2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunub. Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Belə ki, cari ilin ilk yarımilində muxtar respublikada 471 milyon 580 min manat həcmində sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşüb. Dövlət sektorunda 32669 min manatlıq, qeyri-dövlət sektorunda isə 438911 min manatlıq sənaye məhsulu istehsal edilib. İstehsal olunan sənaye məhsullarının 93,1 faizi özəl sektorun payına düşüb.