv gedişi maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsi və təbliğ olunmasına daha geniş imkanlar açmışdır. Muxtar respublikanın muzeylərini fərqləndirən cəhətlərdən biri də burada ziyarətçilərə pulsuz muzey xidmətinin göstərilməsidir. Bu ilin aprel ayında muzeylərimizi 23 min 534 nəfər ziyarət etmişdir ki, bunlardan da 3208-i xarici ölkə vətəndaşıdır.
Hazırda muxtar respublikanın muzeylərində 300-dən çox muzey işçisi çalışır. Son illər muzey işçilərinin Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmələri onların əməyi­nə verilən yüksək qiymətin ifadəsidir. Muzey işçilərinin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən seminar-treninqlər, dəyirmi masalar isə işin düzgün təşkilinə kömək edir.
Muzeylər keçmişimizi bu günə daşıyan, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi dəyərlər xəzinəsi­dir. Muzey şəbəkələrinin yaradılması mədəniyyətimizin ümumi yüksəlişini, milli şüurun inkişafını əks etdirməklə keçmişlə bu günümüz arasında körpü rolunu oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərinin həyatlarını, yaradıcılıqlarını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylər bizim keçmişimizi özündə yaşadan, gələcəyə daşıyan yerlərdir”.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR