22 Dekabr 2024, Bazar

İqtisadi həyatda elə hadisələr vardır ki, bəzən verilən bir qərar bütöv bir tarixi dövrü əhatə edə biləcək periodda cəmiyyətdəki iqtisadi münasibətlərə təsir edə, sosial-mədəni inkişafda dərin izlər qoya bilər. Milli iqtisadiyyatın formalaşmasının və ölkənin müstəqilliyinin əsas şərtlərindən biri olan iqtisadi təhlükəsizliyin təmin olunmasında həyata keçirilən pul-kredit siyasətinin də bu baxımdan mühüm əhəmiyyəti vardır. Ölkənin milli maraqlarının qorunması, müstəqil xarici siyasət yeridilməsi üçün onun qızıl-valyuta ehtiyatlarının rolu nə qədər mühümdürsə, ölkə daxilində makroiqtisadi tarazlığın və maliyyə sabitliyinin qorunmasında əsaslandırılmış pul-kredit sistemi də o qədər vacibdir. Çünki iqtisadiyyat o zaman sağlam hesab olunur ki, o, bütün minimum şərtlər daxilində artıma meyilli olur. 

İqtisadiyyatın uğurla idarə edilməsi geniş mənada cəmiyyətin dayanıqlı inkişafı üçün tələb olunan bütün şərtlərin yerinə yetirilməsidir.

Pul-kredit mexanizmi iqtisadiyyatın idarə olunması üçün istifadə edilən ilk metodlardan biri olmuşdur. Pul-kredit tənzimlənməsi istənilən iqtisadi sistemin əsası sayılaraq milli təsərrüfatın idarə olunması baxımından da çox məsuliyyətli proses hesab olunur. Ona görə də ölkənin iqtisadi müstəqilliyini qoruyub saxlaya bilmək və təsərrüfata aid qərarlar qəbul edə bilmək üçün yeridilən siyasət milli maraqlara xidmət etməlidir.
Pulun müxtəlif funksiyaları vardır və onlar xüsusilə bazar iqtisadiyyatında mühüm rol oynayır. Bazar iqtisadiyyatına keçidlə əlaqədar həyata keçirilən pul-kredit siyasəti də ildən-ilə öz məzmun və keyfiyyətinə görə dəyişilməkdədir. Belə ki, əgər ölkəmizdə müstəqilliyin ilk illərində inflyasiyanın azaldılması, büdcə kəsirinin ləğv edilməsi kimi məsələlərin həll olunması gündəmdə olmuşdursa, sonrakı dövrlərdə iqtisadiyyatın möhkəmlənməsi ilə pul-kredit siyasəti istiqamətində artıq yeni keyfiyyət mərhələsi başlanmışdır. Ölkə­mizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın daha da şaxələndirilməsi və müxtəlif istiqamətlərdə sahibkarlıq fəaliyyətinin təşviq edilməsi müasir dövrdə pul-kredit siyasəti sahəsində qarşıya qoyulmuş vəzifələrdəndir. Belə ki, milli iqtisadiyyatın yenidən qurulduğu bir zamanda ölkənin və regionun öz istehsalı olan malların xüsusi çəkisinin yüksək olması çox vacibdir. Buna isə yerli istehsalın təşkili ilə nail olmaq mümkündür. Yeni yaradılan müəssisələrin vəsait çatışmazlığını nəzərə alsaq, onlara göstərilən kredit dəstəyinin nə dərəcədə zəruri olduğunu görmək olar. Beləliklə, yeni biznes subyektlərinin yaradılmasında həmişə özünü göstərən maliyyə problemlərinin aradan qaldırılmasının yeganə yolu bank kreditləridir. Bu prosesdə həm dövlət, həm banklar, həm də kredit alan tərəflər eyni dərəcədə maraqlıdırlar.
2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunmuşdur. Məqsəd Azərbaycanın zəngin ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunması və ixracatyönümlü son məhsul istehsalı potensialının artırılmasıdır. Ölkəmizin iqtisadi təhlükəsizliyi məsələsi öz aktuallığını qoruduqca sənayeləşmə yolunda da atılan hər addım öz başlanğıcını yeni yaradılan müəssisələrin və həyata keçirilən yeni layihələrin maliyyələşdirilməsindən alır. Keçən müddət ərzində öz yüksək inkişaf dinamikasına görə ölkəmizdə öncül yerdə olan Naxçıvan Muxtar Respublikası da iqtisadiyyatının struktur tərkibi, əhalisinin artan istehlak qabiliyyəti və malik olduğu yerli xammal və əmək ehtiyatları ilə sənayeləşmə yolunda mühüm irəliləyişlər əldə etmişdir. Belə ki, yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 346 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 231 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 332 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Bir zamanlar məlum çətinliklər ucbatından təsərrüfat əlaqələri pozulmuş, nəqliyyat, enerji təminatı kəsilərək iqtisadiyyatı iflic hala düşmüş, demək olar ki, tamamilə idxaldan asılı hala gəlmiş bir regionda aparılan islahatların pərdə arxasında məhz dövlətin yeritdiyi uğurlu pul-kredit siyasətinin dayandığı indi daha aydın görünür. Ötən əsrin 90-cı illərində yalnız pensiya və müavinətlərin, büdcə təşkilatlarında əməkhaqlarının çətinliklə ödənildiyi, inflyasiyanın cilovlanması və ölkədən valyuta axınının qarşısının alınmasında problemlərlə üzləşildiyi bir məqamda real sektordan daha çox bank sektorundakı vəziyyətin sağlamlaşdırılması istiqamətində tədbirlər daha vacib məsələ hesab olunurdu. Həmin ilk dövrlərdə ölkəmizdə siyasi sabitliyin bərqərar olunması və xarici iqtisadi əlaqələrdən ilk valyuta gəlirlərinin əldə olunması sayəsində bank sistemində də zəruri olan stabilliyin təmin edilməsinə və daha sonrakı genişmiqyaslı addımların atılmasına başlanıldı. Və beləliklə, əhalinin məşğulluğunun təmin olunması, torpaq mülkiyyətçilərinə zəruri maliyyə dəstəyinin göstərilməsi, ilk emal müəssisələrinin yaradılması, fəaliyyəti dayanmış müəssisələrin modernləşdirilərək işə salınması, regionun yerli istehsal məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi və xarici bazarlarda möhkəmlənməsi – bütün bunlar muxtar respublikada iqtisadi inkişafın qısa xronologiyası kimi göz önündə canlanır.
Hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 17 bank və bank filialları, 8 bank olmayan kredit təşkilatı tərəfindən muxtar respublika iqtisadiyyatına lazım olan bank xidmətləri göstərilir. Muxtar respublikada makroiqtisadi sabitliyin qorunub saxlanılması, bank sektorunda maliyyə dayanıqlılığının qorunması, maliyyə vasitəçiliyinin genişləndirilməsi, bank-maliyyə sektorunun dərinliyinin və maliyyə resurslarına çıxış imkanlarının artırılması, nağdsız ödənişlərin genişləndirilməsi, elektron ödəniş məkanının formalaşdırılması, elektron bank xidmətlərinə çıxış imkanlarının artırılması, ipoteka kreditləri sisteminin inkişaf etdirilməsi, kredit portfelinin keyfiyyətinin qorunması, faiz dərəcələrinin azaldılması istiqamətində mexanizm formalaşdırılması və antiinflyasiya siyasətinin davam etdirilməsi bank təşkilatları qarşısında qoylmuş vəzifələrdəndir. Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatlarına operativ rəhbərliyi həyata keçirməklə onların muxtar respublikanın iqtisadi və sosial inkişafına öz töhfələrini vermələri üçün hər cür təşkilati və metodoloji dəstəyi göstərməkdədir. Muxtar respublikada bank fəaliyyətinin yüksək şəffaflıq və hesabatlılıqla yerinə yetirilməsi, maliyyə intizamına ciddi əməl edilməsi real sektorda həyata keçirilən hər bir işin sağlam bünövrəsini təmin etməklə pul-kredit sisteminə də etibarın günü-gündən möhkəmlənməsinə şərait yaradır. Hazırda muxtar respublikada bank sektorunun inkişafı yüksək iqtisadi aktivliyə paralellik təşkil etməkdədir. Bu, özünü müxtəlif məqsədlərlə verilən kreditlərdə də göstərir. Belə ki, cari ilin ilk beş ayının yekunlarına əsasən, muxtar respublika üzrə 23 milyon 357 min 100 manat kredit verilmiş, 1 iyun 2014- cü il tarixə kredit qoyuluşunun həcmi 92 milyon 16 min 100 manata çatmışdır. Digər sahələrlə yanaşı, bu kreditlərin 31,5 faizi sənaye məhsulu istehsalının, 34,1 faizi kənd təsərrüfatı və emal sahələrinin, 8,4 faizi inşaat işlərinin, 7,8 faizi ticarət və xidmət sahələrinin genişləndirilməsinə yönəldilmiş, 12,2 faizi ev təsərrüfatlarının istehlak tələbatlarının ödənilməsi, 4,2 faizi ipoteka məqsədilə istifadə edilmişdir.
Muxtar respublikada ödəniş əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması üçün görülən tədbirlər də öz bəhrəsini verməkdədir. Cari ilin ilk beş ayı ərzində 352 ədəd POS-terminal quraşdırılmış və bu göstərici 1 iyun 2014-cü il tarixə 600 ədədə çatmışdır. POS-terminallardan geniş istifadə vəsait­lərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərməkdədir. Muxtar respublikada bir sıra biznes sahələri, xüsusən kənd təsərrüfatı sahəsi üzrə verilən kreditlərin faiz dərəcələrinin endirilməsi hazırda qarşıya qoyulmuş məsələlər sırasındadır. Həyata keçirilən tədbirlər muxtar respublikada sahibkarların kiçik maliyyə resurslarına olan tələbatlarının ödənilməsinə stimul verəcəkdir.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR