Yay gəlib, günlər uzanıb. Günəş yatağından daha tez qalxaraq zərrin şüalarını ətrafa səpələyir. Hər tərəf yamyaşıldır. Dağlar-düzlər güldən-çiçəkdən al-əlvan don geyinib, ağaclar barla, tarlalar məhsulla doludur. Elin varı aşıb-daşır. Çayların zümzüməsi, quşların cəh-cəhi bir-birinə qarışaraq xoş “simfoniya” yaradır. Yayın gəlişi, havaların isti keçməsi insanların əhval-ruhiyyəsinə müsbət enerji verməklə onları zəhmətə, qurub-yaratmağa daha da ruhlandırır. Kənd adamlarının işi-gücü, qayğıları birə-on qat artıb yayın gəlişi ilə. Onlar qızmar Günəşi tarlada qarşılamaq üçün indi səhərlər daha erkən durub işə tələsirlər.
Sərhəd bölgəsi Sədərəyin taxıl zəmiləri, kartof, bostan-tərəvəz əkini sahələri, biçənəkləri göz işlədikcə uzanıb gedir. Torpağı bərəkətli, insanları zəhmətkeşdir bu yurdun. Ölkəmizdə, muxtar respublikamızda ərzaq təhlükəsizliyinin uğurlu həlli üçün həyata keçirilən tədbirlər Sədərəkdə də geniş miqyasda öz əksini tapır. Cari ilin məhsulu üçün keçən ilin payızında 1146,5 hektara buğda, 571,7 hektara isə arpa toxumu səpilib.
Yaz əkinləri də müvəffəqiyyətlə başa çatdırılıb. 412 hektara arpa, 34 hektara paxlalı, 100 hektara dən üçün qarğıdalı, 21 hektara günəbaxan, 96 hektara kartof, 413 hektara tərəvəz, 186 hektara bostan, 160 hektara yonca bitkiləri əkilib.
Keçən il taxıl zəmilərindən 6 min 243 ton məhsul toplanıb. Taxılçılar deyirlər ki, bu, dövlətin qayğı və köməyi sayəsindədir. Hər yerdə torpaq sahibkarları kənd təsərrüfatına ümumdövlət qayğısından razılıqla danışırlar.
Sərhəd bölgəsində “sarı kəhrəba” zəmilərinin sahəsinin artması heç də təsadüfi deyildir. Ötən ilin payızında rayon İcra Hakimiyyətində keçirilən müşavirədə əkilməyən torpaqlarda taxılçılığı genişləndirmək və beləliklə də, ərzaq bolluğuna nail olmaq qərara alınmışdı. Təşəbbüs dərhal dəstəklənmiş və çörək sarıdan nigarançılığın olmaması üçün taxıl sahələrinin genişləndirilməsi əzmi ifadə edilmişdi.
İndi Sədərək kəhrəba dənizinə dönüb. Zəmilərdə görünən kombaynlar ruzi-bərəkət toplamaqdadırlar. Artıq biçilmiş sahə 470 hektardan çoxdur, hektarın orta məhsuldarlığı isə hələlik, 22 sentner civarındadır. Şair demişkən, torpaq məhsulu ilə, el taxılı ilə ürəkli görünür.
İyunun əvvəlində Sədərək Rayon İcra Hakimiyyətində taxıl tədarükü üçün texnikanın hazırlanması, məhsulun vaxtında və itkisiz yığılmasına köməklik göstərilməsi ilə bağlı məsələ müzakirə edilib. Qeyd olunub ki, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr Sədərəkdə də uğurla həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına, o cümlədən buğda əkib-becərənlərə subsidiyaların, mineral gübrələrin verilməsi ilə bu sahəyə diqqət xeyli artırılıb.
Bu il taxıl üçün böyük zəhmət çəkilib: torpaq şumlanıb, keyfiyyətli toxum səpilib, zəmilərə qayğı göstərilib, nəticədə, sahələrdə bol məhsul yetişib. Texnikanın vaxtında biçinə çıxarılması, onun imkanlarından maksimum istifadə olunması təmin edilib. Hər hektardan götürülən məhsulun 2-3 ailənin illik tələbatını ödəyəcəyi gözlənilir.
Rayonda “Taxıl sahələrinin yanğın təhlükəsizliyi” mövzusunda müşavirə də keçirilib. Torpaq sahibkarlarının, fermerlerin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirak etdiyi toplantıda yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb, cavabdeh şəxslərin biçin zamanı daha da diqqətli və hazırlıqlı olmasının vacibliyi vurğulanıb.
Taxıl biçini dövrü biz də bəzi sahələrə baş çəkdik. Araz çayı sahilinə uzanan yol geniş taxıl zəmisini iki yerə bölür. Bəzi yerlərin məhsulu biçilib. Havadan təzə buğda ətri, bərəkət iyi gəlir. Məhsulu yığılmış zəmilər adamın qəlbində xoş duyğular oyadır. Qollarını geniş açıb hamımıza ana olan, bizi yedirən, içirən, yaşadan bu bərəkətli çölləri qucaqlamaq istəyirsən...
Yolumuz Qaraağac kəndinədir. Rayonun qabaqcıl fermerlərindən olan Vəli İbrahimov burada yaşayır. Taxıl biçininin vəziyyəti ilə maraqlanırıq:
– Havalar əlverişli keçir, – deyir, – ona görə də hər dəqiqənin qədrini bilir, biçini mümkün qədər tez və itkisiz qurtarmağa çalışırıq. İlkin nəticələr fərəhlidir. Belə ki, ötən illərlə müqayisədə hər hektarın məhsuldarlığı 3-4 sentner yüksəlib. Elə zəmilərimiz var ki, hər hektarın məhsuldarlığı 30-35 sentnerə çatır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Sədərək bazasının kombaynçıları Qəzənfər Abbasov və İbrahim Məmmədovun işindən razıyıq. Onlar məhsulumuzu itkisiz biçirlər. Başqa sahələrdə də işlərimiz yaxşı gedir. Bu sözləri ona görə deyirəm ki, kənd adamı hər işlə məşğuldur: taxıl da əkir, bostan-tərəvəz məhsulları da yetişdirir, mal-qara da saxlayır. Daha doğrusu, öz illik azuqəsini və xərcini torpaqdan çıxardır. Yaz, yay, payız fəsillərində bekar vaxtımız olmur.
Heydərabad qəsəbəsinin əkin sahələrində də olduq, fermerlərlə, torpaq sahibkarları ilə sahələrdə görüşüb söhbət etdik, taxıl biçininin gedişini izlədik. Bölgənin hər yerində yüksək işgüzarlığın və mütəşəkkilliyin, ruh yüksəkliyinin şahidi olduq. Kənd adamlarını belə bir cəhət xüsusilə razı salır ki, taxıl biçinini vaxtında və itkisiz başa çatdırmaq üçün rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Xahiş və müraciətlər dərhal, operativ surətdə öz həllini tapır.
Yayın bu vədəsində ümidlərini torpağa bağlayan kənd adamları əsl hünər göstərir, daha çox məhsul istehsal etmək istəyilə yorulmaq bilmədən çalışırlar. Saat 14 radələridir. Sədərəkdə qızmar Günəş göydən yerə od ələyir. Amma əl işdən soyumur. Torpaq adamları sanki Günəşdən güc alırlar. Bir də axı günün bu çağında kombayn taxılı daha rahat biçir və döyür. Məhsulunuz bol, işiniz avand olsun, sədərəklilər.
Cəfər ƏLİYEV