22 Dekabr 2024, Bazar

Bir regionun və ya bölgənin sosial-iqtisadi inkişafı həyata keçirilən quruculuq tədbirlərinin miqyası ilə də ölçülür. Bu gün kiməsə sübut etməyə ehtiyac yoxdur ki, tikinti olan yerdə inkişaf var, tərəqqi var. Bunu belə başa düşmək olar: cəmiyyət inkişaf etdikcə, yeni ehtiyacların sayı da çoxalır və nəticədə, tələblərin təmin olunması mövcud və ya yeni infrastrukturun daha müasir şəkildə qurulmasını zəruri edir. Ona görə də muxtar respublikada geniş şəkildə aparılan quruculuq tədbirləri uğurla davam etdirilir. Təyinatından asılı olmayaraq, bu gün muxtar respublikamızda həyata vəsiqə qazanan hər bir tikili insanların rahat işləyib-yaşamaq haqqının qorunmasına hesablanıb. Artıq 19 ilə yaxın bir dövr ərzində burada tikilən və ya yenidən qurularaq istifadəyə verilən yüzlərlə obyekt regionun yeni quruculuq xəritəsini gözlərimiz önündə bir daha canlandırır. Bu xəritənin miqyası isə elə muxtariyyətinin 90-cı ildönümünü qeyd edən Naxçıvan Muxtar Respublikasının fiziki xəritəsi ilə eynilik təşkil edir.

Bəli, muxtar respublikamızın infrastruktur gözəlliyinə yeni çalarlar qatan yeni tikililər diyarımızın bütün bölgələrini əhatə edir. Bir zamanlar ucqar kənd yaşayış məntəqələrinə, sadəcə, torpaq yollar uzanırdısa, indi həmin məntəqələrə rahat yollarla bərabər, qaz, elektrik, müasir rabitə xətləri də uzanır. Ucqarlardan təbii nemətlərin, mərkəzdən isə müasir kommunikasiyaların axdığı bu yollar kəndlə şəhər arasındakı məsafələri təkcə fiziki baxımdan deyil, həm də mənən yaxınlaşdırır. Getdikcə insanların təbiətə daha yaxın olmaq istəyi də (kənddə yaşamaq, istirahət etmək) məhz buradan qaynaqlanır.
Qeyd etdiyimiz kimi, muxtar respublikamızın quruculuq xəritəsində hər bölgənin öz payı var. Belə bölgələrdən biri də adı qədim, yaşı isə gənc olan Kəngərli rayonudur. Kəngərli rayonu cəmi 10 il bundan əvvəl yaradılıb: həm də, necə deyərlər, çöllük bir ərazidə. Ancaq burada görülmüş işləri on ilə sığışdırmaq mümkün deyil. Çünki rayon mərkəzi yaratmaq, adi bir bina tikmək deyil ki, qısa bir müddət ərzində istəyinə nail olasan. Ancaq Heydər Əliyev quruculuq siyasətinin inamla və uğurla davam etdirilməsi bu qədim Kəngərli yurdunda arzuların reallığa çevrilməsinə imkan verib. Bir qəsəbə və 10 kəndi özündə birləşdirən Kəngərli rayonunda ötən illər ərzində geniş həcmdə quruculuq tədbirləri həyata keçirilib. Əsaslı və kompleks şəkildə aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, rayon mərkəzi Qıvraq qəsəbəsi tamamilə öz simasını dəyişib. Bir-birindən gözəl inzibati binalar, mədəniyyət və istirahət parkı, gözəl memarlıq quruluşuna malik mədəniyyət evi qəsəbənin simasına gözəllik qatır. Rayonun Yurdçu kəndi istisna olmaqla, bütün yaşayış məntəqələrində kənd mərkəzləri tikilərək istifadəyə verilib. Rayon mərkəzi Qıvraq qəsəbəsi də daxil olmaqla bütün kəndarası yollar yenidən qurulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ildə Naxçıvana növbəti səfəri zamanı burada daha bir ob­yekt – Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulan binası istifadəyə verilib. Üçmərtəbəli xəstəxana binasında müayinə və müalicə üçün hərtərəfli şərait yaradılıb, xəstəxana müasir tibbi avadanlıqlarla təmin olunub. Qeyd edək ki, qurucu­luq tədbirləri bununla yekunlaşmır. Hazırda rayonda bir neçə obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir.

Muxtar respublikamızda idman infrastrukturunun yaradılmasına göstərilən diqqətin nəticəsidir ki, 2013-cü ilin noyabr ayından rayon mərkəzində Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni binanın tikilməsinə başlanılıb. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Zirzəmi hissədə qazanxana, yeməkxana və sinif otaqları, ikinci mərtəbədə 4 sinif otağı, üçüncü mərtəbədə sinif otaqları ilə yanaşı, kompüter və müəllimlər otaqları yerləşir. Sonuncu mərtəbə isə oyun zalı və hakim otağı üçün nəzərdə tutulub. Hazırda burada inşaat işləri yekunlaşıb, son tamamlama işləri görülür.
Adıçəkilən obyektin yaxınlığında inşa edilən digər quruculuq ünvanı isə rayon Təhsil və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kəngərli Rayon şöbələri üçün tikilən inzibati binadır. İnşasına cari ilin aprel ayından başlanılan bu bina da zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsindən verilən məlumata görə, binanın zirzəmi hissəsində qazanxana, yeməkxana, anbar, qarderob, birinci və ikinci mərtəbələrdə müxtəliftəyinatlı inzibati otaqlar yerləşəcək. Sonuncu mərtəbə isə iclas zalı və digər iş otaqları üçün nəzərdə tutulub. Hazırda binanın birinci və ikinci mərtəbələrində hörgü, üçüncü mərtəbəsində isə beton-qəlib işləri aparılır.
Muxtar respublikamızda əhalinin fasiləsiz enerji ilə təmin olunması da prioritet məsələlərdəndir. Buna görə də elektrik şəbəkələrinin fəaliyyəti daim diqqətdə saxlanılır, onlar üçün hərtərəfli şərait yaradılır. Kəngərli Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati binanın tikilməsi də bu qəbildəndir. Rayon mərkəzində yeni inşa olunan bu obyekt iki mərtəbədən ibarət olacaq. Birinci mərtəbədə anbar, qazanxana, yeməkxana və mərkəzi idarəetmə zalı, ikinci mərtəbədə isə iclas zalı, kompüter otağı və digər inzibati otaqlar yerləşəcək.
Kəngərli rayonunun quruculuq səhifələrində adı qeyd olunacaq digər ünvan isə rayonun ən böyük yaşayış məntəqəsi olan Qarabağlar kəndində yerləşir. Belə ki, 468 şagird yerlik Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin binası yenidən qurulur. Məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Obyektdə söküntü işləri başa çatdırılıb, daxildə suvaq işləri yekunlaşıb. Hazır­da daxildə təchizat işləri aparılır, tavan üzlənir, pilləkənlər yenidən qurulur. Binanın fasad hissəsində isə suvaq işləri davam etdirilir.
Müasir tələblər səviyyəsində qurulacaq məktəb binasında yeməkxana, idman zalı, sinif otaqları, fənn kabinələri, laboratoriya, kitabxana və sair müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsi tərəfindən tikintisi və yenidən qurulması davam etdirilən adıçəkilən obyektlərdə, əsasən, yerli tikinti materiallarından istifadə edilir. Yeri gəlmişkən, istifadə edilən yerli daş və sement məhsulları elə Kəngərli rayonu ərazisində istehsal olunur.
Bəli, muxtar respublikamızın ən gənc rayonu olan Kəngərli rayonunda həyata keçirilən bu quruculuq tədbirləri muxtar respublikamızın, eyni zamanda ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisidir. Adətən, xarici analitiklərin dilindən bu fikirləri tez-tez eşidirik: “Azərbaycan o ölkələrdəndir ki, dünyanın inkişaf etmiş ölkələrinin bir neçə on illər boyu keçdiyi yolu çox qısa bir zamanda – cəmi 20 ilə qət edə bilib”. Bu fikirlər həm də onun təsdiqidir ki, tikinti olan yerdə inkişaf var, tərəqqi var...

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR