Qış fəsli yaxınlaşdıqca onun qayğıları da artır. Qışın öz gözəlliyi olsa da, bu fəslin adamı çətin vəziyyətə sala biləcək sürprizləri də az olmur. Ona görə də qışda tam rahat həyatı təmin edə bilmək üçün hazırlıqlara lap erkəndən, hələ yay bitməmişdən başlanılır. Naxçıvan kimi iqlimi kəskin kontinental, yəni yayı isti, qışı da ki sərt soyuq olan bir yerdə qışa hərtərəfli hazırlaşmaq bütün təsərrüfat və rəhbər işçilərin əsas qayğılarından biri olur.
Muxtar respublikada qışa etibarlı hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatlarını tam ödəyə bilmək üçün görülən bütün tədbirlərin məqsədi də bu mühüm mərhələni heç bir çətinlik olmadan başa vura bilməkdir. Qış boyu alıcıları təzə meyvə-tərəvəzlə də təmin edə bilmək üçün mövcud soyuducu anbarların və istixana komplekslərinin gücündən tam istifadə edə bilmək, bazarda bolluq yaratmaq da hazırda diqqət mərkəzində olan məsələlərdəndir.
İstehlak bazarında, xüsusən ərzaq məhsulları bazarında mövsümi məsələləri həll etmək üçün soyuducu anbarların mühüm rolu vardır. Anbar təsərrüfatının iqtisadi inkişafda, bazarda tələb və təklifin tarazlığındakı roluna baxsaq, görərik ki, ilk baxışda sadə görünən bu sahənin fəaliyyəti düzgün tənzimləndikdə digər sahələrin işinə də öz müsbət təsirini göstərir. Xüsusən kənd təsərrüfatında mövsümilik məhsulların saxlanılması, onların emala və ya satışa göndərilməsinədək anbarlar öz vacib funksiyasını həyata keçirir. Eyni fikirləri qışın sərt keçən aylarında təzə tərəvəz məhsulları ilə bazarı təmin edən istixanalar haqqında da söyləmək olar. Naxçıvanda bu kimi məsələlərin vacibliyinin vaxtında qiymətləndirilməsinin nəticəsidir ki, istər soyuducu anbar, istərsə də istixana təsərrüfatları yaradılması sahəsində müsbət nəticələr əldə olunmuş və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Bəs bu il Naxçıvanda bazarın təminatı necə olacaq? Bu sualla Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə müraciət etdik. Qurumdan aldığımız məlumata görə, hazırda muxtar respublikada ümumi tutumu 11 min 770 ton olan 14 soyuducu anbar fəaliyyət göstərir. Bundan ümumi tutumu 7 min ton olan 5 soyuducu anbar məxsus olduğu şirkətlərin fəaliyyəti ilə bağlı müxtəlif məhsulların dövriyyəsi üzrə ixtisaslaşmışdır. Ümumi tutumu 4770 ton olan digər 9 soyuducu anbar isə meyvə-tərəvəz məhsullarının tədarükü üzrə ixtisaslaşmışdır. Bu anbarlara 1 iyul 2013-cü il tarixdən 21 noyabr 2013-cü il tarixədək 2555,19 ton məhsul tədarük olunmuşdur. Nəzərə alınmalıdır ki, tədarük xüsusilə ilin son üç ayını əhatə etsə də, tələbatın daha dolğun ödənilməsi məqsədilə bütün il ərzində davamlı olaraq tədarük və bazarın tənzimlənməsi həyata keçirilir. Belə ki, bu müddət ərzində anbarlara 1830,03 ton kartof, 214,52 ton soğan, 257,49 ton alma və digər kənd təsərrüfatı məhsulları tədarük olunmuşdur. Anbarlara tədarük olunan məhsulların keyfiyyəti də diqqət mərkəzində saxlanılmış, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən soyuducu anbarlara tədarük olunan və anbarlarda saxlanılan məhsullardan 28 halda kartof, 22 halda soğan, 14 halda alma məhsullarından orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilmiş, göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir.
Muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana kompleksləri də mühüm əhəmiyyət kəsb edir. Bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində bu gün muxtar respublikada tərəvəz yetişdirən istixana komplekslərinin sayı 11-ə, ümumi sahəsi isə 51.796 kvadratmetrə çatmışdır. Bu tədbirlərin davamı olaraq, 2013-cü ilin ötən dövrü ərzində muxtar respublikanın müxtəlif rayonlarında 4 sahibkarlıq subyektinə soyuducu anbarların qurulması üçün cəmi 111,5 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar istixana komplekslərində 48.928 kvadratmetr sahədə əkin aparılmış və bu tədbirlər mərhələli olduğu üçün hazırda bunlar davam etdirilir. Ümumiyyətlə isə 1 sentyabr-21 noyabr 2013-cü il tarixlərində muxtar respublikadakı istixanalarda 46.104 kiloqram məhsul istehsal olunaraq satışa çıxarılmışdır.
Əli CABBAROV