Günü-gündən füsunkar görkəmi yeni və daha əlvan çalarlarla zənginləşdirilən muxtar diyarımıza bu gün yolu düşənlərin burada gördüklərindən təəccüblərini gizlədə bilməmələri təbiidir. Çünki regionumuzun ən ucqar dağ və sərhəd kəndləri də daxil olmaqla, qədim diyarımızın hər bir guşəsi bu gün müasir yaşayış məntəqəsi timsalındadır. Bağlar diyarı Ordubad rayonu da bu gün muxtar respublikanın yeni inkişaf mərhələsinin ön sıralarındadır.
Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan bölgədə elə bir yaşayış məntəqəsi tapmaq olmaz ki, orada quruculuq nəfəsi duyulmasın. Onu da xüsusi vurğulamaq lazımdır ki, rayonun relyefinin mürəkkəbliyi burada aparılan quruculuq işlərində çalışanları müəyyən çətinliklər qarşısında qoysa da, qurub-yaratmaq əzmi həmin çətinliklərə qalib gəlir. Həyata keçirilən belə tədbirlərin həyatımızın müxtəlif sahələrini əhatə etməsi də bu günün reallığıdır. Görülən işlər isə, təbii ki, mövcud problemləri həll etməklə yanaşı, insanların məşğulluğunun təmin edilməsinə də müsbət təsirini göstərir, onların qurub-yaratmaq əzmini daha da gücləndirir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də rayonda bir neçə ünvanda belə tədbirlər davam etdirilir. Ənənəvi olaraq quruculuq tədbirlərindən təhsil sahəsinə yenə də pay düşüb. Güclü maarifçilik ənənələri olan Ordubad şəhər 3 nömrəli tam orta məktəbi üçün yeni binanın inşasına başlanılması həm məktəbin pedaqoji kollektivinin, həm də valideynlərin böyük sevincinə səbəb olub. 774 şagird yerlik məktəb binasının tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Hazırda tikinti işləri ikinci mərtəbədə davam etdirilir.Yeni məktəb binasında laboratoriyalar, hərbi kabinə, 48 sinif otağı, 4 elektron, lövhəli sinif, 4 kompüter sinfi,165 kvadratmetr sahəsi olan idman zalı, 2 müəllimlər otağı, 2 bufet müəllim və şagirdlərin ixtiyarına veriləcək. Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Elvin Məmmədov deyir ki, hazırda rayonda daha bir yeni məktəb binası Aşağı Əylis kəndində tikilir. Bu obyektlərin tikintisi başa çatdıqdan sonra bölgədə yeni bina ilə təchiz olunan təhsil ocaqlarının sayı 23-ə çatacaq.
Məlumat üçün bildirək ki, Aşağı Əylis kənd tam orta məktəbinin yeni binası 234 şagird yerlikdir. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada hörgü işləri əsasən başa çatdırılıb. Hazırda suvaq işləri aparılır, digər tikinti tədbirləri həyata keçirilir.
Rayonda aparılan quruculuq tədbirləri məktəb tikintiləri ilə məhdudlaşmır. Elə adıçəkilən yaşayış məntəqəsində 2 mərtəbədən ibarət kənd mərkəzinin inşa olunması kənd sakinlərinə, Aşağı Əylisdə fəaliyyət göstərən qurumlara dövlət qayğısının daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları kəndə xüsusi yaraşıq verəcək hər iki obyektin tikintisində fəallıq göstərir, gördükləri işin keyfiyyətinə ciddi diqqət yetirirlər.
Adıçəkilən tikinti təşkilatının bir qrup inşaatçısi isə Ordubad şəhərindəki 34 nömrəli yaşayış binasının əsaslı təmiri ilə məşğuldur.Binanın köhnə suvaq qatı sökülərək yenisi çəkilir, dam örtüyü dəyişdirilir, pəncərələr daha keyfiyyətliləri ilə əvəz olunur. Bina sakinləri adından razılığını bildirən Yusif Murtuzov son illər rayonda həyata keçirilən quruculuq tədbirlərini insanlara qayğı kimi dəyərləndirərək onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını respublikada bərqərar olunmuş sosial-iqtisadi inkişafın bəhrələri kimi qiymətləndirdi.
Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin rəisi Əkrəm Salmanovla söhbət zamanı onu da öyrəndik ki, idarənin inşaatçıları daha bir neçə obyektdə çalışırlar. Ordubad şəhərində ucaldılmış akademik Yusif Məmmədəliyevin heykəli ətrafında abadlıq işləri görülür, ucqar dağ kəndi Nürgütdə kənd mərkəzi inşa olunur. Bu tədbirlərdə də idarənin inşaatçıları keyfiyyət amilinə ciddi diqqət yetirirlər. Qeyd edək ki, quruculuq tədbirlərindən rayonun Vergilər Şöbəsinə də pay düşüb. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları şöbənin inzibati binasının əsaslı təmirini aparırlar.
Beləcə ili ildən uğurlu gələn Ordubad rayonu 2014-cü ildə də yeni quruculuq obyektlərinin sevincini yaşayır. Bu, Ordubada və ordubadlılara “Muxtariyyət ili”nin qiymətli töhfələridir.
Muxtar MƏMMƏDOV