Oktyabrın 25-də Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsində muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatlarının, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Elektron ödəniş məkanının formalaşması və ödəniş alətləri ilə iş” mövzusunda ikigünlük kursa başlanılmışdır.
Bu münasibətlə keçirilən tədbiri idarənin sədri Səbuhi Məmmədov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında son illər elektron ödəniş sistemlərindən istifadənin genişləndirilməsi, nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində bir sıra işlər görülmüş, bu sahənin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Bank infrastrukturu genişləndirilərək ödəniş kartlarının sayı 1 oktyabr 2013-cü il tarixə 178 min 992, bankomatların sayı 85, POS-terminalların sayı isə 212 ədəd olmuşdur. Əməkhaqqı və pensiyaların, sosial müavinətlərin ödənilməsinin 97,5 faizinin, qeyri-dövlət sektorunda isə əməkhaqlarının 27 faizinin ödəniş kartları vasitəsi ilə aparıldığını bildirən idarə sədri əlavə edib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar və pensiya təminatı üzrə ödəniş kartlarının sayı 120 min ədəddən çoxdur.
Bildirilmişdir ki, muxtar respublika üzrə orta hesabla hər 100 nəfər vətəndaşa 40,5 ədəd kart düşür. Lakin kifayət qədər kart istifadəçisi olmasına baxmayaraq, hələ də elektron ödəniş sistemlərindən, POS-terminallardan istifadə aşağı səviyyədədir. Bunun nəticəsidir ki, ödəniş kartlarına yüklənmiş vəsaitlərin 96,2 faizi nağd olaraq bankomatlardan çıxarılır.
Qeyd olunmuşdur ki, muxtar respublikada hər bir təsərrüfat subyektinin və geniş əhali təbəqəsinin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyəyə cəlb edilməsi, əhalinin nağdsız hesablaşmalara keçid vərdişlərinin formalaşdırılması, dövlət orqanlarının və digər kütləvi xidmət qurumlarının daxili informasiya sistemlərinin elektron ödəniş sistemlərinə texnoloji inteqrasiyasının təmin olunması zəruri məsələlərdən biridir. Əsas məqsəd muxtar respublikada yüksək ödəniş mədəniyyətinə malik olan cəmiyyətin formalaşdırılmasına, hesablaşmalarda nağdsız ödənişlər üzrə dövriyyənin inkişaf etdirilməsinə, elektron ödəniş xidmətlərinin çeşidinin effektivliyinin tətbiqi dairəsinin genişləndirilməsinə və istifadəsinin kütləviliyinə nail olmaqdan ibarətdir. Vurğulanmışdır ki, dövlət qurumlarının korporativ informasiya sistemlərinin Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalının infrastrukturuna inteqrasiyası təmin edilməli, vergi, rüsum, sosial sığorta haqları, kommunal xidmətlər, həmçinin digər ödəniş və yığımların nağdsız qaydada aparılması həyata keçirilməlidir.
Səbuhi Məmmədov elektron ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması, əhalinin, kiçik və orta biznes subyektlərinin elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin daha da artırılması üçün banklar tərəfindən POS-terminalların quraşdırılmasının, bu istiqamətdə kompleks stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin vacibliyini də iştirakçıların diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə təsdiq olunmuş Tədbirlər Planının icrası nağdsız əməliyyatların həcminin artırılmasına, nağd pul dövriyyəsinin məhdudlaşdırılmasına, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə, yüksək ödəniş mədəniyyətinə malik cəmiyyətin formalaşdırılmasına, bank sistemindən kənar dövriyyənin azalması ilə iqtisadiyyata investisiya qoyuluşu imkanlarının artmasına, elektron ödəniş xidmətlərinin inkişafına, nağdsız ödəniş alətlərindən istifadə üzrə göstəricilərin yüksək səviyyəyə çatdırılmasına imkan verəcəkdir.
Sonra Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri – Azərbaycan Respublikası Mərkəzi Bankının şöbə rəisi Ramil Mahmudovun, “Milli Kart” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Cəlal Orucovun nağdsız ödəniş xidmətlərinin əhəmiyyəti, təsərrüfat subyektlərində POS-terminalların qoyulması, habelə innovativ və yüksəkkeyfiyyətli xidmətlərin tətbiqi ilə bağlı çıxışları olmuşdur.
Kursda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatlarının nümayəndələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Dövlət Energetika Agentliyinin, “Naxçıvanqaz” İstehsalat Birliyinin, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu sahəyə məsul şəxsləri də iştirak edirlər. Kurs bu gün başa çatacaq.
Sonda kurs iştirakçılarına sertifikatlar veriləcək.
Səbuhi HƏSƏNOV