22 Dekabr 2024, Bazar

Şahbuz rayonunun quruculuq xəritəsi hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Öncə onu qeyd edək ki, cari ilin ötən dövrü ərzində rayonun Kükü və Ağbulaq kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.
Quruculuq tədbirləri hazırda sürətlə davam etdirilir. Rayon mərkəzinin ən gözəl ünvanlarından biri olan Heydər Əliyev prospektində Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı üçün zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət bina inşa olunur. Tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə həvalə edilib. İnşaatçılara hərtərəfli iş şəraiti yaradılıb. Bu şəraitdən səmərəli istifadə olunmasının nəticəsidir ki, obyektdə tikinti işləri əsasən başa çatdırılıb.

Rayonun bir neçə ucqar kənd yaşayış məntəqəsi də tikinti meydançasına çevrilib. Məlumat üçün bildirək ki, bölgənin kiçik yaşayış məntəqələrindən biri olan Ayrınc kəndi ilk dövlət qayğısını neçə illər əvvəl görüb. Burada yeni məktəb binası istifadəyə verilib. Məktəb binasından bir qədər yuxarıda, yolun sağında  ikimərtəbəli kənd mərkəzi, solunda isə xidmət mərkəzi inşa olunur. Bu quruculuq tədbirini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin kollektivi həyata keçirir.
Qızıl Qışlaq və Güney Qışlaq kəndləri də yaxın vaxtlarda kompleks quruculuq tədbirləri hesabına müasir yaşayış məntəqəsinə çevriləcək. Hər iki kənddə müxtəliftəyinatlı quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Məlumat üçün bildirək ki, bir neçə il əvvəl Qızıl Qışlaqda mədəniyyət evi üçün yeni bina inşa olunub. Yaxın kəndlərin də istifadə etdiyi baytarlıq məntəqəsi istifadəyə verilib.
Qızıl Qışlaqdakı binalardan biri kənd tam orta məktəbi üçün nəzərdə tutulub. 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada tikinti işləri əsasən başa çatdırılıb, çardaq hissə qurulub. Hazırda son tamamlama işləri həyata keçirilir.
Məktəb binasının yaxınlığında in­şa olunan kənd mərkəzi iki mərtəbə­dən ibarətdir. Burada kəndin müxtəlif qurumlarının fəaliyyəti üçün şərait yaradılacaq.
Ucqar dağ kəndinin sakinlərinə daha bir dövlət qayğısı isə bu yaşayış məntəqəsində xidmət mərkəzinin tikintisidir. Burada da tikinti işləri başa çatdırılıb.
Quruculuq tədbirləri Güney Qışlaq kəndini də əhatə edir. Bu yaşayış məntəqəsində yaxın günlərdə iki mərtəbədən ibarət kənd mərkəzi və birmərtəbəli xidmət mərkəzi istifadəyə veriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR