22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən iqtisadi inkişaf modelinin strateji istiqamətlərindən biri mövcud təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasıdır. Bu da, öz növbəsində, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı və bir sıra konkret sahələr üzrə mühüm dövlət proqramlarının qəbul edilməsini şərtləndirir. Ötən illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə muxtar respublikanın gələcək inkişafında təməl rolunu oynayan dövlət proqramları təsdiq edilib. Bu proqramların icrasının uğurla və yüksək keyfiyyətlə həyata keçirildiyi bölgələrimizdən biri də Babək rayonudur. Bunu 2013-cü ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri də təsdiqləyir.  

Naxçıvanın malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, infrastrukturun yenilənməsi, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması muxtar respublikada prioritet sahələrdir.

Qeyd etmək istərdik ki, bu gün muxtar respublikanın şəhər və rayonlarının, eləcə də qəsəbə və kənd yaşayış məntəqələrinin mövcud inkişaf səviyyəsi onların qarşıdakı dövr ərzində, ümumilikdə, ölkənin sosial-iqtisadi həyatında daha böyük rol oynayacağını deməyə əsas verir. Yazıda sadalayacağımız göstəricilər isə öz növbəsində, regionların tərəqqisi istiqamətində həyata keçirilən dövlət siyasətinin, qəbul olunmuş müvafiq proqramların artıq öz müsbət nəticələrini verməsinin real təsdiqi kimi çıxış edir.
Hər il rayon mərkəzində və kənd yaşayış məntəqələrində məktəb, səhiyyə, mədəniyyət müəssisələri üçün binalar, hüquq-mühafizə orqanları, rabitə və digər sahələr üçün yeni obyektlər inşa olunur. Təkcə bu ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 53 milyon 238 min manat və ya 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 8,4 faiz artaraq 50 milyon 330 min manat təşkil edib. Həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna da müsbət təsir göstərib. Babək Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 351,2 manata çatdırılıb. Həyata keçirilən quruculuq tədbirləri sayəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının və texniki parkının, rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının, Şəkərabad kəndində kənd mərkəzinin, feldşer-mama məntəqəsi üçün binanın tikintisi, rayon Dövlət Notariat Kontorunun və rayon Qeydiyyat Şöbəsinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb, rayon Mərkəzi Xəstəxanasının tikintisi, Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmiri, 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin təmiri davam etdirilib. Şəkərabad kəndində 306 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması yekunlaşdırılıb. Hazırda Babək qəsəbəsində uşaq bağçası binasının, Çeşməbasar kəndində kənd mərkəzinin, həkim ambulatoriyası binasının tikintisi, Cəhri kəndində 1 nömrəli tam orta məktəb binasının yenidən qurulması, Cəhri Kənd Sahə Xəstəxanasının əsaslı təmiri, Şıxmahmud kəndində həkim ambulatoriyası, Çeşməbasar və Sirab kəndlərində tam orta məktəb binalarının təmiri davam etdirilir. Rayon üçün böyük əhəmiyyətə malik olan yolların çəkilişinə də xüsusi diqqət yetirilir. Belə ki, Şıxmahmud kəndində 2,8 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması başa çatdırılıb, rayon ərazisində bir körpünün tikintisi, Hacıvar-Vayxır-Sirab, Şəkərabad-Hacıvar avtomobil yollarının yenidən qurulması, rayon ərazisində bir körpünün isə təmiri davam etdirilib. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Dərəşam-Nehrəm mənzilinin 433-cü kilometrində sel sularının istiqamətləndirilməsi və dağ uçqunlarının qarşısının alınması məqsədilə istinad divarlarının tikintisi başa çatdırılıb. Bütün bu sadalanan quruculuq tədbirləri rayonun gündən-günə müasirləşən simasına yeni çalarlar əlavə edib.
Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın başlıca şərtidir. Ona görə də əhalinin əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafıq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Muxtar respublika rəhbərinin sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində Babək rayonunda görülən işlər də davamlı inkişafın təmin edilməsinə yönəldilib. Adıçəkilən dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin bu bölgəmizdə vaxtında və layiqincə yerinə yetirilməsi rayonda torpağın hər qarışından düzgün və səmərəli istifadə edilməsinə, hər hektarın məhsuldarlığının artırılmasına, kənd təsərrüfatı sahəsində daha yüksək nailiyyətlər əldə olunmasına, bütövlükdə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə hədəflənib.
Bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz çox sənaye məhsulu istehsal olunub, rayonun sənaye müəssisələrində 2698 işçi çalışıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 358 manata çatdırılıb. Cari ilin ilk 9 ayında rayon ərazisində bir heyvandarlıq təsərrüfatı, Qoşadizə kəndində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş ət məhsulları kompleksi, Nehrəm, Qahab, Yarımca və Şıxmahmud kəndlərinin hər birində bir çörək istehsalı sahəsi, Araz kəndində quşçuluq təsərrüfatı, Qahab, Gülşənabad, Kültəpə və Qaraqala kəndlərinin hər birində bir meyvəçilik təsərrüfatı yaradılıb, Cəhri kəndində quşçuluq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi işləri başa çatdırılıb. Bu sahədə görülən işlər yuxarıda sadalananlarla yekunlaşmır. Belə ki, hazırda rayonun Nehrəm, Cəhri və Şıxmahmud kəndlərinin hər birində quşçuluq, Qahab və Didivar kəndlərinin hər birində bir üzümçülük, Zeynəddin kəndində arıçılıq təsərrüfatlarının, Qahab kəndində çörək, Qaraqala və Qahab kəndlərinin hər birində bir pendir istehsalı sahəsinin, Qoşadizə kəndində istixana kompleksinin, Kültəpə və Qoşadizə kəndlərinin hər birində südün emalı və xama istehsalı sahəsinin, Qahab və Badaşqan kəndlərinin hər birində şirniyyat (lokum) istehsalı sahəsinin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayonda aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Babək Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 1 oktyabr tarixə rayonda 10529 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 32264 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 30,6 sentner olub. 1 oktyabr 2012-ci illə müqayisədə yığım sahəsi 3,4 faiz və yaxud 343 hektar, yığılmış məhsul 3,2 faiz və yaxud 994 ton çoxdur. Bundan başqa, 7776 hektar buğda əkini sahəsindən 24162 ton məhsul toplanılıb. Orta hesabla hər hektarın məhsuldarlığı 31,1 sentnerə çatdırılıb. 2586 hektar arpa əkini sahəsindən isə 7560 ton arpa yığılıb. Orta hesabla hər hektardan məhsuldarlıq 29,2 sentner olub. Digər əkinçilik sahələrində də məhsuldarlıq yüksəkdir.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” Babək rayonunda da uğurla icra edilir. Mühüm elmi-nəzəri, sosial-iqtisadi əhəmiyyət kəsb edən proqramda qarşıya qoyulan tələblərin maksimum şəkildə icrası üçün münbit ərazilər, əlverişli iqlim və su təminatı baxımından  rayonun potensialı və imkanları genişdir. Buna görə də ötən ildən başlayaraq burada bağların yaradılması və ixtisaslaşdırılmasına, yerli şəraitə uyğunlaşdırılmış məhsuldar meyvə-tərəvəz növlərinin çeşidlərinin bərpa edilməsinə, yeni texnologiyalara əsaslanan meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir.  Bundan başqa, bölgədə qiymətli meyvə ağaclarının və növlərinin yetişdirilməsi üçün aqrotexniki qaydalara ciddi əməl edilməsi, il ərzində əhalinin meyvə-tərəvəzlə təminatı üçün soyuducu anbarların tikintisi, meyvə-tərəvəzlə bağlı sahələrin inkişafının müdafiə olunması, meyvə və giləmeyvə növlərinin genefondunun və daha iqtisadi əhəmiyyətli növlərinin müəyyənləşdirilməsi məsələləri  də diqqət mərkəzindədir. Barverən meyvə bağlarından 5320 ton məhsul yığılıb ki, bu da 1 oktyabr 2012-ci illə müqayisədə 53 ton çoxdur. Barverən üzüm bağlarından 4883 ton məhsul yığılıb. Bu da 1 oktyabr 2012-ci illə müqayisədə 1,3 faiz və yaxud 61 ton çoxdur.
Əkinçiliyin inkişaf etdirilməsində əsas amillərdən biri torpaq sahələrini normalara uyğun suvarma suyu ilə təmin etməkdən ibarətdir. Torpağın münbitliyinin artırılması isə yüksək rəqabət qabiliyyətinə malik olan keyfiyyətli ərzaq məhsulları istehsalı üçün şərait yaradır. Rayonda suvarma tədbirlərinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir. Bu məqsədlə ötən illərdə su anbarları, nasos stansiyaları tikilib istifadəyə verilib, kanal və arxlar çəkilib, subartezian quyuları qazılıb. Bu ilin ötən dövründə isə  Cəhri və Sirab kəndlərində drenaj xətlərinin tikintisi, Cəhri, Nəcəfəlidizə və Yarımca kəndlərində içməli su xətlərinin çəkilişi, Nəcəf­əlidizə kəndində bir kəhrizin təmiri, rayon ərazisində kanal və arxların lildən təmizlənməsi işləri başa çatdırılıb, Qahab kəndində bir kəhrizin təmiri, Nehrəm kəndində kollektorun lildən təmizlənməsi işləri davam etdirilib.

Yuxarıda sadalanan uğurlu inkişaf göstəricilərinə əsaslanaraq belə demək olar ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi alternativsiz inkişaf yolu muxtar respublikanın bütün bölgələri kimi, Babək rayonunu da tərəqqiyə qovuşdurub, həyata keçirilən məqsədyönlü siyasət sayəsində bu rayon davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər fonunda yeni keyfiyyət mərhələsinə qədəm qoyub.  Rayonda mövcud potensialdan səmərəli istifadə olunmaqla iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması və ümumilikdə, rayon iqtisadiyyatının dinamik inkişafı təmin edilib.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR