Muxtar respublikada əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər bu sahədə yüksək nəticələrə nail olunmasına imkan verib. Həmin tədbirlərdən Ordubad rayonuna da xeyli pay düşüb. Rayon Rabitə İdarəsindən aldığımız məlumata görə, cari ilin ilk 10 ayı ərzində rayonda rabitə xidmətinin səviyyəsini yüksəltmək üçün həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilib. Qeyd edək ki, 2013-cü ilin ilk 10 ayı ərzində əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 3006,5 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur. Cari ilin ötən dövrü ərzində 160-a yaxın abunəçiyə telefon xətti çəkilib. İnternet istifadəçilərinin də sayı gündən-günə artmaqdadır.
Ordubad rayonunun Gəmiqaya qolu üstündə yerləşən Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz kəndlərində kompleks quruculuq tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu ünvanlarda yeni xətlər çəkilib, avtomat telefon stansiyası quraşdırılaraq rayonda olan ATS-lərin sayı 25-ə çatdırılıb. Bölgənin digər yaşayış məntəqələrində də ilin ötən dövründə cari və əsaslı təmir işləri aparılıb. Rabitəçilər abunəçilərin qış mövsümündə hansısa problemlərlə üzləşməmələri üçün qışa hazırlıq tədbirlərini başa çatdırıblar.
Müntəzəm olaraq rabitəçilər ATS-lərdə reydlər aparır, texniki göstəricilərin normativlərə uyğun olub-olmadığı yoxlanılır, sıradan çıxmış akkumulyatorlar yeniləri ilə əvəz olunur.
Xəbərlər şöbəsi