23 Dekabr 2024, Bazar ertəsi

Bu yaxınlarda Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında aparılan araşdırmalar zamanı qaya işarələri aşkar olunmuşdur. Naxçıvanda ilk dəfə aşkar olunan bu işarələrin bənzərlərinə Araz çayından cənubda və Şərqi Anadoluda rast gəlinmişdir.
Məlum olduğu kimi, Urartular Naxçıvan ərazisini işğal edə bilməsələr də, buraya dağıdıcı yürüşlər təşkil etmişlər. Naxçıvanın qədim sakinləri bu yürüşlərin qarşısını almaq üçün möhtəşəm qalalar inşa etmişlər. Sədərək qalası, Oğlanqala, Qarasu qalası, Qız qalası Urartuların qərbdən və Arpaçay vadisindən edilən hücumlarının qarşısını almışdır. Bu istiqamətdə müqavimətə rast gələn düşmən qüvvələri öz hücumlarını Əlincəçay vadisindən gerçəkləşdirmək istəmişlər. Naxçıvana daxil olan yolları Qazançıqala kimi möhtəşəm qala qoruyurdu. Qaya işarələri Qazançıqala yaxınlığında aşkar olunmuşdur. Geniş bir coğrafiyada yayılan qaya işarələrinin anlamı tam açılmasa da, tədqiqatçılar bu işarələrin müəyyən mərasimlərin icrası və qurbankəsmə ilə bağlı olduğunu bildirmişlər. Belə nəticəyə gəlmək olar ki, Qazançı qalasına hücuma hazırlaşan Urartular Ərəfsə kəndi yaxınlığında dayanaraq qurbankəsmə mərasimi keçirmişlər. Qədim dünyanın bir çox xalqlarında daş dəyişməyən, yenilənməyən əbədi dünyanın simvolu olmuşdur. Qaya işarələrinin də qazılması dini inanclarla bağlı olub, onlara uğur gətirməliydi. Lakin Culfa rayonunun köhnə Xoşkeşin kəndi yaxınlığında Urartu kralı Menuaya (e.ə. 810-786) aid kitabə bu yürüşün uğursuzluğundan xəbər verir. Qələbə çala bilməyən Menua Ərəzin kəndindən keçərək Arazın cənubunda Pluadi adlı yerdə Urartuların baş tanrısı Xaldinin şərəfinə qala və məbəd tikdirir, qurban kəsdirir. Urartu krallarının dağıdıcı yürüşlərinə baxmayaraq, onlar heç vaxt bu ərazini işğal edə bilməmişlər. Baş tanrının şərəfinə Naxçıvanda deyil, Arazın cənubunda qala və məbəd tikdirilməsi onların bu ərazidə möhkəmlənə bilmədiyini təsdiq edir. Urartuların Naxçıvanda məskunlaşması ilə bağlı heç bir epiqrafik və arxeoloji dəlil yoxdur.

Vəli Baxşəliyev
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR