22 Dekabr 2024, Bazar

İqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasında əsas yol sənayenin inkişaf etdirilməsindən keçir. Sənaye elə bir sahədir ki, burada, bir növ, iqtisadiyyatın digər sahələrində əldə olunmuş nəticələr insan tələbatlarına tam cavab verən son məhsul halına gətirilir. Sənayedə tətbiq olunan müasir texnologiyalar bu sahənin innovativ yükünü artırır, iqtisadiyyatın digər sahələrinə öz sürətləndirici təsirini gücləndirir. Naxçıvan Muxtar Respublikasında da sənaye məhsulu istehsalının genişləndirilməsi istiqamətində aparılan işlər regionda yüksək texnologiyalı sənaye müəssisələrinin yaradılmasına və regionun iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. 2010-cu ildən fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodu da istehsal imkanlarını genişləndirməklə  muxtar respublikanın sənaye potensialının artırılmasına öz töhfəsini verir. 

Birnövbəli iş rejimində illik istehsal gücü 5 min ədəd avtomobil olan Naxçıvan Avtomobil Zavodu Çinin “Chongqing Lifan İndustry” şirkəti ilə birgə fəaliyyət göstərir. Müəssisənin işə salınması üçün buraya ilkin olaraq 3,5 milyon manat həcmində investisiya yatırılmışdır. Əgər 2010-cu ildə zavodda 489 avtomobil istehsal olunmuşdursa, 2013-cü ildə bu rəqəm 576-ya çatmışdır. Bu ilin yanvar ayından isə müəssisədə 1300-dən çox avtomobil yığılmış, ilin sonuna kimi bu rəqəmin 2000 ədədə çatdırılması nəzərdə tutulmuşdur. Hazırda müəssisədə 9 modeldə avtomobil (xetçbektipli “NAZ-Lifan-320” və “NAZ-Lifan-330”, sedantipli “NAZ-Lifan-620”, “NAZ-Lifan-630” və “NAZ-Lifan-720”, krossovertipli “NAZ-Lifan X-60”, yük-bortlu “NAZ-Lifan LF­-­1­­­­­022”, yük-furqonlu “NAZ-Lifan LF-5028” və mikroavtobus (1+6 nəfər) “NAZ-Lifan LF-6401”) istehsal olunmaqdadır. Avtomobillərin qiymətləri isə modeldən və komplektasiyadan asılı olaraq, 7500 manatdan 15700 manat arasında dəyişir. Bazara nağd pulla və köçürmə yolu ilə təklif edilən bu avtomobilləri Naxçıvan Muxtar Respublikasının sakinləri qiymətinə əlavə faiz hesablanmadan dəyəri hissə-hissə ödənilməklə də əldə edə bilərlər. Naxçıvan və Bakı şəhərlərində fəaliyyət göstərən satış və servis mərkəzləri öz müştərilərinə keyfiyyətli xidmətlər göstərirlər. Tezliklə Gəncə, Şəki, Lənkəran və Xaçmaz şəhərlərində də avtosalonların açılması nəzərdə tutulur. Avtomobillərin xarici ölkələrə ixracı istiqamətində də iş aparılır. Cari ilin sonuna qədər avtomobillərin ixracına nail olunması planlaşdırılır.
Ölkəmizin avtomobil bazarında “NAZ-Lifan” avtomobillərinə tələbat vardır. Bunu “NAZ-Lifan” avtomobillərinin üstün texniki göstəriciləri ilə də izah etmək mümkündür. Belə ki, bu avtomobillərdə mühərriklərin həcmi 1,3 litr - 1,8 litr arası dəyişir. Onların işçi həcminin kiçik olması ilə bərabər, gücünün çox olması yanacaq sərfiyyatını azaldır ki, bu da avtomobillərin ekoloji standartlara tam uyğunluğunu təmin edir. Hazırda “NAZ-Lifan” avtomobilləri Avro 4 və Avro 5 ekoloji sinfinə uyğun olmaqla ətraf mühitə dəyən ziyanı da minimuma endirir. “NAZ-Lifan” avtomobilləri servislərində ancaq orijinal ehtiyat hissələri satılır.
Naxçıvan Avtomobil Zavodunda işin keyfiyyətini yüksəltmək məqsədilə kadr hazırlığına, təcrübə mübadiləsinə, marketinq və mütərəqqi menecmentə mühüm əhəmiyyət verilir. Müəssisə fəaliyyətə başladığı vaxtdan “Lifan” şirkətinin texniki personalı istehsal və texniki xidmət proseslərində iştirak edirlər. Əgər ilk mərhələdə avtomobillər “Lifan” şirkətinin işçilərinin köməyi ilə yığılırdısa, sonradan yerli mütəxəssislərin formalaşması ilə bu iş müəyyən səviyyədə həll olunmuşdur. Zavodda yeni-yeni modellər istehsal olunduqca avtomobillərin istehsalının və texniki xidmət göstərilməsinin mənimsənilməsi xarici mütəxəssislər tərəfindən yerli kadrlara treninq keçirilməsi yolu ilə və işçilərin bilavasitə Çində yerləşən zavoda ezam olunmaqla treninq keçmələri vasitəsilə həyata keçirilir.
Naxçıvan Avtomobil Zavodunun kollektivi hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Müəssisədə 58 nəfər daimi işlə təmin edilmişdir. Yüksək texnoloji şəraitlə təmin edilmiş istehsal sahələrində çalışan işçilər fərdi mühafizə vasitələri, vahid geyim formaları ilə təmin olunmuşlar. Müəssisəyə Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan bir milyon manat güzəştli kredit ayrılmış, bu il isə maşınqayırma sənayesində çalışanların peşə bayramı münasibətilə zavodun bir neçə nümayəndəsi təltif olunmuşdur. Müəssisənin direktoru “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, daha 6 işçi isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif edilmişlər.

  Çox deyil, cəmi 30-40 il əvvəl özünə avtomobil almaq istəyən muxtar respublika sakini bir neçə il növbəyə durub gözlədikdən sonra o dövrün lüks avtomobillərindən birini aldığına çox sevinərdi. Fərdi avtomobil sahiblərinin barmaqla sayıla biləcəyi həmin dövrlərdə Naxçıvanda da avtomobillərin istehsal edilib həm də bir neçə illiyə kreditlə və dəyəri hissə-hissə ödənilməklə satıla biləcəyini kim düşünə bilərdi? Sözsüz ki, qarşıya real məqsəd qoyulanda bu da həyata keçirilə bilər. Qarşıda isə daha geniş hədəflər vardır. 

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR