Taxıl tədarükünün ilkin nəticələri buna əminlik yaradır
Hələ uşaqlıq illərindən yaxşı xatırlayıram ki, kənddə taxıl biçininə başlanması əsl el bayramına çevrilərdi. Torpaqlar ictimai təsərrüfatlara məxsus olsa da, kənd ağsaqqalları biçiləcək zəminin kənarına toplaşar, bir-birlərinə gözaydınlığı verərdilər. Sahənin kənarına mexanizatorlar, sürücülər üçün cürbəcür yeməklər gətirilərdi, samovar salınardı. Çünki tədarük olunan taxıl sabahın çörəyi demək idi. Çörək isə min illərdir ki, hamımız üçün ən müqəddəs nemətdir. Bu nemətin bolluğu həmişə insanları düşündürüb. Yaşlı adamlardan dəfələrlə bu sözləri eşitmişik: “Ulu Tanrı heç vaxt öz bəndəsini çörəklə imtahana çəkməsin”. Ancaq nə edəsən ki, xalqımızın belə imtahanla üz-üzə qaldığı vaxtlar da olub. Saatlarla mağazaların qarşısında çörək növbələri yaranıb. Çox şükür ki, bu gün süfrələrimizdə çörək sarıdan heç bir nigarançılığımız yoxdur. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər öz bəhrələrini verməkdədir.
Bu günlər muxtar respublikamızın taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin, sahibkarlarının sevincinin həddi-hüdudu yoxdur. Daha bir taxıl tədarükü mövsümü uğurla davam etdirilir. Bu isə o deməkdir ki, süfrələrimiz yenə də öz taxılımızın çörəyi ilə bol olacaq. Belə bolluğa isə asanlıqla nail olmamışıq.
Bunun təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən aqrar siyasət dayanıb. Bu siyasətin son illərdə muxtar diyarımızda uğurla davam etdirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub. Digər sahələrə toxunmadan muxtar respublikanın torpaq mülkiyyətçilərinin aqrar sahədə, konkret olaraq, taxılçılıqda qazandıqları uğurları, bu sahənin inkişafı üçün göstərilən diqqət və qayğını göz önünə gətirsək, tarix üçün qısa zaman kəsiyində böyük irəliləyişlərə nail olunduğunu görərik. Sevindirici haldır ki, bu gün bir qarış torpağımız əkilməmiş qalmır, dövlətimiz bu qiymətli sərvətdən səmərəli istifadə olunması üçün hərtərəfli şərait yaradır. Zəhmətdən qorxmayan, torpağa daimi iş yeri kimi baxan insanlarımız bu şəraitdən səmərəli istifadə edir, yurdumuzun iqtisadiyyatının güclənməsinə çalışırlar. Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması məqsədilə səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunub, həm kreditlərdən, həm də həmin yardımlardan təyinatı üzrə istifadə edilməsi diqqət mərkəzində saxlanılıb.
2009-cu ildə istifadəyə verilən 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı qısa müddətə saxlamağa imkan verən taxıl ehtiyatı anbarı muxtar respublikada taxıl ehtiyatının yaradılmasında əsas rol oynamaqla istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.
Aqrar sektorun inkişafında mühüm mərhələ kimi soyuducu anbarların yaradılması, əkin sahələrinin suvarma suyuna olan tələbatını ödəmək üçün mövcud subartezian quyularının, kəhrizlərin, nasos stansiyalarının təmiri və yenilərinin istifadəyə verilməsi torpaq mülkiyyətçilərinin çətinliklərini aradan qaldırıb. Bu da hektarlarla sahənin əkin dövriyyəsinə qatılmasına imkan verib. Bununla yanaşı, kənd təsərrüfatı üzrə ümumi inkişafı sürətləndirən mühüm amillərdən biri müasir texnikalardan istifadə olunması və lizinq münasibətlərinin yüksəldilməsidir. Bu istiqamətdə də xeyli iş görülüb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 366 ədədi 2013-cü, 165 ədədi 2014-cü ildə olmaqla, cəmi 1410 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib, ötən il 157 ədəd, ümumilikdə isə 1061 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilib.
Cari ilin taxıl tədarükü üçün qabaqlayıcı tədbirlər diqqət mərkəzində saxlanılıb, 100-dən artıq kombayn işlək vəziyyətə gətirilib, taxılı sahələrdən daşımaq üçün texnikalar ayrılıb, ehtiyat hissələr əldə olunub, rayonlarda qərargahlar yaradılıb.
Məlumat üçün bildirək ki, 2014-cü ilin məhsulu üçün muxtar respublikada 35,7 min hektar sahədə taxıl əkilib. Bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. Taxıl istehsalçılarına əvvəlki illərdə olduğu kimi kreditlər verilib, bu vəsaitin təyinatı üzrə xərclənməsi diqqət mərkəzində saxlanılıb. Mineral gübrələrlə təminat da unudulmayıb, sahələr vaxtlı-vaxtında suvarılıb, ötən payızdan çəkilən zəhmət hədər getməyib, sahələrdə bol məhsul yetişdirilib. Bu günədək 2500 hektar sahənin məhsulu tədarük edilib. Sahələrə hələlik 80 kombayn çıxarılıb. Bu texnikaların gücü ilə hər gün 300-400 hektar sahənin taxılı biçilir.
Taxılçılıq üçün münbit torpaq sahələrinə malik olan Babək rayonunda hər il yüksəkkeyfiyyətli məhsul istehsal olunur. Torpaq mülkiyyətçiləri mövcud şəraitdən səmərəli istifadə etməyə çalışır, daxili bazara öz töhfələrini verirlər. Cari ilin bol məhsulu üçün ötən ilin payızında rayonun taxılçıları 10 min 364,8 hektar sahədə taxıl əkini keçirib. Bunun 7777,8 hektarı buğda, 2587 hektarı isə arpadır. Ötən müddət ərzində bütün aqrotexniki tədbirlərə əməl edilib. Bu da öz bəhrələrini verir. Bir neçə gündür ki, sahələrdə kombaynlar minbir zəhmətlə hasilə gətirilmiş taxılı tədarük edirlər. Operativ məlumata görə, bu günədək 711 hektar sahənin məhsulu toplanılıb.
Taxıl biçininin gedişi ilə tanış olmaq üçün rayonun bir neçə kəndinə baş çəkdik. Nehrəm kəndində sahəsinin taxılını biçdirən Asəf Məmmədov ilə həmsöhbət olduq. Bildirdi ki, taxılçılıq üçün dövlət tərəfindən müəyyən olunmuş bütün güzəştlərdən istifadə edib. Bu gün sahəsinin məhsulu biçilir. İlk bunkerdən görünür ki, sahədə keyfiyyətli və bol məhsul yetişib.
Babək qəsəbəsində, Çeşməbasar, Güznüt, Yarımca, Qahab, Zeynəddin kəndlərində də taxıl biçininin sürətlə aparıldığının şahidi olduq. Taxılçılardan Arif Səfərov, Sənan Novruzov və başqaları bildirdilər ki, cari ildə daha yüksək göstəricilərə nail olacaqlar. Onların sözlərini mexanizatorlar da təsdiq etdilər. Yeri gəlmişkən onu da qeyd edək ki, bu gün Babək rayonunda 22 kombayn var. Onların hamısı işlək vəziyyətə gətirilib. Həmin texnikaların, hələlik, 15-dən istifadə olunur. Taxılçılar hər il “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xidmətindən də istifadə edirlər.
Builki taxıl mövsümü ilə bağlı müşahidələr apararkən uzun illər Babək rayonunun Yarımca kəndində ictimai təsərrüfata rəhbərlik etmiş təsərrüfatçı Ələsgər Yusifovla görüşdüm. Onun dediklərindən:
– Sovet dönəmində ümidimizi bağlamışdıq dükanlara gətirilən una. Bu gün dövlətimiz öz qapımızda bizə hər cür şərait yaradıb. Torpaq verib, su verir, gübrə verir, texnika verir, yardım edir, dəyirman da nə qədər istəsən... Daha nə lazımdır? Qalır ki, zəhmətə qatlaşasan, əziyyət çəkəsən ki, süfrən də bol olsun. Kim ki zəhmətdən qorxmur, canına cəfa verməyi bacarır, onun gün-güzəranı da istədiyi kimidir, kimsə ələbaxımlılıq xəstəliyinə tutulub, özündən küssün...
* * *
Muxtar respublikanın ən böyük taxılçılıq rayonlarından biri də Şərurdur. Bölgənin məhsuldar və münbit torpaq sahələri burada yüksəkkeyfiyyətli taxıl istehsalına imkan verir. Şərurun torpaq mülkiyyətçiləri də hərtərəfli qayğı ilə əhatə olunublar. Rayonda bu ilin məhsulu üçün 9184,1 hektar sahədə taxıl əkilib. Bunun 7313,8 hektarı buğda, 1870,3 hektarı isə arpadır. İndiyədək 117 hektar sahənin məhsulu biçilib, 344 ton taxıl istehsal olunub. Hələlik hektarın orta məhsuldarlığı 29,4 sentner təşkil edir.
Biçinə 14 kombayn cəlb edilib.
* * *
Göründüyü kimi, son illər bəhs olunan sahədə qazanılan nailiyyətlər xeylidir və bu da təbiidir. Nailiyyətlərin arxasında düzgün müəyyənləşdirilmiş siyasət, bu siyasətin həyata keçirilməsində əzmkarlıq dayanıb, üzləşilən çətinliklər dəf edilib. Son olaraq isə ürəkaçan rəqəmlərlə dolu olan qeydlərimə daha bir statistik göstərici əlavə etməyə ehtiyac duyuram. Əgər 1995-ci ildə muxtar respublikada 23 min 600 ton taxıl istehsal olunubsa, həmin rəqəm 2013-cü ildə 102 min 960 tona yüksəlib. Bu, çəkilən zəhmətin, böyük dövlət qayğısının əvəzsiz qalmaması, torpağa tər axıdan insanların qiymətli sərvətin səxavətindən səmərəli istifadəsi deməkdir.
...Rəqəmlər cansız olsa da, onların arxasında fədakar əmək, insan amilinə göstərilən qayğı dayanır. Taxılçılıqda əldə olunan nailiyyətlər dövlət qayğısı ilə yanaşı, yurd, torpaq qədri bilən naxçıvanlıların fəallığının nəticəsidir. Bu da onunla bağlıdır ki, qədim diyarımızın sakinləri halallığa söykənən və onu hər şeydən üstün tutan insanlardır. Elə ona görə də süfrələrinin ruzi-bərəkəti ildən-ilə artır.
Muxtar MƏMMƏDOV