22 Dekabr 2024, Bazar

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı təmin olunmuş, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsinə dövlət maliyyə dəstəyi göstərilmiş, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Aparılan uğurlu islahatlar nəticəsində sənaye məhsulunun həcmi ilbəil artmış, muxtar respublikada istehsal olunan sənaye məhsulunun 93,2 faizi özəl sektorun payına düşmüşdür.

Əlverişli sahibkarlıq mühitindən bəhrələnərək dövlət maliyyə dəstəyi ilə istehsal sahəsini genişləndirən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Zümrüd” Kiçik Müəssisəsidir.
“1997-ci ildə 6 nəfərlə  fərdi sifarişlərə uyğun kişi və qadın geyimləri tikməklə fəaliyyətə başladıq”, –  deyən müəssisənin direktoru Etibar Hacıyev bildirdi ki, ötən müddət ərzində dövlət dəstəyi ilə müasir istehsal sahəsi yaradılmışdır. Müəssisədə istehsal olunan məktəbli formaları alıcılar tərəfindən rəğbətlə qarşılanır. Verilən sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün burada yeni avadanlıqlar quraşdırılmış, müəssisəyə əlavə işçi qüvvəsi cəlb olunmuşdur.

Amma uyğunlaşdırılmış binada fəaliyyət göstərən müəssisədə yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi imkanı məhdud olduğundan yeni binanın tikilməsi zərurəti yaranmışdır. 2010-cu ilin yanvar ayında Sahibkarlığa Kömək Fondundan 560 min manat güzəştli kredit götürülmüşdür. Layihəyə uyğun olaraq, Naxçıvan şəhərində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət yeni bina inşa edilmişdir. Binanın birinci mərtəbəsində geyim, kompüterlə ölçü və biçim otaqları, satış mağazası və iş otaqları yerləşir. İkinci mərtəbədə isə geniş istehsal sahəsi və ütü otağı fəaliyyət göstərir.
Müəssisədə yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 810 min manat vəsait sərf olunmuşdur ki, bunun da 250 min manatı daxili imkanlar hesabına ödənilmişdir.
Ümumi ərazisi 590 kvadratmetr olan müəssisədə yüksəkkeyfiyyətli məhsul istehsalı üçün Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılmış, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilmişdir.
Yeni istehsal sahəsinin yaradılması daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamış, 30 yeni iş yeri açılmışdır. Müasir texnikadan istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazır­lanması da diqqət mərkəzində saxlanılmış,Türkiyə Respublikasından təcrübəli mütəxəssislər cəlb olunmuş, eyni zamanda işçilərin 1 ay müddətində Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin edilmişdir. Hazırda istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilir.   
İstehsal prosesi avtomatlaşdırılmış müəssisədə məktəbli forması, ali məktəblərin tələbə və müəllimləri, hüquq-mühafizə orqanları əməkdaşları üçün xüsusi formalar və müxtəlif geyim dəstləri tikilir. İstehsal olunan məhsulun keyfiyyət göstəricilərinə xüsusi diqqət yetirilir, xammalın qəbulundan tutmuş məhsulun satışa çıxarılmasınadək texnoloji proseslərə ciddi əməl olunur. Xammal anbardan biçim sexinə aparılıb sifarişə uyğun olaraq kəsilir, ümumi istehsal sahəsində isə tikilib ütülənir. Gələcəkdə müəssisənin istehsal etdiyi məhsulların ayrı-ayrı rayonlarda da satışını təmin etmək məqsədilə mağazaların yaradılması nəzərdə tutulmuşdur.
“Zümrüd” Kiçik Müəssisəsinin kostyum istehsalı sahəsi fəaliyyətə başlayanadək bu məhsullara olan tələbatın çox hissəsi idxal hesabına ödənilirdisə, gündəlik istehsal gücü 100 dəst kostyum olan müəssisənin fəaliyyətə başlaması ilə həmin məhsullara olan tələbatın daxili imkanlar hesabına ödənilməsi təmin edilmişdir. Hazırda müəssisədə sifarişə uyğun Naxçıvan Muxtar Respublikası Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, eləcə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları üçün xüsusi geyim formaları tikilir. Bundan başqa, ayrı-ayrı vətəndaşların da sifarişləri qəbul olunur.
Kollektiv yüksəkkeyfiyyətli məhsul istehsalı üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərir. Sifariş verilən xüsusi geyim formalarının kompleks şəkildə müəssisədə istehsal edilməsi məqsədilə yeni – köynək istehsalı sahəsinin yaradılmasına başlanmışdır. Bu məqsədlə biznes-plan hazır­lanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunmuşdur. Layihənin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan 165 min manat güzəştli kredit ayrılmışdır. Hazırda Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki Əcəmi-39 ünvanında  ayrılmış yeni binanın istehsal sahəsinə uyğunlaşdırılması üçün təmir-bərpa və yenidənqurma işləri aparılır. Layihəyə uyğun olaraq, ümumi sahəsi 654 kvadratmetr olan binada istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, iaşə xidməti göstərilməsi üçün yeməkxana və inzibati heyət üçün ayrı-ayrı iş otaqları yerləşəcək. Hazırda su, istilik və kanalizasiya sistemləri qurulur, elektrik xətləri çəkilir. Cari ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulan köynək istehsalı sahəsində Yaponiya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılacaq. İstehsal gücü 8 saatlıq iş rejimində 500 ədəd köynək olan yeni istehsal sahəsi daxili bazarın tələbatını tamamilə ödəyəcək. Eyni zamanda yeni istehsal sahəsinin fəaliyyətə başlaması ilə əlaqədar 25-30 yeni iş yeri açılacaq.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR