Sədərək rayonunda həyata keçirilən tikinti-quruculuq tədbirləri dinamik xarakter alıb. Bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində rayon mərkəzi Heydərabad qəsəbəsində zirzəmi ilə birlikdə üçmərtəbəli 144 yerlik uşaq bağçasının açılışı olub. İlin quruculuq ərməğanlarından biri də Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin istifadəyə verilməsidir. Həmin xətdən Şərur rayonunda 17 min 772, Kəngərli rayonunda 5355, Sədərək rayonunda isə 2182 abonent olmaqla, 25 mindən artıq abonent istifadə etmək imkanı qazanıb.
Hazırda Sədərək kəndində həyata keçirilən quruculuq tədbirləri sırasında yenidən qurulan 1 nömrəli tam orta məktəbin binası da var. Binanın görkəmi tamamilə yenilənib. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan təhsil ocağının binasında tədrisin səviyyəsini yüksəltmək üçün hərtərəfli şərait yaradılır. Bu quruculuq tədbirini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.
Bölgədə diqqəti cəlb edən quruculuq işləri sırasında “Sədərək rayonunun içməli su və kanalizasiya sisteminin yenidən qurulması” layihəsini də qeyd etmək olar. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən reallaşdırılan layihə rayonda bu sahədə olan mövcud problemləri aradan qaldıracaq.
Daha bir quruculuq tədbiri Araz çayından qidalanan Şir arxının üzərində sərfiyyatı saatda 3 min kubmetr olan yeni nasos stansiyasının tikintisidir. Bu obyekt istifadəyə verildikdən sonra bölgədə min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcək.
Bir neçə ildir ki, Araz çayı üzərində aparılan sahilbərkitmə işləri bu rayonu da əhatə edib. Bu günədək 6 min 500 metrə yaxın məsafədə sahilbərkitmə, 2090 metr məsafədə isə torpaq-bənd tədbirləri görülüb. Hazırda 720 metr məsafədə daşla sahilbərkitmə işləri həyata keçirilir. Bu quruculuq tədbiri rayonda yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verəcək, torpaqların yuyulmasının və şoranlaşmasının qarşısını alacaq.
Xəbərlər şöbəsi