Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2013-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 768 milyon 736 min 600 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 8,6 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır. Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 7,4 faiz artaraq 4104,7 manata (5231,6 ABŞ dollarına) çatmışdır.
* * *
2013-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 725 milyon 161 min 800 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,8 faiz üstələmişdir.
* * *
Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 886 milyon 870 min 400 manat həcmində investisiya yönəldilmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 8,9 faiz artmışdır.
* * *
Qeyd olunan dövr ərzində informasiya və rabitə xidmətlərinin həcmi 38 milyon 848 min 400 manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 33 milyon 299 min 600 manat olmaqla bir il öncəki göstəricini 6,6 faiz üstələmişdir.
* * *
Bu ilin yanvar-oktyabr aylarında muxtar respublikada 280 milyon 719 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 7,1 faiz üstələmişdir. Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 15,9 min ton ət (diri çəkidə), 72,5 min ton süd istehsal edilmiş, 2012-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 0,2 faiz artmışdır.
* * *
Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 1 milyard 334 milyon 821 min 600 manat, onun hər bir nəfərə düşən həcmi isə 3,5 faiz yüksələrək 3097,8 manat təşkil etmişdir.
* * *
Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2013-cü ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 376 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artmışdır.
* * *
1 noyabr 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 23979-a çatmışdır ki, bunun da 20701-i və ya 86,3 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar-oktyabr ayları ərzində açılmış 7168 bank hesabının 7114-ü və ya 99,2 faizi aktiv hesablardır.
* * *
Qeyd olunan dövr ərzində muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 387 milyon 17 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 5 faiz artaraq 287 milyon 820 min ABŞ dollarından çox olmuş və xarici ticarət üzrə 188 milyon 623 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.
* * *
2013-cü ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 36 milyon 123 min 400 manat həcmində kreditlər verilmişdir.
* * *
1 noyabr 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8889 nəfər və ya 2,1 faiz artaraq 434548 nəfər təşkil etmişdir. 2013-cü ilin yanvar-oktyabr aylarında 8627 körpə doğulmuşdur.