Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbulundan ötən müddət ərzində muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər öz bəhrələrini vermiş, xeyli nailiyyətlər, uğurlu nəticələr qazanılmışdır. Bu nailiyyətləri taxıl istehsalı sahəsində də görmək olar. Göstərilən dövlət qayğısı hesabına ötən ilin payızında əkilmiş 35 min 324 hektar taxıl əkini sahəsindən 102 min 960 ton taxıl istehsal olunmuş, məhsuldarlıq 29,1 sentnerə çatdırılmışdır. Qazanılan uğurdan ruhlanan torpaq mülkiyyətçiləri 2014-cü ilin bol və keyfiyyətli taxılının əsasını qoymaq üçün əkin kampaniyasını uğurla davam etdirirlər. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, taxıl əkini kampaniyasının mütəşəkkil şəkildə başa çatdırılması üçün əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri özünü göstərir. Qeyd edək ki, sahələrə kifayət qədər texnika çıxarılmışdır. Onların yanacaq və ehtiyat hissələri ilə təchizatı da diqqət mərkəzindədir.
Şumun keyfiyyətli aparılmasının bol məhsul üçün vacib şərtlərdən biri olduğunu unutmayan mexanizatorlar şum qaldırılmasında bu amilə ciddi diqqət yetirirlər. Əkin zamanı taxılçılar məhsuldar toxum sortlarından istifadəyə və şırım üsulu ilə əkinə üstünlük verirlər. Bu da belə qənaət yaradır ki, gələn təsərrüfat ili də taxılçılarımız üçün uğurlu illərdən biri olacaq.
Nazirlikdən verilən operativ məlumata görə, oktyabr ayının 28-dək muxtar respublikada 13 min hektar sahədə şum qaldırılmış, 6 min hektar sahədə əkin aparılmış, əkilmiş sahələrin 2698 hektarı suvarılmışdır. Payızlıq taxıl əkini kampaniyası sürətlə davam etdirilir.
Xəbərlər şöbəsi