Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafı paytaxt Naxçıvan şəhəri də daxil olmaqla bütün bölgələrin simasını dəyişib. Regionun quruculuq salnaməsinin səhifələrində on yaşına doğru addımlayan Kəngərli rayonunun da öz yeri var. Bir zamanlar çöllük ərazilərdən ibarət olan indiki rayon mərkəzi çox qısa zamanda müasir mərkəzə çevrilib.
Naxçıvan-Sədərək magistral yolunun üzərində yerləşən rayon mərkəzində bir-birindən gözəl inzibati binalar, rahat yollar, mədəniyyət və istirahət parkı, mədəniyyət evi və digər ünvanlar bu əraziyə möhtəşəm bir gözəllik bəxş edir. Son illərdə rayon mərkəzi olan Qıvraq qəsəbəsində müxtəlif infrastruktur layihələrin həyata keçirilməsi, rayondaxili və kəndarası avtomobil yollarının yenidən qurulması, yaşıllıq zolaqlarının yaradılması Kəngərli rayonunda həyata keçirilən mühüm tədbirlərdəndir. Qeyd edək ki, muxtar respublikanın digər bölgələrində olduğu kimi, Kəngərli rayonunda da görülən işlər kompleks xarakter daşıyır. Rayonun əksər kəndlərində kompleks quruculuq işləri aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına uyğun yenidən qurulan yol yaşayış məntəqələri arasında daha tez, asan və təhlükəsiz nəqliyyat əlaqəsinin qurulmasına öz töhfəsini verib. Uzunluğu 39 kilometr olan və 13 min nəfərə yaxın əhalinin yaşadığı 5 kənd yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu-Qıvraq (Xıncab da əlavə yolla birləşməklə) dairəvi avtomobil yolu adıçəkilən kəndlərə gediş-gəlişi xeyli asan və rahat edib. Quruculuq tədbirləri cari ilin ötən dövrü ərzində də davam etdirilib. Hazırda rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri aparılır. Rayonun böyük yaşayış məntəqələrindən biri olan Xok kəndində isə inşa olunan kənd mərkəzində, həkim ambulatoriyasında, xidmət mərkəzində və yenidən qurulan məktəb binasında son tamamlama işləri görülür.
Naxçıvan Muxtar Respublikası aqrar region olduğundan kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin 17 sеntyаbr 2008-ci il tаriхli Sərəncаmı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Nахçıvаn Muхtаr Rеspublikаsındа əhаlinin ərzаq məhsullаrı ilə еtibаrlı təminаtınа dаir Dövlət Prоqrаmı” Kəngərli rayonunda da uğurla icra edilir. Muхtаr rеspublikаmızın tахılа оlаn tələbаtının dахili imkаnlаr hеsаbınа ödənilməsi istiqаmətində həyаtа kеçirilən аrdıcıl və məqsədyönlü tədbirlər bu rayonda da öz bəhrəsini vеrir. Rayon ərazisində bu il kənd təsərrüfatı istehsalçıları tərəfindən 3869 hektar taxıl sahələrindən 10 min 901 ton məhsul əldə edilib ki, bu da məhsuldarlığın 28,2 sentner olduğunu göstərir. Digər əkinçilik sahələrində də məhsuldarlıq yüksəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin ötən dövründə 5 hektar ərazidə yeni bağ salınıb. Rayonda yerli şəraitə uyğun olan və tezyetişən meyvə sortlarının əkilməsi məqsədilə 5 hektar ərazidə tingçiliyin inkişaf etdirilməsi üçün Xok kəndindən bir nəfər sahibkara 26 min manat kredit verilib. Hazırda payız mövsümü üçün yeni meyvə ağaclarının əkilməsinə başlanılıb, meşəbərpa və meşəsalma işləri davam etdirilir.
Kəngərli rayonu bu gün hərtərəfli inkişaf yolundadır. Bu gün rayonda 12 orta məktəb fəaliyyət göstərir. Məktəb binalarından 9-u tikilərək, yaxud yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilib. Təbii ki, yaradılmış şərait təhsilin səviyyəsinin ildən-ilə yüksəldilməsində öz sözünü deyir. Belə ki, ötən tədris ilində ümumtəhsil məktəblərini 300 məzun bitirib, onlardan 222 nəfər ali məktəblərə sənəd verib. Sənəd verənlərdən 89 nəfəri ali məktəblərə, 13 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Ən yaxşı göstərici isə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbdə qeydə alınıb. Adıçəkilən məktəbin ali təhsil üçün 20 nəfər sənəd verən məzunundan 14-ü tələbə adını qazanıb. Rayon üzrə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin – 500-700 intervalında bal toplayanların sayı 21 nəfər təşkil edib ki, ötən il belə məzunların sayı 10 nəfər olub. Bu il 31 nəfər Heydər Əliyev adına Hərbi Liseyə, 2 nəfər isə Polis Akademiyasına qəbul olunub.
Muxtar respublikamızda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının nəticəsidir ki, Kəngərli rayonunda da bu sahədə mühüm tədbirlər həyata keçirilir. Qeyd edək ki, Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsi 1 rayon Mədəniyyət Evi, 5 kənd mədəniyyət evi, 5 kənd klubu, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 2 Uşaq Musiqi Məktəbi və 1 Tarix-Diyarşünaslıq Muzeyini özündə birləşdirir. Eyni zamanda dünya əhəmiyyətli Qarabağlar türbəsi, qədim Şahtaxtı hamamı və Şahtaxtinskilər Muzeyi də rayonun mədəniyyət obyektlərindəndir. Rayonda milli və mədəni dəyərlərimizin təbliği hər zaman diqqət mərkəzində saxlanılır. 2004-cü ildə yaradılmış “Kəngər” instrumental ansamblı, 2005-ci ildə yaradılmış qızlardan ibarət “Gülüm hey” folklor qrupu, 2012-ci ildə fəaliyyətə başlamış həm uşaq, həm də böyüklərdən ibarət yallı kollektivləri rayonun mədəni həyatında mühüm rol oynayır. Qarabağlar kənd mədəniyyət evində fəaliyyət göstərən əl işlərindən ibarət toxucu dərnəyi isə qədim toxuculuq sənətinin yaşadılmasına öz töhfəsini verir.
Rayonda səhiyyə müəssisələrinin inkişafı da diqqət mərkəzindədir. Hazırda rayonda 5 həkim ambulatoriyası və 5 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bu səhiyyə ocaqlarından 9-u əsaslı təmir olunmuş və ya yeni tikilmiş binada yerləşir. Rayon Mərkəzi Xəstəxanasında isə əsaslı təmir və yenidənqurma işləri aparılır. Adıçəkilən xəstəxana binası istifadəyə verildikdən sonra rayonda səhiyyə xidməti keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq.
Bütün bunlar, müxtəlif sahələr üzrə həyata keçirilən tədbirlər rayon sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluq problemlərinin həll edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. 2013-cü ilin yanvar-sentyabr aylarında rayon üzrə 70 nəfər vətəndaş müxtəlif sahələrdə işlə təmin olunub.
Vurğulamaq lazımdır ki, yaradıldığı gündən həyata keçirilən tədbirlər nəticəsində Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, bir sıra mühüm infrastruktur layihələri reallaşdırılıb. Təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib. 2006-cı ilin iyul ayında Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.
Bəli, fəxrlə demək olar ki, Kəngərli bu gün muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Rayonda inkişaf və yüksəliş davamlı xarakter alıb. Rayon sakinlərinin əhval-ruhiyyəsi də yaradılan bu şərait hesabına daha da yüksəlib, insanların sabaha olan inamı artıb. Bu inam isə Heydər Əliyev ideyalarına sadiqlikdən və qədim Kəngərli yurduna sevgidən yoğrulub.
Səbuhi HƏSƏNOV