22 Dekabr 2024, Bazar

Biçinçilər işə tezdən başlamışdılar. Kombaynlar bunkerlərdəki günün ilk dənini yük maşınlarına boşaltmışdılar ki, Ağrı dağının zirvəsindən sürətlə Dəmirçiyə enən qara buludlar sanki hər yanı toranlaşdırdı. İri yağış damlaları oturduğumuz avtomobilin damını, şüşələrini döyəcləməyə başladı. Bizimlə birlikdə Dəmirçi kəndinə, fermer Fəxrəddin Alıyevin taxıl zəmisinə gəlmiş Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Kamil Bağırov maşının açıq pəncərəsindən Ağrı dağını göstərərək sözə başladı:
– Buna bizim yerlərdə “yay yağışı” deyirlər. Başqa əkin-biçinə xeyri olsa da, taxıla ziyan vurur, biçini ləngidir.
Bu arada Kamil müəllim son illər rayonda taxılçılığın inkişafından, əkin sahələrinin genişlənməsindən, məhsuldarlığın yüksəlməsindən söz saldı. Öyrəndik ki, keçən il 9181 hektardan 28 min 247 ton taxıl toplanılıb. Bu ilin məhsulu üçün taxıl əkinlərinin sahəsi 9 min 184,1 hektara çatdırılıb.

... Doğrudan da, qəfil yağan yağış 5-10 dəqiqədən sonra kəsdi, ətraf aydınlığa büründü. Fermer Fəxrəddin Alıyev bildirdi ki, bu il 10 hektarda taxıl əkib-yetişdirib. O, göstərilən maliyyə köməyindən ayrıca söz açdı. Qeyd etdi ki, bu vəsaiti və gübrəni almasaydı, bu qədər sahədə bol məhsul yetişdirmək mümkün olmazdı. Fermer onu da söylədi ki, sabah, ya o biri gün biçini qurtaracağıq. Qırx tondan çox məhsul gözlənilir. Bunun 3-4 tonu öz ehtiyacını ödəyəcək. Qalanını isə satmaq lazımdır ki, xərclər ödənilsin, qazanc əldə edəsən, gələn il üçün də sərmayən olsun.
Yolumuz Püsyan kəndinədir. Rayonun qabaqcıl fermerlərindən olan Ələkbər Cəfərov burada yaşayır. Düşünürdük ki, qabaqcıl taxılçı yağış yağdığından çətin ki, bu havada sahəyə çıxsın. Amma Ələkbər zəmidə idi. Yəqin ki, onu bu ünvana çəkən qüvvə taxılçılara tanışdır. Yəni bu cazibəni əsl zəhmət adamları yaxşı bilirlər. O zəhmət adamları ki onları yayın qızmar Günəşi də sahədən ayıra bilmir.
Ələkbər Cəfərov zəminin kənarında durub gözlərini yola dikmişdi. Arabir də əlini ehmalca sünbüllərə çəkir, nəmliyini yoxlayırdı. Başını üfüqdən boylanan Günəşə tutan əkinçi sanki ondan yeri daha tez qızdırmasını təvəqqe edirdi. Axı yağan yağış sahəni islatmış, kombaynçı Adil Xəlilov “zəminin nəmliyi çəkilməmiş biçinə başlamaq olmaz”, – demişdi.
Ələkbər Cəfərovun gözləməkdən başqa çarəsi yox idi. Biz də yaxşı məqamda gəlmişdik. Başqa vaxt çətin ki, o, işləyən kombaynın yanından ayrılıb bizimlə həmsöhbət olardı. Taxılçı bizi zəminin kənarındakı ağacın kölgəsində dincəlmək üçün qurulmuş stulda oturmağa dəvət etdi. Özü də üzü zəmiyə gələn yola tərəf oturdu. Baxışı tez-tez kombaynçının gələcəyi tərəfə yönəlirdi. Öyrəndik ki, Ələkbər Cəfərovun fermer təsərrüfatı 18 hektarda bol taxıl hasilə gətirib. Artıq son hektarların məhsulu biçilir. Hər hektardan 40 sentnerdən çox taxıl götürülür.
Biz sahədən qayıtmaq istəyən zaman kombaynçı da gəlib çıxdı. Onu görən kimi Ələkbər Cəfərovun üzü daha da nurlandı, yerindən dik qalxdı:
– Harada qalmısan, ay sağ olmuş, gün günorta oldu ki?.. – deyə kombaynçını ərklə danladı da.
– Narahat olma, qaş qaralınca işləyəcəyik, – deyə kombaynçı cavab verdi.
Zəhmət adamı bizdən səmimi təbəssümlə ayrıldıqdan sonra kombaynçı ilə birlikdə sahəyə üz tutdu. Zəmidən ayrılsaq da, buğdanın ətrini hələ də hiss edirdik. Bu isə çörəyin bol olacağından soraq verirdi.
Biz rayonun Çəmənli, Qarahəsənli, Ərəbyengicə, İbadulla, Qışlaqabbas, Ələkli, Dərvişlər kəndlərində də olduq. Fermerlərlə, kənd adamları ilə iş üstündə görüşüb söhbət etdik, taxıl biçininin gedişi ilə maraqlandıq. Hər yerdə yüksək işgüzarlığın və mütəşəkkilliyin şahidi olduq. Kənd adamlarını belə bir cəhət xüsusilə razı salır ki, taxıl biçinini vaxtında və itkisiz başa çatdırmaq üçün rayon təşkilatları köməklərini əsirgəmirlər. Xahiş və müraciətlər dərhal, operativ surətdə öz həllini tapır.
Belə xoş münasibətdən, qarşılıqlı əlaqə, kömək və qayğıdan söz düşəndə rayon Suvarma Sistemləri İdarəsi, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur bazası və başqa əlaqədar təşkilatlar yada düşür. Ona görə də bazanın aparıcı mütəxəssisi Sabir Talıbova sualımız konkret oldu:
– Taxıl biçininə nə qədər texnika cəlb olunub?
– Əvvəlcədən onu deyim ki, zəmilərdə, meyvə-tərəvəz, bağ-bostan sahələrində belə bol məhsul görəndə bizim də sevincimiz ikiqat olur. Ona görə ki, bu bolluq və bərəkətdə bizim də payımız var. Taxıl biçininə 18 kombayn, 40-dək yük maşını cəlb olunub. Bir sözlə, taxıl biçinini qısa müddətdə və itkisiz başa çatdırmaq üçün bizdən asılı olan bütün tədbirlərin gecikdirilmədən və keyfiyyətlə aparılmasına çalışırıq.
Rayondakı müasir un dəyirmanları da artıq mövsümün təzə məhsulu ilə işləyir. Dəyirmanların təknəsinə təzə un ələnir. Hər gün çörək sexlərində, təndirlərdə təzə undan bişən isti çörəyin xoş iyi Şəruru bərəkət ətrinə bürüyür.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR