Hazırda muxtar respublikamızın maliyyə bazarında nağdsız ödəniş sisteminin yüksək səviyyədə inkişaf etdiyini söyləmək çətindir. Buna səbəb hələ də sahibkarlıqla məşğul olan ortasəviyyəli bir çox hüquqi və fiziki şəxslərin pul vəsaitlərinin daha tez əldə edilməsi məqsədilə nağd şəkildə əməliyyatlara üstünlük vermələri və alıcıların çox cüzi bir hissəsinin nağdsız ödənişlərə maraq göstərmələridir. Lakin nəzərə almaq lazımdır ki, nağdsız ödənişlər xüsusilə böyükhəcmli məbləğlərə üçüncü şəxslərin müdaxiləsi imkanlarını, saxta pul əskinaslarından istifadə hallarını aradan qaldırır.
Vətəndaşların isə nağdsız ödənişlərə az maraq göstərmələrinin səbəbi bu sistemin imkanları haqqında az məlumata malik olmaları, həmçinin sistemin hələ ki maliyyə bazarını tam əhatə etməməsidir. Digər tərəfdən, hər hansı ticarət obyektindən alış-veriş edən şəxsin ödənişi kart vasitəsilə nağdsız şəkildə həyata keçirməsinə əsas yaradan amillər kifayət qədər mövcud deyil. Yəni alıcını indiyə qədər adət etdiyi nağd ödəniş sistemindən imtina edərək ödəniş kartı əldə etməyə, ondan istifadə qaydalarını öyrənməyə, istifadə etməyə maraqlandıran stimullaşdırıcı səbəblər olmalıdır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi muxtar respublika iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş alətləri bazarının inkişaf etdirilməsi vəzifəsini qarşıya əsas məqsəd kimi qoymuşdur. Məqsəd elektron ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal almasına nail olmaqdır. Bunun üçün isə, ilk növbədə, ictimaiyyətin müasir elektron ödəniş alətlərinin üstünlükləri və imkanları barədə maarifləndirilməsi davam etdirilməlidir. Eyni zamanda alğı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi üçün geniş təbliğat kampaniyalarının da həyata keçirilməsinə ehtiyac duyulur.
Nağdsız ödəmə vətəndaşları bir çox problemlərdən azad edir. Məsələn, üstündə külli miqdarda nağd pul gəzdirmək məcburiyyətində qalınmır; pulu evdə unutmaq, yaxud hardasa itirmək mümkün deyil; bu yolla vəsaitin oğurlanmasının da qarşısı alınır; kart itəndə, yaxud oğurlananda banka məlumat vermək kifayətdir ki, bloklaşdırma aparılmaqla ondan istifadənin qarşısı alınsın; ödəniş kartlarının köməyilə istənilən sahədə onlayn ödəniş aparmaq mümkündür. Artıq vətəndaşlarımız ödəniş kartları vasitəsilə vergi və rüsumları, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və pasport, şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna və yerli şöbələrinə sosial sığorta haqlarını, mobil və stasionar rabitə üzrə xərcləri, internet ödənişləri və gömrük rüsumlarını elektron ödəniş formasında apara bilərlər.
Hazırda muxtar respublikamızda nağdsız ödənişlər müxtəlif ödəniş vasitələrinin köməyilə həyata keçirilir. Son illərdə ölkəmizdə bank sisteminin geniş inkişafı, bank məhsullarının və xidmətlərinin çeşidliliyinin durmadan artması əsas səbəb kimi nağdsız dövriyyənin formalaşmasına və genişləndirilməsinə təsir etmişdir.
Cari ilin ilk 10 ayı ərzində banklar tərəfindən elektron ödəniş infrastrukturu inkişaf etdirilmişdir. Hazırda elektron ödəniş məkanının formalaşdırılması işləri davam etdirilir. Muxtar respublikada 182 min 350 ədəd bank ödəniş kartı mövcuddur. Muxtar respublikanın şəhər, rayon və iri kənd yaşayış məntəqələrində 89 ədəd bankomat və 213 ədəd POS-terminal quraşdırılmışdır. Ümumilikdə, banklar tərəfindən emissiya edilmiş 182 min 350 ödəniş kartının 98,9 faizi debet, 1,1 faizi isə kredityönümlüdür. Dövlət büdcəsindən maliyyələşən əməkhaqlarının, pensiya və sosial müavinətlərin ödənilməsinin 97,5 faizi, qeyri-dövlət sektorunda isə əməkhaqlarının 27 faizi ödəniş kartları vasitəsilə həyata keçirilir.
Onu da qeyd etmək lazımdır ki, kartlardan istifadənin artması ilə istehlak-iqtisadi artım arasında elastiklik əlaqəsi güclüdür. Belə ki, kartlardan istifadə səviyyəsinin 1 faiz artması istehlakın 0,056 faiz, iqtisadi artımın isə 0,035 faiz yüksəlməsinə səbəb olur.
Bankomatların və POS-terminalların sayında da əvvəlki aylarla müqayisədə artım müşahidə edilməkdədir. Naxçıvan şəhərində maliyyə xidmətlərinə çıxış imkanları olan bankomatların sayı hər 10 min nəfərə 7,4 ədəd təşkil edir ki, bu da ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir.
Ancaq bütün bunlara baxmayaraq, muxtar respublikada nağdsız ödənişlərin xüsusi çəkisi ümumi ödənişlərin 3,8-4 faizini təşkil edir ki, bu da aşağı göstəricidir. Məhz bu göstəricinin iqtisadiyyatdakı çəkisini artırmaq məqsədilə 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı” işlənib hazırlanmışdır. Tədbirlər Planında maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatlarının qarşısına nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi ilə yanaşı, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması istiqamətində də geniş təbliğat-təşviqat işlərinin aparılması vəzifəsi qoyulmuşdur.
Aparılan tədbirlər gələcəkdə nağdsız əməliyyatların həcmini yüksəltməklə bu sahədə keyfiyyətcə yeni nəticələrin əldə olunmasına zəmin yaradacaqdır.
Elçin ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası
İdarəsinin aparıcı mütəxəssisi