Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə Şərur rayonunda nağdsız ödənişlə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov açmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Mirhüseyn Seyidov nağdsız ödənişlərlə bağlı iştirakçılara məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisləri Mübariz Əhmədov “Nağdsız hesablaşmaların üstünlükləri”, Rəşad Əliyev “Nağdsız ödənişlərin aparılması qaydaları”, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi Elçin Əliyev “Plastik kartların təhlükəsizliyi və bank xidmətləri” mövzularında çıxışlar etmişlər.
Qeyd olunmuşdur ki, nağdsız ödəniş pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır. Hazırkı mərhələdə nağdsız əməliyyatlar, əsasən, POS-terminal adlanan aparatlardan və internetdən istifadə etməklə plastik kartların köməyi ilə aparılır. Bu gün muxtar respublikada, eləcə də Şərur rayonunda idarə, müəssisə və təşkilatlara ödənilən rüsumların, kommunal haqların və ticarət obyektlərində aparılan əməliyyatlara görə ödənişlərin POS-terminal və internet vasitəsilə aparılmasına hər cür şərait yaradılmışdır.
Tədbirdə nağdsız hesablaşmaların üstünlükləri, nağdsız ödənişlərin aparılması qaydaları, plastik kartların növləri, ticarət və xidmət obyektlərində POS-terminaldan istifadə edilməsi, internet vasitəsilə kommunal və digər xərclərin ödənilməsi üçün internet üzərindən onlayn ödənişlərin aparılması ilə bağlı iştirakçılar ətraflı məlumatlandırılmışlar.
Xəbərlər şöbəsi