Naxçıvan Muxtar Respublikasında zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır və dövlətimizin hərbi qulluqçulara qayğısı kimi dəyərləndirilir. Naxçıvan şəhərinin Babək məhəlləsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yeni yataqxana binasının tikilməsi bu qayğıya nümunədir.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən 2014-cü il iyul ayının əvvəllərindən tikintisinə başlanılan yataqxana binasının hazırda təməl işləri görülür. İş icraçısı Hüseyn Quliyevin verdiyi məlumata görə, yataqxana binası zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olacaq. İkigirişli, 48 mənzilli yataqxana binasının zirzəmi hissəsində bərbər, anbar, camaşırxana və mağaza yerləşəcək. Digər mərtəbələrdə isə otaqlarla bərabər, foye, salon, mətbəx olacaq. Qeyd edək ki, binada lift quraşdırılacaq.
Tikiləcək yeni yataqxana binası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edən zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.
Xəbərlər şöbəsi