22 Dekabr 2024, Bazar

Sənaye məhsulu istehsalı regionda iqtisadi inkişafın mühüm göstəricilərindən biri olub, əməktutumlu yeni iş yerlərinin yaradılmasının, innovasiyaların tətbiqi və ixracyönümlü əmtəələrin çeşidinin artırılmasının əsas yollarından biridir. Sənayeləşmə vasitəsilə müxtəlif sahələrdən əldə olunan xammal ehtiyatları insanların tələbatlarına cavab verə bilən son məhsul halına gətirilir, ixtisaslaşmış əməyin tətbiqinə geniş meydan açılır. Sənayenin inkişaf etdirilməsi düzgün idarə olunduqda o, ekoloji tarazlığa zərər vurmadan xammal, kapital və əmək ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunmasının ən səmərəli yolu hesab olunur. Regional inkişaf üçün zəruri olan sənaye məhsulu istehsalında sənaye parklarının yaradılması sahibkar, bazar və tənzimləmə strukturları arasındakı münasibətləri tənzimləyən, eləcə də bazarın tələblərinə uyğun proqnoz nəticələrinə əsaslanan məhsul istehsalına nail olunmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikasının müasir inkişaf mərhələsində sənaye parkının yaradılması ideyası bir sıra zərurətlərə əsaslanır. İlk olaraq iqtisadi inkişafın sürətlənməsi, infrastruktur sahələrinin genişlənməsi və əhali gəlirlərinin artması ilə əlaqədar muxtar respublikada istehlak mallarına, tikinti materiallarına olan tələbatın artmasını göstərə bilərik. Belə ki, keçmiş sovet dönəmində ucqar bir region kimi sənayeləşmə aparılmayan bir ərazidə son illərin əsl inkişaf dalğasının yaratdığı tələbatın ödənilməsi üçün idxal məhsullar üstünlük təşkil etmişdir. İkinci cəhət ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasına ölkəmizin paytaxtından və digər yerlərindən gətirilən sənaye məhsullarının maya dəyəri kifayət qədər çox yol məsrəfləri ucbatından artaraq yaxın region ölkələrindən gətirilən məhsullarla rəqabət qabiliyyəti aşağı səviyyəyə düşür. Üçüncü və mühüm bir xüsusiyyət isə bir çox sənaye məhsullarının istehsalı üçün Naxçıvanda istehsala və ya təkrar emala yararlı xammalın kifayət qədər olması ilə əlaqələndirilə bilər. Bu baxımdan muxtar respublikanın zəngin mineral ehtiyatlarını iqtisadi dövriyyəyə cəlb etmək və onun tranzit imkanlarını da nəzərə almaqla, kompleks sənaye istehsalına nail olmaqla daxili bazarın mövcud ehtiyaclarının mühüm bir hissəsini ödəmək, xarici bazarlara da çıxış əldə etmək mümkündür. Sənaye parkı timsalında bu məsələyə yanaşma bir də onunla əhəmiyyətlidir ki, qloballaşmanın tələbi ilə indi hər istehsal olunmuş məhsulun dünyadakı analoqları ilə rəqabət apara bilməsi onun sahibkarının müvəffəqiyyəti sayılır. Xarici bazarlara çıxarılması nəzərdə tutulmasa da, hər bir sənaye məhsulunun idxal məhsullarla daxili bazarda rəqabət apara bilməsi üçün onun daha keyfiyyətli olması günün vacib şərtlərindən biridir. Bütün bunlar məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Əsasnamə”də də göstərilərək, “Sənaye parklarında qanunverici­liklə qadağan edilməyən, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabətqabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir” şəklində qeyd olunmuşdur.
Muxtar respublikamızda sənaye parkı yaradılması istiqamətində görülən işlər haqqında vəziyyətlə tanış olmaq üçün səlahiyyətli orqan olan Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, sənaye parkının yaradılması uyğun hesab edilən, dövlət, xüsusi, həmçinin bələdiyyə mülkiyyətində olan torpaq sahələri haqqında təkliflərin hazırlanması istiqamətində işlər tamamlanmış və aşağıdakı layihələr hazırlanmışdır: Sənaye parkının nizamnaməsinin layihəsi, sənaye parkı üzrə operatorun müsabiqə əsasında seçilməsi qaydasının layihəsi, sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması və onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi qaydalarının layihəsi, sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabat, habelə öz fəaliyyətinin kənar auditor hesabatının hazırlanması və təqdim edilməsi qaydalarının layihəsi, hüquqi və fiziki şəxslərlə operatorun niyyət razılaşmasının nümunəvi formasının layihəsi, hüquqi və fiziki şəxslərin qeydiyyata keçmələri üçün ərizə forması və ona əlavə edilən sənədlərin siyahısının layihəsi, təqdim olunan investisiya layihəsinin müəyyən edilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi qaydalarının layihəsi, sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydalarının və qeydiyyat şəhadətnaməsinin formasının layihəsi, sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə müqaviləsinin nümunəvi formasının layihəsi, birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması qaydalarının layihəsi.
Nazirlikdən verilən məlumatda həmçinin muxtar respublikamızda istehsal sahələri və infrastruktur nəzərə alınmaqla sənaye parkında yaradılması üçün təklif edilən layihələrə misal olaraq izolyasiya materialları, qiymətli metallardan zərgərlik məmulatları, kafel, metlax və seramik məmulatları, elektrik akkumulyatorları, elektrik naqilləri, fərdi mənzillər üçün kombi, su, qaz və elektrik sayğacları, birdəfəlik tibbi şpris, qaynaq üçün elektrod, məişət avadanlıqları və elektronik cihazlar, məktəbli və ofis ləvazimatları, sumbata bezi (pas kağızı), divar kağızı (oboy), qələm istehsalı, istismar müddəti başa çatmış avtomobil şinlərinin utilizasiyası, şurup istehsalı, yivli metal qapaq, element, birdəfəlik plastik tara, dərman preparatları, kosmetik məqsədli yağ, ekstrat və preparatlar, balıq yemi, konservləşdirilmiş qarğıdalı, südlü uşaq yeməyi, meyvəli yoğurt, bitki yağı istehsalı sahələrini göstərə bilərik.
Gələcəkdə muxtar respublikamızda bu layihələrin hansılarının uğur qazanacağına, hansılarının daha uzunmüddətli olacağına bazar qərar verəcəkdir. İndi isə qarşıda duran məsələ bu və ya digər layihələrin texniki-iqtisadi cəhətdən əsaslandırılmasını, bazarın mövcud vəziyyətinə görə bunların həyata keçirilməsini təmin etməkdir.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR