Naxçıvan Muxtar Respublikasında aparılan genişhəcmli tikinti-quruculuq işlərinin bir hissəsini də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər təşkil edir. Bu sahədə görülən işlərin nəticəsidir ki, son illər xeyli ailə yeni, hər cür şəraitə malik mənzillərlə təmin olunub. Yeni yaşayış binalarının tikilməsi, təmirə ehtiyacı olan binaların əsaslı şəkildə yenidən qurulması vətəndaşlara rahat yaşamaq imkanı verməklə bərabər, həm də şəhərimizə gözəllik bəxş edir.
Bunlardan biri də Naxçıvan şəhərinin “İstiqlal” küçəsində yerləşən 87 nömrəli yaşayış binasıdır. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən əsaslı təmir edilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Binanın bünövrəsində bərkitmə işləri aparılaraq yeni dayaqlar qoyulub, eni 3 metr artırılıb. 33 mənzildən ibarət binanın dam örtüyü vurulub, qapı-pəncərələr salınıb. Hazırda daxildə suvaq işləri aparılır, son mərtəbədə arakəsmələr hörülür, fasad hissədə isə binanın üzlük daşla üzlənməsi davam etdirilir.
Atatürk küçəsində inşa olunan yeni yaşayış binası isə öz əzəməti ilə göz oxşayır. Zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olacaq binada tikinti işlərinə ötən ilin fevral ayından başlanılıb. 54 mənzilli nəzərdə tutulmuş yaşayış binasında hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda daxildə və fasad hissədə suvaq işləri aparılır, pəncərələr salınır. Binanın tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.
Həmin küçədəki 5 nömrəli yaşayış binasının isə əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən yenidən qurulan bina əvvəllər ikimərtəbəli olub. İndi isə bina bir mərtəbə artırılaraq əlavə 7 metrədək genişləndirilib. Hazırda binanın dam örtüyünün vurulmasına başlanılıb, ikinci və üçüncü mərtəbələrin bəzi bölümlərində arakəsmələrin hörülməsi davam etdirilir. İşlər yekunlaşdıqdan sonra 30 mənzildən ibarət olacaq binanın birinci mərtəbəsində mağazalar və xidmət obyektləri fəaliyyət göstərəcək.
Hər üç obyektdə yerli tikinti materiallarından istifadə edilməklə təhlükəsizlik qaydalarına da ciddi əməl olunur.
Səbuhi HƏSƏNOV