Şahbuz Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayon ərazisinin 2765 hektar sahəsi əkin altındadır. Dağlıq zona olmasına baxmayaraq, burada taxılçılığa maraq ildən-ilə artır. Başa vurduğumuz təsərrüfat ilində Şahbuzun torpaq mülkiyyətçiləri 1009 hektarı buğda, 319 hektarı arpa olmaqla, 1328 hektar sahədən 3703 ton taxıl tədarük ediblər. Hektarın orta məhsuldarlığı 27,9 sentnerə çatdırılıb ki, bu da dağlıq zona üçün yüksək nəticə hesab oluna bilər. Rayonun Türkeş, Badamlı, Nursu, Mahmudoba, Sələsüz kəndlərində məhsuldarlıq daha yüksək olub.
Rayonun iqlim şəraiti kartofçuluğun inkişafı üçün çox əlverişlidir. Bunu nəzərə alan torpaq mülkiyyətçiləri, xüsusilə Ağbulaq, Gömür, Kükü kəndlərinin sakinləri torpaq sahələrinin böyük hissəsində kartof əkib-becərirlər. Rayon üzrə cari ildə 416 hektar kartof əkini sahəsindən 5948,8 ton məhsul götürülüb. Onu da qeyd edək ki, bu sahənin inkişafı üçün 262 nəfərə 262 min manat kredit verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərir. Məlumat üçün bildirək ki, bu proqramın qəbulundan ötən müddət ərzində rayonda iməciliklər yolu ilə bağ sahələri 18 hektar artırılıb. Beş nəfər isə bu sahəni inkişaf etdirmək üçün kredit götürərək 7 hektar sahədə bağ salıb. Meyvəçilər üçün cari ili uğurlu saymaq olar. Belə ki, ümumilikdə, 790,8 hektar meyvə bağı olan bölgədə 584 hektar məhsul verən sahədən ilin ilk 9 ayı ərzində 4346,2 ton məhsul götürülüb. Yığım davam edir.
Şahbuzlular tərəvəzçilikdə də yaxşı təcrübəyə malikdirlər. Başa çatmaqda olan təsərrüfat ilində onlar 283 hektar sahədən tərəvəz tədarük ediblər.
Rayonda son illər üzümçülüyün inkişafına da diqqət artırılıb. Bunun nəticəsidir ki, ötən illərdə salınmış 17 hektar üzüm bağının 13 hektarı artıq məhsul verir. Bağlardan 10,1 ton məhsul götürülüb.
Xəbərlər şöbəsi