23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən təşkil olunan “Muzey günləri”nin keçirilməsi tarixi irsimizin öyrənilməsi baxımından əhəmiyyətli və əlamətdar hadisədir. Sərəncamdan ötən müddət ərzində muxtar respublikada fəaliyyət göstərən müxtəlif qurumların, idarə, müəssisə və təşkilatların əməkdaşları mütəmadi olaraq muzeylərimizi ziyarət edir, bu mədəniyyət müəssisələrindəki eksponatlarla yaxından tanış olurlar. “Muzey günləri”nin keçirilməsi muxtar respublika ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılanır.

Bu tədbirlərin davamı olaraq may ayının 5-dən etibarən Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə “Muzey günləri”nin keçirilməsinə başlanıldı. İlk olaraq Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin tələbələri Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət etdilər. Burada muzeyin direktoru Ramil Orucəliyev tərəfindən tələbələrə eksponatlar haqda ətraflı məlumat verildi. Qeyd edildi ki, tarixdə bəzi şəxsiyyətlərin həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərimizin adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilib.

Ramil Orucəliyev bildirdi ki, muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən minlərlə eksponat toplanıb. Ulu öndər tərəfindən qəbul edilmiş qərar və sərəncamlar, imza­lanmış protokol və müqavilələr, ümummilli liderə göndərilmiş məktub və teleqramlar mənalı ömür yolunun müxtəlif anlarını özündə əks etdirməklə görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə dolğun təsəvvür yaradır.
Sonra tələbələr ulu öndər Heydər Əliyevin doğulub boya-başa çatdığı böyük və mehriban ailənin həyatından müxtəlif məqamları əks etdirən fotoşəkillərə, dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətinə, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi, Moskvada Sovet İttifaqının ali rəhbərliyində çalışdığı dövrlərə, 1990-1993-cü illərdəki fəaliyyətinə, həyata keçirdiyi qurtuluş missiyasına, Ermənistanın ölkə­mizə təcavüzünün nəticələrini aradan qaldırmaq sahəsində gördüyü işlərə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına və inkişafına göstərdiyi qayğıya, xarici siyasət sahəsində fəaliyyətinə həsr olunmuş stendlərə böyük maraqla baxdılar. Ekspozisiya ilə tanışlıq zamanı muzeyin direktoru bildirdi ki, ulu öndərimizin Azərbaycan xalqı qarşısında xidmətlərindən biri də İlham Əliyev kimi bir siyasətçi yetişdirərək müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır. Bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq ölkə başçısının həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanı dünyada ən böyük sürətlə inkişaf edən bir dövlətə çevirib. Bu gün Azərbaycan geniş bir bölgədə söz sahibi olan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən güclü bir dövlətdir. Vətənimizin işıqlı sabahı naminə gördüyü dəyərli işlər sayəsində ulu öndərimizin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımızın dərin məhəbbətini və hörmətini qazanıb.
Muzeyi ziyarətdən sonra tələbələrlə söhbət edib təəssüratlarını öyrəndik. Sosial idarəetmə və hüquq fakültəsinin birinci kurs tələbəsi, əslən Ağcabədi rayonundan olan Mütalib Sadıqov dedi ki, ilk dəfədir, Heydər Əliyev Muzeyini ziyarət edir. Hələ məktəb illərində ümummilli liderimizin həyat və fəaliyyəti haqda məlumata malik olub. Ancaq buradakı eksponatlarla tanışlıqdan sonra görür ki, indiyə qədər ulu öndər haqda çox az öyrənib. Buradakı eksponatların hər biri ona ümummilli liderimizin Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası üçün göstərdiyi misilsiz xidmətlər haqda dolğun məlumat almağa imkan verib.
Fakültənin I kurs tələbələrindən Sevinc Hüseynli, Fatimə Bayramova, Ləman Orucova və Şəms Mirzəyeva bildirdilər ki, ulu öndərimizin məktəb və tələbəlik illərini, yaxşı təhsil almasını, biliklərə dərindən yiyələnməsini əks etdirən eksponatlara daha çox maraq göstəriblər. Bundan sonra da ulu öndərimizin əzmkarlığı, öyrənmə həvəsi, xalqı üçün yorulmadan çalışması, ən çətin məqamlarda böyük vətənpərvərlik, iradə nümayiş etdirməsi onlar üçün əsl nümunə olacaq. Bu muzeydə ümummilli lider Heydər Əliyevin fəaliyyətinin, belə demək mümkünsə, şahidləri olan eksponatlarla tanış olduqlarına görə təşkilatçılara minnətdardırlar.
Adıçəkilən fakültənin dekanı, fəlsəfə üzrə elmlər doktoru Qərib Allahverdiyev, universitetin Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov, Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli ilə söhbət zamanı tələbələrin muzeylərə ziyarətinin onların dünyagörüşünün artırılmasında, mədəni irsimizin öyrənilməsində mühüm addım olduğunu qeyd etdilər.
Həmin gün “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Musiqi Kollecinin tələbələri Naxçıvan Dövlət Xalça Muzeyində oldular. Burada qeyd edildi ki, tarixi yaddaşın, etnomədəniyyət salnaməsinin, milli təfəkkür və mənəvi dəyər fəlsəfəsinin ehtiva olunduğu əvəzsiz nümunələrin mühafizəsi vacib şərtdir. 1998-ci ilin aprelindən fəaliyyət göstərən Naxçıvan Dövlət Xalça Muzeyi də bu məqsədlə yaradılıb.
Hazırda Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələr üçün müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Azərbaycan xalçaçılıq məktəbinin Naxçıvan qrupuna aid 109 xalça nümayiş etdirilir. Habelə “Azər-İlmə” tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları – üç məfrəş, xurcun, duz torbası muzeyə hədiyyə olunub. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilib.
Muzeylə tanış olan Naxçıvan Müəllimlər İnstitutunun I kurs tələbələrindən Şəhla İbrahimli, Aytən Abbasova, Ləman Eyvazova, Nuray Seyidova və başqaları dedilər ki, bir çoxlarının evində burada nümayiş etdirilən xalçalara bənzər xalçalar var. Ancaq onlar bu muzeyə gəlib bələdçi tərəfindən ətraflı məlumat alana qədər bu xalçaların necə böyük dəyərə malik olmasının fərqinə varmayıblar. Xalça Muzeyini ziyarət onlara çox şey öyrədib. Bundan sonra çalışacaqlar ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən digər muzeyləri ziyarət etsinlər, tariximiz, mədəniyyətimiz, incəsənət tariximiz haqda ətraflı məlumata malik olsunlar.
Beləcə, muxtar respublikanın ali təhsil ocaqlarının tələbələrinin iştirak etdiyi ilk “Muzey günü” yüksək təəssüratlarla başa çatdı.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR