Bazarda bolluq yaradıb yaxşı qazanc da əldə etməyin ən yaxşı yolu yeni istehsal sahəsi qurmaqla istehlakçılara yeni məhsul təklif etməkdir. İstehsal o zaman daha çox sərfəli hesab edilir ki, ticarətdən fərqli olaraq, burada torpaqdan, əmək və kapital ehtiyatlarından daha səmərəli istifadə olunsun, nəticədə, daha yaxşı gəlir əldə edilsin. Hər yeni yaradılan istehsal sahələrində yeni iş yerlərinin açılması, burada yeni texnologiyaların tətbiqi və innovasiyalara geniş imkanlar yaranması sahələrarası əlaqələrin dərinləşməsi ilə nəticələnir ki, bu da son illərdə regionumuzda həyata keçirilən iqtisadi inkişaf siyasətinin əsas istiqamətlərindəndir.
Son illərdə Naxçıvan Muxtar Respublikasında yaradılmış istehsal müəssisələri arasında “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti də vardır. Çoxprofilli müəssisə kimi fəaliyyət göstərən bu cəmiyyətin yaradılmasında məqsəd, ilk olaraq, ərzaq məhsullarının istehsalının təşkil olunmasıdır. Belə ki, 2011-ci ildə Naxçıvan şəhərində istifadəyə verilmiş bu müəssisədə alma sirkəsi, kartof cipsi, unlu-qənnadı məmulatları istehsalı sahələri yaradılmışdır.
Bu yaxınlarda müəssisədə yeni istehsal sahəsi – damazlıq yumurta istehsalı təsərrüfatı da fəaliyyətə başlamışdır. Bu istehsal sahəsi yaradılana qədər muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatı idxal hesabına ödənilirdi. Bu vacib məsələnin həll olunması məqsədilə “Araz-3” MMC quşçuluq təsərrüfatlarının daha keyfiyyətli ətlik və yumurtalıq cücəyə olan tələbatının ödənilməsini də yerli imkanlar hesabına təmin etməkdədir.
Yeni istehsal sahəsində Türkiyə Respublikasından alınmış avadanlıqlar quraşdırılmışdır. Müəssisə muxtar respublikamızda özəl sektora göstərilən dövlət qayğısından bəhrələnmiş və onun yaradılmasına Sahibkarlığa Kömək Fondu tərəfindən kredit verilmişdir. Təkcə damazlıq yumurta istehsalı məqsədilə fond tərəfindən 678 min manat kredit ayrılmışdır. Müəssisənin fəaliyyətinin genişləndirilməsi məqsədilə daxili imkanlar və digər mənbələr hesabına, əlavə olaraq, 40 min manat vəsait sərf olunmuşdur.
Damazlıq yumurta istehsalı sahəsi iki bölmədən – istehsal gücü ayda 140 min yumurta, tutumu 7 min baş toyuq olan yumurtalıq istiqamətində damazlıq bölməsindən və 64 min baş toyuqbəsləmə sahəsindən ibarətdir. Təsərrüfatda avtomatlaşdırılmış sulama, yemləmə, soyutma, isitmə, havalandırma, işıqlandırma sistemləri, tutumu 44 ton olan 3 ədəd yemsaxlama bunkeri qurulmuş və 8 yeni iş yeri açılmışdır. Bundan başqa, damazlıq yumurta təsərrüfatı üçün əlavə olaraq 1 ədəd inkubasiya, 2 ədəd cücəçıxarma avadanlıqları, ilkin olaraq 18 min baş yumurtalıq toyuq, yem və dərman preparatları alınmışdır.
“Yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatının istifadəyə verilməsi də muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin davamıdır”. Bu fikirlər oktyabrın 25-də Naxçıvan şəhərində “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatının istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən səsləndirilmişdir. Ali Məclisin Sədri qeyd etmişdir ki, rentabelliyin təmin olunması hər bir istehsal sahəsinin inkişafında başlıca şərtdir və “Araz-3” MMC-də istehsalın rentabelliyi üçün lazım olan bütün şərait yaradılmışdır.
Şübhəsiz, muxtar respublikamızın sənaye potensialının artırılması və ərzaq təhlükəsizliyinin təmin olunmasında mövcud müəssisələrin rentabelli fəaliyyəti vacib şərtlərdəndir. Məhz bu zaman bu və ya digər müəssisənin rəqabətqabiliyyətliliyi haqqında danışmaq mümkündür. “Araz-3” MMC-nin yeni yaradılmış istehsal sahəsində muxtar respublikanın digər quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatının ödənilməsi üçün mövcud resurslardan və əmək ehtiyatlarından səmərəli istifadə edilir, region əhalisinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına çalışılır.
Əli CABBAROV