22 Dekabr 2024, Bazar

Aqrar sahə muxtar respublika  iqtisadiyyatının əsasını təşkil edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur.
Kənd təsərrüfatının dinamik inkişafı əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatında vacib məsələdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə uğurlu nəticələr qazanılmış, Azərbaycan ittifaq respublikaları sırasında kənd təsərrüfatının inkişaf göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutmuşdur. Lakin 90-cı illərin məlum hadisələri, bütövlükdə, ölkə iqtisadiyyatını, o cümlədən kənd təsərrüfatını da iflic vəziyyətinə salmış, infrastruktur tamamilə dağıdılmışdır. Belə bir dövrdə ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyulmuş, uğurlu aqrar islahatlar həyata keçirilmiş, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə hüquqi baza yaradılmış, yeni torpaq-mülkiyyət münasibətləri formalaşdırılmışdır. Dahi şəxsiyyətin təşəbbüsü ilə bir çox qərarlar qəbul olunmuş, zərərlə işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsinə başlanmışdır.

Ötən əsrin 90-cı illərində ilk dəfə muxtar respublikada həyata keçirilən bu islahatlar sonrakı dövrdə Azərbaycanın bütün ərazisində davam etdirilmiş, kənd təsərrüfatının inkişafı yeni modeldə, özəl təsərrüfatların yaradılması yolu ilə aparılmışdır. Bu dövrdə ulu öndərin rəhbərliyi ilə aqrar sahənin qanunvericilik bazasının yaradılmasına başlanılmış, “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, Torpaq, Meşə və Su məcəllələri qəbul edilmiş, bir sıra digər normativ-hüquqi aktlar imzalanmışdır.
Bu gün də ölkəmizdə kənd təsərrüfatı, xüsusilə də aqrar-sənaye kompleksi uğurla inkişaf etdirilir. “Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin”, – deyən Prezident İlham Əliyev aqrar-sənaye kompleksinin inkişafını və ərzaq təminatını daim diqqət mərkəzində saxlayır. Fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması kənd təsərrüfatının inkişafında yeni istiqamətlər açmışdır.
Bu gün Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın aparıcı qolu olan aqrar sahənin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması, daxili bazarda süni qiymət artımının qarşısının alınması və ən nəhayət, ərzaq təhlükəsizliyinin təmin olunması kənd təsərrüfatının inkişafında başlıca amillərdir. Muxtar respublikada bu sahədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yerli istehsal və emal müəssisələrinin yaradılması, kənd təsərrüfatında məşğulluq səviyyəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Muxtar respublikada özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşması prosesinin ilk mərhələsi 2000-ci ildə başa çatmışdır. 205 kəndi, 132 kolxoz, sovxoz və birlikləri əhatə etməklə aparılan torpaq islahatları nəticəsində 72 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilmişdir. Aparılan islahatlar torpaq ehtiyatlarından istifadənin səmərəliliyini yüksəltməklə bərabər, məhsul bolluğuna da səbəb olmuşdur. Hazırda muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və intensiv amillər hesabına məhsuldarlığın çoxaldılmasına dövlət tərəfindən böyük qayğı və dəstək göstərilir.
Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Bu sahənin inkişafı isə müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla, yəni məhsuldarlığın yüksəldilməsi yolu ilə həyata keçirilir. Əkinçiliklə məşğul olanlara hərtərəfli şəraitin yaradılması dövlətin daim diqqət mərkəzindədir. Belə ki, əkin sahələrinin hər hektarının becərilməsi üçün torpaq mülkiyyətçilərinə 40 manat yardım verilməsi, həmçinin tələb olunan gübrənin 50 faizinin güzəştlə verilməsi təmin olunmuşdur.
Muxtar respublikada əkinçiliklə məşğul olan insanlara göstərilən dövlət qayğısı təkcə bununla məhdudlaşmır. Belə ki, fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikaları verilir, əkinçilərə yüksək reproduksiyalı toxumların verilməsi təmin olunur. İstehsal olunan yüksək reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən güzəştli subsidiyaların ödənilməsi həyata keçirilir. Bütün bu işlər isə əkin sahələrinin daha da genişləndirilməsinə səbəb olmuşdur. Təkcə 2013-cü ilin məhsulu üçün 60 min 127 hektar sahədə əkin işləri aparılmışdır.
Əkinçiliyin inkişaf etdirilməsində əsas amillərdən biri torpaq sahələrini normalara uyğun suvarma suyu ilə təmin etməkdən ibarətdir. Torpağın münbitliyinin artırılması isə yüksək rəqabət qabiliyyətinə malik olan keyfiyyətli ərzaq məhsulları istehsalı üçün şərait yaradır. Muxtar respublikada suvarma tədbirlərinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilir. Bu məqsədlə su anbarları, nasos stansiyaları tikilib istifadəyə verilmiş, kanal və arxlar çəkilmiş, subartezian quyuları qazılmışdır. Bunun da nəticəsində Naxçıvanda suvarılan torpaqların sahəsi ilbəil genişləndirilərək 60 min hektara çatdırılmışdır.
Aqrar sahədə davamlı islahatlar həyata keçirmədən kənd təsərrüfatı məhsullarının artımına və ərzaq təhlükəsizliyinə nail olmaq mümkün deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət daşıyır. Dövlət proqramlarının uğurlu icrası daxili istehsal hesabına əhalinin zəruri kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə şərait yaratmışdır.
Əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması məqsədilə heyvandarlıq sürətlə inkişaf etdirilir. Muxtar respublikada düzən yerlərdə, əsasən, heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Hazırda muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında 104 min 710 baş iribuynuzlu mal-qara, 625 min 670 baş xırdabuynuzlu heyvan və 943 min baş quş, 65 mindən çox arı ailəsi saxlanılır. Bu ilin ötən dövrü ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1688 baş, o cümlədən 1181 baş “Holştin-friz”, 423 baş “Simmental” və 84 baş “Şvis” cinsli yüksək məhsuldar düyələr gətirilərək sahibkarlara satışı təşkil edilmişdir. Bununla yanaşı, muxtar respublikada əhalinin yumurta və quş ətinə olan tələbatının yerli istehsal hesabına ödənilməsi də diqqət mərkəzində saxlanılır, yeni quşçuluq təsərrüfatları yaradılır. Hazır­da muxtar respublikada 53 quşçuluq təsərrüfatı fəaliyyət göstərir.
Əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması prosesləri davam etdirilir. Muxtar respublikada Dövlət Baytarlıq Xidməti tərəfindən mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktik peyvənd­ləmə və dezinfeksiya işləri aparılır, epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Bu gün muxtar respublikada kənd təsərrüfatında əl əməyinin yüngülləşdirilməsinə və məhsulun maya dəyərinin aşağı salınmasına imkan yaradan texnika ilə təchizata da xüsusi diqqət yetirilir. 2005-ci ildə yaradılan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya müxtəliftəyinatlı kənd təsərrüfatı texnikaları gətirilmiş, lizinq yolu ilə sahibkarlara və torpaq mülkiyyətçilərinə satılmışdır. Təkcə 2013-cü ilin ötən dövründə muxtar respublikaya 217 ədəd kənd təsərrüfatı texnikası alınıb gətirilmişdir.
Əhalini il boyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. Yeni soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması kənd təsərrüfatı məhsulları ilə ilin istənilən fəslində bazarın tələbinin ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 11 min 770 ton olan 16 soyuducu anbar və sahəsi 50 min kvadratmetr olan 11 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilir, torpaq mülkiyyətçiləri və sahibkarlar istehsal etdikləri keyfiyyətli yerli məhsulları heç bir əlavə rüsum ödəmədən sərfəli qiymətlərlə satırlar.
Peşə bayramlarını qeyd edən kənd təsərrüfatı işçiləri bundan sonra da muxtar respublikada aqrar sahənin daha da inkişaf etdirilməsi üçün səylə çalışacaqlar.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR