Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər geniş vüsət alan tikinti-quruculuq işlərinin tərkib hissəsidir. Naxçıvan şəhərinin Atatürk küçəsində inşası davam etdirilən 9 nömrəli yaşayış binasının tikintisi bu tədbirlərin davamıdır. Zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olacaq binada tikinti işlərinə bu ilin fevral ayından başlanılıb. İş icraçısı Kamal Cəfərovdan aldığımız məlumata görə, 54 mənzildən ibarət olacaq binada, əsasən, üç və dördotaqlı mənzillər yerləşəcək. Hazırda binanın ilk 4 mərtəbəsində arakəsmələr hörülüb, sonuncu mərtəbədə isə qəlib-beton işləri aparılır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan tikinti işlərində, əsasən, yerli tikinti materiallarından istifadə olunur. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl edilir. İnşaatçılar işin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün əllərindən gələni əsirgəmirlər.
Xəbərlər şöbəsi