Həyata keçirilən siyasət o zaman uğur gətirir ki, o həm dövlətin milli maraqlarına xidmət edir, həm ölkənin bütün regionlarında sağlam iqtisadi və siyasi mühit yarada bilir, həm də özünün sosial yönümü ilə xalqın bütün nümayəndələrinin mənafeyini ifadə edir. Təbii ki, bu zaman həmin ölkə iqtisadi qüdrəti, siyasi yüksəlişi və sosial ədaləti ilə hər zaman öndə olacaqdır. Çox sevindirici haldır ki, ölkəmiz Heydər Əliyev ideyalarından yetərincə bəhrələnməklə sadalanan hər bir nüansı özünün inkişaf mərhələlərində yaşamış və indi də yaşamaqdadır. Təkcə son 10 il müddətində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır. Ölkəmiz üzrə 1,2 milyon yeni iş yeri açılmışdır ki, bunun 900 mini daimidir.
Bütün bu uğurları eynilə Naxçıvan Muxtar Respublikasının da iqtisadi inkişafında görmək mümkündür. Burada yaradılan möhkəm və sağlam iqtisadi mühit hər bir bölgədə özünü əks etdirməklə müdrik siyasətin ən yüksək təntənəsinə çevrilmişdir. 2013-cü ilin yanvar-oktyabr aylarının sosial-iqtisadi inkişafı göstəricilərinə diqqət edəndə görürük ki, muxtar respublikada 1 milyard 768 milyon 736 min 600 manat (2012-ci ilin müvafiq göstəricisindən 8,6 faiz çox) həcmində Ümumi Daxili Məhsul istehsal edilmişdir.
Muxtar respublikamızda son on səkkiz ildə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində əhalinin fəaliyyət sferasına təkcə kənd təsərrüfatı (aqrar sektor) deyil, iqtisadiyyatın müxtəlif sahələri daxil edilmişdir. Bu da imkan vermişdir ki, muxtar respublikanın sosial-iqtisadi inkişafında iqtisadiyyatın digər sahələri də öz sözünü deyə bilsin. Qurmaq, yaratmaq əzmi muxtar respublikanın gündəlik fəaliyyət sferasına aid olmuş, nəticədə, yeni-yeni sosial obyektlər və istehsal müəssisələri tikilməklə abadlaşan diyarımızın gözəlləşən mənzərəsi yaranmışdır.
İqtisadi inkişaf həm də artıq əsas makroiqtisadi göstəricilərdə birinci yerdə duran sənayenin davamlı yüksəlişini təmin etmişdir. Cari ilin yanvar-oktyabr aylarının makroiqtisadi göstəricilərini nəzərdən keçirərkən 725 milyon 161 min 800 manatlıq payla Ümumi Daxili Məhsulun sahə strukturunda birinci yeri sənayenin tutduğunun şahidi oluruq.
Naxçıvan Muxtar Respublikasında 1990-1993-cü illərdə müəyyənləşdirilmiş məqsədyönlü iqtisadi inkişaf siyasəti 1995-ci ildən mütərəqqi əsaslarla davam etdirilməkdədir. Atılan hər bir addım insanların bu gününün firavanlığını, sabahının aydınlığını, gələcəyinin isə parlaqlığını təmin etməyə yönəlmişdir. Bu isə hər bir insanın rahat, əmin-amanlıq şəraitində yaşayışını təmin etmişdir.
Kənd əhalisini torpağa, şəhərdə yaşayanları müxtəlif sənaye sahələrinə səsləməklə onlarda əməyə, fəaliyyətə maraq, həvəs və məhəbbət yaradılmış, bununla da, muxtar respublikamızın böyük tərəqqisi təmin edilmişdir.
2013-cü ilin son on ayının sosial-iqtisadi inkişaf tempi göstərir ki, insanların yaşayışı, sosial vəziyyəti, məşğulluq şəraiti daha da yaxşılaşmış, əhalinin gəlirləri 1 milyard 334 milyon 821 min 600 manat olmuşdur. Təbii ki, bütün bunlar insanların alıcılıq qabiliyyətinin yüksəlməsi ilə nəticələnmişdir.
Kəndlərdə yaşayan insanlar istehsal etdikləri məhsulları bazara asanlıqla çıxara və əmtəələrini reallaşdıra bilirlər. 2013-cü ilin yanvar-oktyabr aylarında özünü göstərən bu rahatlıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının 280 milyon 719 min 200 manatlıq həcmi ilə xarakterizə olunmaqdadır. Bu bir həqiqətdir ki, ən ucqar dağ kəndlərində belə yaşayan kəndlilərimiz dövlətin yaratdığı əlverişli iqtisadi mühit nəticəsində infrastruktur təminatından ən yüksək səviyyədə yararlanaraq vaxt və məhsul itkisi olmadan səmərəli fəaliyyət göstərirlər.
Aydındır ki, qeyd edilən səmərəlilik muxtar respublikada formalaşdırılmış güclü hüquqi baza əsasında təmin olunmuşdur. Həmin hüquqi baza, əsas etibarilə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlardan ibarətdir. “Naxçıvan Muxtar Respublikasında aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 28 yanvar tarixli, “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2005-ci 11 aprel tarixli, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il 17 sentyabr tarixli, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2012-ci il 14 fevral tarixli sərəncamlar və digər hüquqi sənədlər muxtar respublikanın müasir böyük və möhtəşəm inkişaf mənzərəsini yaratmışdır.
Cavadxan QASIMOV
iqtisad üzrə fəlsəfə doktoru