Torpağın münbitliyi, yəni əkin üçün yüksək yararlılıq xüsusiyyəti onu digər istehsal vasitələrindən əsaslı şəkildə fərqləndirir. Daim istifadə olunan torpaq əraziləri münbitləşməni zəruri etməklə bərabər, bu istiqamətdə müxtəlif kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsini də qaçılmaz edir.
Torpağın digər istehsal vasitələrindən ən böyük üstünlüyü ondadır ki, başqa istehsal vasitələri işləndikcə köhnəlir, torpaq istehsal prosesindən çıxdıqda və ya ondan səmərəli istifadə olunduqda isə daha da münbitləşir. Bunun üçün torpağın münbitliyini qorumaq ondan istifadə edənlər üçün ən başlıca şərtlərdən biridir. Torpaqların münbitliyinin artırılması, yeni sahələrin əkin dövriyyəsinə daxil edilməsi, habelə əkinçilikdə yeni suvarma metodlarının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq tapşırıqları da bu gün qarşıda duran əsas vəzifələrdən biridir.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, Naxçıvan şəhərində və ona tabe olan qəsəbə, kənd ərazilərində əkin dövriyyəsinə daxil olan torpaqların tərkibi öyrənilmiş, torpaqların və əkinlərin rayonlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birlikdə şəhərin əkin atlasları hazırlanmışdır. Hazırlanan atlaslarda hər bir bələdiyyə ərazisi üzrə torpaqların kartoqram xəritələri, ərazidə yayılmış torpaq tipləri və növ xəstəlikləri üzrə torpaq xəritələri tərtib edilmişdir. Kartoqram xəritələrinin hazırlanması üçün şöbə tərəfindən hər bir bələdiyyə ərazisi üzrə bütün mülkiyyət növləri müəyyənləşdirilərək işçi planlar hazırlanmış və həmin planlar əsasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Layihə Axtarış Kimyalaşdırma Stansiyası tərəfindən yerlərdən torpaq nümunələri götürülərək analizlər aparılmışdır. Aparılmış torpaq analizlərinin yekunu olaraq kartoqram cədvəlləri hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikasının digər bölgələrində olduğu kimi, Naxçıvan şəhərinin inzibati ərazi vahidinə daxil olan kəndlərdə də əhalinin əsas məşğuliyyəti və gəlir mənbəyi torpaqdır. Ümumi sahəsi 19 min 157 hektar olan inzibati ərazi vahidliyinin 4474 hektarını kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir ki, bunun da 1711 hektarı əkinəyararlı torpaqlardır. Şəhər ərazisinin maili düzənliklərdən ibarət olması burada torpaq-iqlim müxtəlifliyini nəzərə almaqla kənd təsərrüfatı bitkiləri əkinlərinin rayonlaşdırılması zərurətini yaratmışdır.
Məlumat üçün qeyd edək ki, Naxçıvan şəhərinin ərazisində, əsasən, boz, boz-çəmən və şabalıdı torpaq tipləri və tip müxtəliflikləri yayılmışdır. Boz torpaqların ərazinin əsas hissəsini təşkil etməklə mexaniki tərkibli və başqa əlamətlərinə görə gilli-boz, ağır gillicəli-boz və orta gillicəli-boz torpaqlar olduğu müəyyən edilmişdir. Bu torpaqlar taxıl, tərəvəz və yonca əkinləri üçün daha çox yararlıdır. Ərazidə orta dərəcədə yayılmış boz-çəmən torpaqların humusla o qədər zəngin olmaması isə həmin ərazilərin aqrotexniki qaydalara uyğun olaraq üzvi və mineral gübrələrin düzgün tətbiqi yolu ilə istifadəsinə imkan verir. Naxçıvan şəhəri ərazisində yayılmış digər torpaq növü isə şabalıdı torpaqdır. Bu tip torpaqlar asan mənimsənilən azot və mübadilə olunan kaliumla yaxşı, fosforla isə nisbətən zəif təmin olunmuşdur. Şabalıdı torpaqların əsas tipik yarımnövləri relyefin hamar hissələrində, səthi azmeyilli yamaclarda inkişaf etmişdir. Mexaniki tərkibi, əsasən, yüngül gillicəli olan bu cür torpaq sahələri həmin ərazilərdə dənli bitkilərin, üzümçülüyün, şəkər çuğunduru sahələrinin artırılması və bol məhsul yetişdirilməsi üçün daha yararlıdır.
Qeyd olunan torpaqların xüsusiyyətləri nəzərə alınaraq aidiyyəti üzrə istifadə olunması bu gün mülkiyyətçilər qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən mütəmadi olaraq sahələrdə torpaq mülkiyyətçiləri ilə maarifləndirici tədbirlər keçirilir, qarşılıqlı fikir mübadilələri aparılır. Həyata keçirilən tədbirlərdə nəticəliliyin təmin olunması üçün kənd təsərrüfatı mütəxəssislərinin iştirakına şərait yaradılmaqla bərabər, məhsul yığımında təhlili müzakirələrə də geniş yer verilir. Bunun nəticəsidir ki, muxtar respublikada əsas strateji məhsul sayılan taxılçılığın inkişafı son illərdə şəhərətrafı kəndlərdə də geniş vüsət almış, 2014-cü ilin məhsulu üçün 1229,1 hektar sahədə taxıl əkini aparılmışdır. Torpaqların münbitliyinin qorunub saxlanılmasında sahəqoruyucu meşə zolaqlarının salınması da mühüm rol oynayır. Ekoloji təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət daşıyan bu amil cari ildə də diqqət mərkəzində saxlanılmış, ilin ilk yarımilində Naxçıvan şəhərində və ona tabe olan kənd yaşayış məntəqələrinin ərazilərində 480 ədəd meşə ağacı, 3700 ədəd həmişəyaşıl, 520 ədəd isə dekorativ ağac əkilmişdir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, 6 hektar sahədə meyvə bağı salınmış, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində, ümumilikdə, 6 min 820 ədəd müxtəlif meyvə ağacları əkilmişdir.
Torpağın münbitliyi iqtisadi qiymətləndirmə baxımından müxtəlifdir. Normal təbii şəraitdə torpaqda gedən bütün proseslər tarazlıq təşkil edir. Lakin torpaq daim təbii və antropogen təsirlərə məruz qalır; onu qar və sel suları yuyaraq aparır, külək dağıdır və sovurur. Bir çox hallarda isə torpağın tarazlıq vəziyyəti insanlar tərəfindən pozulur. Buna görə də torpaqlarda münbitliyin təmin edilməsi baxımından növbəli əkin sistemini tətbiq etmək, yem bitkiləri əkinlərində güclü bitki örtüyü yaratmaq, örüşlərdə otarma normalarına riayət etmək, üzvi gübrələrdən geniş istifadə etmək, suvarma qayda və normalarını diqqətdə saxlamaq qarşıda duran məsələlərdən olmalıdır. İnanırıq ki, torpaq mülkiyyətçiləri ilə bu sahədə maarifləndirici tədbirlərin davam etdirilməsi torpaqlardan səmərəli istifadə olunmasına, mütərəqqi əkinçilik mədəniyyətinin inkişafı ilə bərabər, məhsul bolluğunun yaradılmasına öz töhfəsini verəcəkdir.
Həsən MAHMUDOV
Naxçıvan Muxtar Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsinin müdiri