Dövlətin iqtisadi inkişafın davamlı hal alması yolunda həyata keçirdiyi ən mühüm tədbirlərdən biri bazarda formalaşmış tələbin ödənilməsi üçün zəruri olan yeni istehsal və xidmət sahələrinin yaradılmasına təkan verən kreditləşmə siyasətidir. Bu həm də mühüm tənzimləmə vasitəsi kimi istifadə olunaraq ölkədə və regionda əhali tələbatlarına cavab verən, nəzərdə tutulduğu müddətdə öz xərcini çıxara bilən yeni biznes subyektlərinin yaradılmasına, fəaliyyətdə olanların işinin canlandırılmasına xidmət edir. Bütün bunlar ardıcıl həyata keçirilib müsbət nəticə verdikdə dövlət-sahibkar-istehlakçı münasibətlərində hər kəsin mənafeləri təmin olunur. Verilmiş kreditlərin vaxtında qaytarılması həm də yeni kreditlərə mənbə və zəmanət yaradır.
Kredit anlayışı azad bazar iqtisadiyyatının, sərbəst sahibkarlığın əsas atributlarından biridir. Bir zamanlar, yəni qırmızı oraq-çəkic dövründə bizim kənddə bir inəyini iki etmək həvəsi ilə yaşayan kəndliyə nəinki güzəştli şərtlərlə kredit dəstəyi verilməzdi, hətta aradabir gəlib onu xəbərdar edərdilər ki, belə olmaz, bu iş proletar bərabərliyinə ziddir. Və bu “bərabərlik” dağılanda gördük ki, adamlar nəinki əlindəki müvəqqəti sərbəst vəsaiti inkişaf üçün qonşusuna verir, hətta Amerika da Yaponiyadan kredit alırmış. Yəni hamı çalışır, inkişaf edib irəli getsin ki, başqalarına da faydalı olsun. Bizdə də azad sahibkarlığa şərait yaradılandan sonra həvəslə ortaya çıxan ilk iş adamlarımız müəyyən mənbələr və risklər hesabına hansısa müvəffəqiyyətli işlər görməyə başladılar. Lakin ilk mərhələdə bunlar yalnız kiçikhəcmli kommersiya, alğı-satqı əməliyyatları şəklində aparılırdı. Həmin zamanlarda inflyasiya faizi yüksək, bazarda hər cür əmtəələrə çoxlu tələbat olduğundan alınmış borc vəsaitinin, yəni kreditlərin də qaytarılması problemi, əslində, hiss olunmurdu. Digər bir tərəfdən, belə kreditlər, əsasən, bank və ya kredit üzrə ixtisaslaşmış müəssisələrdən deyil, fərdi adamlardan alındığından onların icrasına nəzarət edilmir, nəticədə, sözün əsl mənasında, “kim nə istəyir, onu da edir” prinsipi ilə işləyən bir “kredit” mexanizmi dövr edirdi. Elə bu mexanizmin də nəticəsi o oldu ki, həmin ilk mərhələdə daxili bazarımız əhalinin real tələbatlarından dəfələrlə artıq olan hər cür keyfiyyətsiz ərzaq və üzüparıltılı qeyri-ərzaq məhsulları ilə dolub daşdı. Sonrakı dövrdə istehlakçının tələbi ilə yerli sahibkarlar, nəhayət ki, hərəkətə gəlib əsl qazancın alğı-satqıda deyil, daxili ehtiyatlardan, dövlətin kredit dəstəyindən istifadə edib yüzlərlə və minlərlə yeni iş yerləri yaradan istehsaldan keçdiyinə inandılar.
Həmin o kövrək addımların atıldığı ilk zamanlardan fərqli olaraq, indi iş görmək üçün iqtisadiyyatımızın inkişaf səviyyəsinə uyğun olaraq, hər cür həcmdə, müxtəlif şərtlərlə və müxtəlif kredit mənbələrindən borc alıb işə başlamaq olar. Əgər bazarı ciddi, həm də çox ciddi şəkildə araşdırıb insanların tələbatlarına uyğun rəqabətqabiliyyətli, qiyməti də münasib olan məhsul və xidmətlər istehsal edə biliriksə, bunlar bir gün gec də olsa, öz müştərisini tapıb sahibkarına gəlir qazandıracaq. İndiki qloballaşma şəraitində belə nəticəni təkcə daxili bazarda deyil, ixracatla da əldə etmək mümkündür. Ancaq bu deyilənlər heç də o demək deyildir ki, bu gün istehlak edirik deyə, bütün növ məhsullar Naxçıvanda istehsal olunmalıdır. Belə bir prinsip heç Amerikada da yoxdur və bu ölkədə, sadə dillə desək, istehsalı sərf etməyən məhsulların uzaq Çindən alınması daha sərfəli hesab edilir. Qərəz, bu deyilənlər təkcə bu yazının icadı deyil, həm də hər gün həmsöhbət olduğumuz insanların fikirlərinin bir ümumiləşdirməsidir. Və burdan belə bir nəticə də çıxarmaq mümkündür ki, bu gün muxtar respublikamızda fəaliyyəti bərpa olunmuş və ya yenidən qurulmuş istehsal müəssisələrində 344 növdə məhsul istehsal edilir, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilirsə, Naxçıvanda istehsal olunmuş çox sayda məhsulumuz “Azərbaycanda istehsal olunmuşdur” etiketi ilə xaricə ixrac olunursa, deməli, bunlar özünü doğruldan layihələrdir. Bu ümumiləşdirilmiş rəqəmlər keçən qısa dövr ərzində muxtar respublikamızda sahibkarlığın, biznes təşəbbüskarlığının inkişafına yaradılmış şəraitin, mütəmadi olaraq verilmiş dövlət dəstəyinin təzahürüdür. Naxçıvanda 10-15 il bundan öncə dövlətin dəstəyi ilə yaradılmış kiçik müəssisələr bu gün holdinq kimi fəaliyyət göstərir. Həmin holdinqlər nəinki muxtar respublika əhalisinin tələbatına uyğun, həm də ixracyönlü məhsullar istehsal edirlər. “Gəmiqaya Holdinq”, “Cahan Holdinq”, “Dizayn Holdinq” şirkətlər ittifaqları istehsal etdikləri keyfiyyətli məhsullarla bir çox ölkələrdə tanınırlar. Muxtar respublikada yüzlərlə kiçik və orta sahibkarlıq subyektləri vardır ki, onlar da günü-gündən öz istehsal sahələrini genişləndirir, müəssisələrini böyüdürlər. Əgər bu gün Naxçıvanda ərzaq məhsullarından, tikinti materiallarından tutmuş avtomobilə qədər hər şey istehsal olunursa, bu, dövlətin sahibkarlığın inkişafına göstərdiyi qayğının nəticəsidir. Belə ki, təkcə bu ilin ilk 9 ayında muxtar respublikamızdakı sahibkarlara 33 milyon 196 min manatdan artıq həcmdə kredit verilmişdir.
Lakin sahibkar təşəbbüsünün uğuru, onun davamlılığı heç də kağız üzərindəki hesablamalardan, yəni tutulmuş biznes-planların texniki-iqtisadi cəhətdən əsaslandırılmasından keçmir. Düzdür, istənilən biznes layihəsi üçün bu, vacib şərtdir. Ancaq gələcəkdə qurulacaq biznesin yarımçıq qalmaması üçün başda sahibkarın özü olmaqla, bu biznes planlara mütəxəssis rəyi verən, onun fəaliyyətinə nəzarət edən iqtisadçılar, habelə kreditlərin icrasını vaxtaşırı monitorinqlərlə yoxlayan əlaqədar qurumlar da məsuliyyət daşıyırlar. Belə nəzarət sistemi, son nəticədə, ümumdövlət maraqlarına xidmət etdiyindən üç, beş il və hətta daha da çox müddət bundan əvvəl başqalarına da verilməsi mümkün olan irihəcmli kreditləri alaraq bərbad iş qurmuş və külli miqdarda dövlətə vaxtı keçmiş kredit borcu qalmış bir sıra məsuliyyətsiz sahibkarlarla maraqlanmaq istədik.
Bu məqsədlə kiçik bir jurnalist araşdırması apardıq. Təkcə Naxçıvan şəhərində yerləşən müxtəliftəyinatlı istehsal müəssisələrinə baş çəkdikdə real mənzərə göz qabağında idi: günorta saatlarında bunların çoxunun qapısında iri qıfıl asılmışdı. Bir sıra ünvanlarda isə yaxınlıqdakı adamlar təəccüblərini gizlətməyərək “onlar çoxdandı, buradan gediblər” deyirdilər. Yəqin, buna görədir ki, 2007-ci ildə dövlətdən 125 min manat kredit dəstəyi alaraq boya istehsal etməyi qarşısına məqsəd qoymuş “Gülşən assosiasiyası”nın aldığı kredit qədər vaxtı keçmiş borcu yaranıb. Halbuki sahibkar üçün istehsal olunmuş məhsulun satış bazarı problem sayılırsa, bəs muxtar respublikamızdakı bu qədər təmir-tikinti obyektləri onlar üçün müştəri deyilmi? Yaxud 2009-cu ildə ayaqqabı istehsalı üzrə yaradılmış “Şirvanşahlar xarici əlaqələr assosiasiyası”nın 164 min manat vaxtı keçmiş kredit borcunu kim qaytaracaq? İndi bazara ayaqqabı almaq üçün gəlmiş çox müştərinin Bakıda və Naxçıvanda kiçik sahibkarların məhsulu olan yerli istehsal ayaqqabılardan razılıq etdiyinə çoxumuz şahidik. Ona görə də digər bir sahə, məsələn, hazır modalı geyim sahəsi ilə müqayisədə idxal məhsulun rəqabət gücünün az olduğu ayaqqabı istehsalı sahəsində bu vəziyyətin başqa cür izahı olmamalıdır: səriştəsizlik, yaxud məsuliyyətsizlik! Lakin bunlar, bəlkə də, 2007-ci ildə tomat istehsalı üçün dövlətdən nə az, nə çox, 350 min manat kredit almış Sədrəddin Qəhrəmanlıya məxsus “Qəhrəmanlı-S” müəssisəsi ilə müqayisədə kölgədə qala bilər. Ola bilər ki, vaxtı keçmiş borcu 387 min manata qədər artmış bu müəssisə yaradılanda sahibkar tomat istehsalı üçün lazım olan pomidorun mövsümün ortasında bir manata satılacağını güman etməzdi. Amma bazarın araşdırılması da onun işidir və bilməliydi ki, hələ də bəzi sahibkarlarımız kimi, torpaq mülkiyyətçilərimiz də yaradılan şəraitdən tam istifadə etmirlər. Verilmiş kredit təyinatına uyğun istifadə olunsa, dövlətdən 800 min manata yaxın kredit almış “Pircüvar kooperativi” muxtar respublikamızda paketlənmiş süd məhsulları üzrə böyük bazar tələbatını ödəyər və neçə ildir, ödəmədiyi 480 min manat vaxtı keçmiş borcunu qaytarar, milyonluq şirkətə çevrilərək markalı məhsul istehsalçısı kimi tanınardı. Sahibkar aldığı kreditin bir hissəsini muxtar respublika əhalisinin o qədər də tələbatı olmayan kəllə-paça istehsalı sahəsinin yaradılması əvəzinə süd məhsullarının istehsalına sərf etsəydi, indi iri bir müəssisə sahibinə çevrilmişdi. Bu siyahıda 100 min manat borcunu ödəyə bilməyən Naxçıvan Xalça Fabrikinin, 280 min manat kredit dəstəyi aldığı halda 300 min manat vaxtı keçmiş borcu yığılıb qalan “Yubfi firması”nın, makulatura istehsalı üzrə fəaliyyət göstərsə də, yenə vaxtı keçmiş 200 min manat borcu qalan “Elmar LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin, faizi ilə birlikdə 202 min manat kredit borcu olan Şərur rayonunun Siyaqut kəndində istixana kompleksi yaradan Xudaverdi Hüseynəliyevin, 220 min manat kredit götürüb ödəyə bilməyən “Babək” Şirkətinin və digərlərinin də adları vardır. Sual olunur ki, hesabsız, plansız bu qədər iş kimə lazımdır? Şübhəsiz, evdə, məişətdə kiçik bir işə başlayanda oturub günlərlə, aylarla fikirləşir, ağsaqqal məsləhətinə, mütəxəssis rəyinə müraciət edirik. Yəni kimə desən ki, mənə kredit verin, gedim, oyuncaq kukla istehsal edim, Naxçıvanda bazarın tələbatını ödəyim…, çətin inanar. Çünki belə bir konkret seqment göstərmək çətindir. Amma sən demə, bu adla da dövlətdən kredit alan olub və indi uşaq oyuncaqları istehsalı müəssisəsinin heç izi-tozu da yoxdur. Bəs bunlara verilən milyonlarla manat pullar dövlətin, hər birimizin deyilmi? Belə olan təqdirdə təyinatına uyğun istifadə olunmayan, nəzarətsiz havaya sovrulmuş kreditlərə kim məsuliyyət daşıyır? Axı kredit sələm deyil ki, istədiyin yerdən istədiyin faizlə alıb, istədiyin işə də xərcləyəsən, hətta bir hissəsini də şəxsi istifadəyə yönəldəsən. İstehsal kreditləri məqsədli, güzəştli faizlə verildiyindən orada hamının, cəmiyyətin bütün üzvlərinin maraqları kəsişir. Təklif olunan bəzi belə layihələrin biznes-planlarının düzgün qurulmamasının, onların inandırıcılığına ekspert rəyinin alınmamasının, uğursuz layihələrin seçilməsinin, layihələrin icrasına nəzarətin zəif olmasının nəticəsidir ki, bir zamanlar, bəlkə də, sağlam niyyətlə biznesə başlamaq istəyən bu adamlar indi sahibkar olmadan borclu vəziyyətə düşüblər. Belə acınacaqlı halların olmaması üçün isə kreditləşmə sahəsində işlər ciddi şəkildə qurulmalıdır. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi tədbirləri bundan sonra da davam etdirilməli, bu məqsədlə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyası tələbata uyğun genişləndirilməli, onların təyinatı üzrə sərf olunması təmin edilməlidir. Yerli istehsalın stimullaşdırılmasında maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, bu dəstəyin mütəmadi xarakter alması üçün verilmiş kreditlərin vaxtında geri qaytarılması da mühüm əhəmiyyət kəsb edir”.
Ölkəmizdə və muxtar respublikamızda sahibkarlıq fəaliyyəti üçün hər cür şərait vardır. Biznesin təşkilinin sadələşdirilməsi, texniki avadanlıqların alınmasına güzəşt tətbiqi, daxili bazarın qorunması çoxlu sayda kiçik, orta və iri sahibkarların formalaşmasına şərait yaradıb. Bu gün onların işinin bərəkəti hamımızın qazancıdır. Bu şəraitdən lazımınca istifadə olunmayaraq qurulmuş işin bərbad hala salınması isə neçə-neçə adamın da işini itirməsidir ki, bu da ən azından sahibkarın verdiyi vicdan hesabatının qəbul olunmaması deməkdir.
Əli CABBAROV