22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksəkkeyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzləri tikilib istifadəyə verilir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərindəki Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Mərkəzidir.
“Cahan” Ticarət Mərkəzi fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində ticarət mərkəzinə istər alıcı, istərsə də satıcı qismində müraciət edənlərin sayı qat-qat artmış, kompleksin yenidən qurulması və yeni korpusun inşa olunması zərurəti yaranmışdır. Digər sahibkarlıq subyektləri kimi, “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyəti də göstərilən dövlət qayğısından bəhrələnmiş, təqdim olunmuş layihəyə uyğun Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilmişdir. Cari ilin aprel ayından kompleksin ərazisində  8750 kvadratmetr torpaq sahəsi ayrılmış, 350 mağazanın və digər xidmət sahələrinin fəaliyyət göstərəcəyi ikimərtəbəli yeni korpusun inşasına, cari ilin iyun ayından isə “Cahan” Ticarət Mərkəzinin əsas binasında yenidənqurma işlərinə başlanılmışdır.

Yeni korpusda dəmir konstruksiya və hörgü işləri vaxtında başa çatdırılmış, ayrı-ayrı mağazalara avtomatik qapılar quraşdırılmışdır. Həmçinin yeni korpus və ayrı-ayrı mağazalar müasir isitmə, soyutma və havalandırma sistemi ilə təmin edilmiş, hər bir mağazaya telefon xətti çəkilmişdir. Burada hər bir sahibkara və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşlara internetdən istifadə etmək imkanı yaradılmışdır. Ayrı-ayrı mağazalarda satışa çıxarılan müxtəlif çeşiddə malların reklamını və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşların məlumatlandırılmasını təmin etmək məqsədilə ticarət kompleksində monitorlar quraşdırılır. Bundan başqa, ticarət mərkəzinin əsas binasının fasad hissəsi dizayn elementləri ilə zəngin olan tikinti materialları və travertin üzlük plitələrlə bəzədilir. Hazırda ticarət mərkəzinin yeni korpusunun ayrı-ayrı mağazalarında satışa çıxarılacaq malların təyinatına uyğun vitrinlər yığılır, giriş-avtomobil yollarına asfalat-beton örtük salınması və burada avtomobil dayanacağının yaradılması istiqamətində işlər davam etdirilir. Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan ticarət mərkəzinin yeni korpusunda 550 nəfərdən çox fiziki şəxs biznes fəaliyyəti ilə məşğul olacaqdır.
Onu da qeyd edək ki, əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərtərəfli şərait yaradılmış, aqrar bölmənin inkişafı üçün güzəştli kreditlər ayrılmışdır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vermişdir. Hər il sahələrdə bol məhsul yetişdirilir. Həmin məhsulların ticarət mərkəzində rahat şəkildə satılması üçün lazımi şərait yaradılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların artan müraciətləri nəzərə alınaraq ticarət kompleksinin ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı bazarında da yeni müasir korpusun tikilərək sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulub.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR