“Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratmışdır. Bu istiqamətdə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə, o cümlədən muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Son illər Böyük İpək Yolunun üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək və 32 kilometrlik Naxçıvan-Culfa magistral, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolu, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu və uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yolu istifadəyə verilmişdir. Təkcə bir faktı qeyd edək ki, son 16 ildə muxtar respublikamızda 3221 kilometr uzunluğunda yeni avtomobil yolu salınmışdır ki, bu da 1924-1995-ci illər ərzində salınmış 1320 kilometr uzunluğunda avtomobil yollarından 2,4 dəfə çoxdur. Cari ildə də yol infrastrukturunun yenidən qurulması mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılmış, “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunmaqla Naxçıvan-Şahbuz-Batabat, Hacıvar-Vayxır-Sirab və Gömür-Ağbulaq avtomobil yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində işlər uğurla davam etdirilmişdir. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun Naxçıvan-Şahbuz hissəsində eni 17,2 metr, uzunluğu 31,7 kilometr olan dördzolaqlı avtomobil yolu salınmış, 5 körpü, 40 selötürücü inşa olunmuş, yola 68 ədəd suötürücü boru salınmış, yol kənarına 15 min 285 metr uzunluğunda suaparıcı beton kanal çəkilmiş, yola asfalt-beton verilmişdir. Yolun Şahbuz-Batabat hissəsində isə eni 9 metr, uzunluğu 30,1 kilometr olan ikizolaqlı avtomobil yolu çəkilmiş, yolda 9 körpü, 20 ədəd selötürücü inşa olunmuş, 126 ədəd suötürücü boru salınmış, yol kənarına 2250 metr məsafədə suaparıcı beton kanal çəkilmiş, yola asfalt-beton örtük salınmışdır. Hacıvar-Vayxır-Sirab avtomobil yolunun Hacıvar-Vayxır istiqamətində eni 8 metr, uzunluğu 18,4 kilometr olan ikizolaqlı avtomobil yolu salınmış, 1 körpü, 3 ədəd selötürücü inşa olunmuş, 136 ədəd suötürücü boru salınmışdır. Yolun Sirab kəndi istiqamətində isə eni 7,2 metr, uzunluğu 6,1 kilometr olan ikizolaqlı avtomobil yolu çəkilmiş, 69 ədəd suötürücü boru qoyulmuş, yola asfalt-beton örtük salınmışdır. Şahbuz rayonundakı Gömür-Ağbulaq avtomobil yolunun Ağbulaq kəndi istiqamətində eni 7,2 metr, uzunluğu 4,8 kilometr olan ikizolaqlı avtomobil yolu çəkilmiş, yolda 2 körpü inşa olunmuş, yola 10 ədəd suötürücü boru salınmış, yol kənarında 200 metr məsafədə istinad divarı tikilmiş və suaparıcı beton kanal çəkilərək baryerlər qurulmuşdur. Gömür kəndi istiqamətində isə eni 7,2 metr, uzunluğu 2 kilometr olan ikizolaqlı avtomobil yolu çəkilmiş, asfalt-beton örtük salınmışdır.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin Baş direktoru Bəhruz Əsgərov bizimlə söhbətində qeyd etdi ki, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalı üçün möhkəm zəmin yaradılmış, müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilmişdir. Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan Yol İstismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, şirkət istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınmasında mühüm rol oynayan müasir mexanizmlərlə təmin olunmuşdur. Bu da, təbii ki, genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilən muxtar respublikamızda yol infrastrukturunun yenidən qurulmasına əlverişli şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan Yol İstismar idarələrinin kollektivləri cari ildə də respublika və yerli əhəmiyyətli yollarda əsaslı və cari təmir işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərmişdir. Şərur rayonunda daxili avtomobil yollarında, Məmməd Sabir-Aralıq, Dizə-Gümüşlü kənd avtomobil yollarında cari təmir işləri aparılmış, Püsyan-Xanlıqlar avtomobil yolu təmir olunmuş, Şahbulaq kənd avtomobil yolu yenidən qurularaq 2 körpü tikilmiş, Axura kənd avtomobil yolunda körpü təmir olunmuşdur. Bundan başqa, Xanlıqlar kəndində 4 kilometr məsafədə, Dəmirçi kəndində 0,8 kilometr məsafədə, Sərxanlı kəndində isə 1,5 kilometr məsafədə avtomobil yoluna asfalt-beton örtük salınmışdır.
Culfa rayonunda daxili avtomobil yollarında və Culfa-Ordubad avtomobil yolunda cari təmir işləri görülmüşdür. Qızılca kənd avtomobil yolu təmir olunmuş, Kırna kəndinə giriş avtomobil yoluna 4,2 kilometr məsafədə asfalt örtük salınmışdır.
Kəngərli rayonunun Xok kəndində ümumi uzunluğu 7,6 kilometr olan ikizolaqlı avtomobil yolu yenidən qurularaq 80 su keçidi tikilmiş, beton kanal çəkilmiş, yola asfalt-beton salınmışdır.
Ordubad şəhərində şəhərdaxili, Aza-Biləv, Dəstə-Dırnıs avtomobil yollarında cari təmir işləri, Düylün-Çənnəb-Məzrə avtomobil yolunda təmir işləri aparılmışdır. Həmçinin Gənzə kənd avtomobil yolunda istinad divarı tikilmiş, Biləv-Xurs-Nəsirvaz kənd avtomobil yolunda torpaq işləri görülmüşdür.
Ərazisi dağlıq və dağətəyi zonadan ibarət olan Şahbuz rayonunda rayondaxili avtomobil yollarında cari təmir işləri görülmüş, ümumi uzunluğu 16 kilometr olan Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolu yenidən qurulmuş, yol yatağı genişləndirilmiş, istinad divarları tikilmiş, ikizolaqlı avtomobil yolunda 9 körpü, 30 selötürücü, 97 suötürücü inşa olunmuş, yola asfalt-beton örtük salınmışdır.
Keyfiyyətli asfalt-beton istehsalı da diqqət mərkəzində saxlanılmış, cari ilin ötən dövründə 82 min 650 ton asfalt-beton istehsal olunmuşdur. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, regionumuzda mövcud olan 274 kilometr dövlət əhəmiyyətli, 1199 kilometr isə yerli əhəmiyyətli avtomobil yollarında hərəkətin intensivliyinin təmin olunmasına əlverişli şərait yaradılmışdır.
2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirildiyini bildirən Bəhruz Əsgərov onu da vurğuladı ki, leysan yağışları zamanı və soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsi məqsədilə bütün texnikalar saz vəziyyətə gətirilmişdir. Fəhlə və mexanizatorlar mövsümlə əlaqədar iş paltarları ilə təmin olunmuşlar. Ümumilikdə, 11 ədəd avtoqreyder, 27 ədəd özüyükünüboşaldan avtomaşın, 9 ədəd buldozer, 1 ədəd qumsəpən avtomaşın, 7 ədəd ekskavator və 4 ədəd avtoyükləyici muxtar respublikamızın ayrı-ayrı rayonlarının, ucqar dağ və sərhəd kəndlərinin avtomobil yollarında yarana biləcək hər hansı maneənin vaxtında aradan qaldırılması üçün tam hazır vəziyyətdədir. Həmçinin avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də diqqət mərkəzində saxlanılmış, Şorsu massivindən daşınan xammal Naxçıvan Asfalt-Beton Zavodunda qurulmuş qum-çınqıl karxanasında üyüdülərək ayrı-ayrı rayonlara göndərilmişdir. Ümumilikdə, 2000 kubmetr qum ehtiyatı yaradılmışdır.
Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, qarlı-çovğunlu günlərdə istər magistral, istərsə də rayon mərkəzlərini ucqar dağ və sərhəd kəndləri ilə birləşdirən yerli əhəmiyyətli yollarda hərəkətin intensivliyi operativ surətdə təmin ediləcəkdir.
Kərəm HƏSƏNOV