Kənd yaşayış məntəqələrinin böyük əksəriyyəti dağlıq zonada yerləşən Ordubad rayonuna da son illər muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən xeyli pay düşmüş, belə tədbirlər hesabına bölgənin siması əsaslı surətdə dəyişilmişdir. Sevindirici haldır ki, inşaat işləri ucqar dağ kəndlərini də əhatə edir. Cari ildə də belə tədbirlər davam etdirilir. Bir neçə gün əvvəl rayonun Ələhi, Xurs və Nürgüt kəndlərində yeni sosial obyektlərin açılışı olmuşdur. Hazırda Bist kəndində yeni obyektlər təhvilə hazırlanır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları bir neçə aydır ki, Bist kəndində quruculuq tədbirləri həyata keçirirlər. Yeni obyektlərdən biri xidmət mərkəzidir. Burada gözəllik salonu, bərbərxana, ət satışı yeri və mağaza fəaliyyət göstərəcək. İnşaatçılar həyata keçirdikləri quruculuq tədbirində keyfiyyət amilinə ciddi diqqət yetirirlər. Onlara yaradılan şərait isə imkan verib ki, yeni obyekt vaxtında kənd camaatının istifadəsinə verilsin. Digər bir yeni tikilidə həkim ambulatoriyası fəaliyyət göstərəcək. Ambulatoriya binasında kənd sakinlərinə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılacaq.
Hər iki obyektdə son tamamlama işləri həyata keçirilir.
Xəbərlər şöbəsi