Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq tədbirlərindən təhsil müəssisələrinə də böyük pay düşüb. İstər ali, istərsə də orta ümumtəhsil müəssisələri üçün binaların tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması təhsilə göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi dəyərləndirilir. Bu sahədə görülən işlərdən Naxçıvan Dövlət Universiteti də xeyli bəhrələnib.
Son illərdə bu təhsil ocağında müxtəlif tədris korpuslarının tikilərək, yaxud əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilməsi tədrisin keyfiyyətinin artan xətt üzrə yüksəldilməsinə geniş imkanlar açır.
Cari ilin may ayından isə universitetin baytarlıq ixtisası üçün yeni tədris binasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. İnşaat işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. İkimərtəbəli binaya 1 mərtəbə də əlavə olunub. Binanın birinci və ikinci mərtəbələrində arakəsmələr hörülüb, suvaq və elektrik işləri davam etdirilir. Üçüncü mərtəbədə isə beton-qəlib işləri görülür. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl olunur.
Xəbərlər şöbəsi