22 Dekabr 2024, Bazar

Naxçıvan Avtomobil Zavodunun tikintisinə 2008-ci ilin avqust ayında başlanılıb. İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan zavodun 2472 kvadratmetrlik ərazisində Almani­ya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.
2010-cu il yanvarın 11-də istifadəyə verilən Naxçıvan Avtomobil Zavodunun açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri belə tədbirləri ölkəmizdə ulu öndərimizlə başlanan işlərin davamı kimi dəyərləndirərək demişdir: “Əgər Sovet hakimiyyəti illərində ulu öndərimiz Gəncə Avtomobil Zavodunun qurulması işinə başlamasaydı, müstəqillik illərində isə cənab Prezident həmin zavodun fəaliyyətinin təmin olunmasına şərait yaratmasaydı, indi Naxçıvan Avtomobil Zavodunun qurulması da sual altında ola bilərdi”.
Naxçıvan Avtomobil Zavodunda tikilib istifadəyə verilən ikimərtəbəli binanın birinci mərtəbəsində Satış şöbəsi və sərgi-satış salonu, ikinci mərtəbədə isə Marketinq şöbəsi və inzibati heyət üçün ayrı-ayrı otaqlar yerləşir. Marketinq şöbəsi daxili bazarın tələbatını öyrənməklə yanaşı, xarici əlaqələrin yaradılması və ehtiyat hissələrinin alınıb gətirilməsi vəzifələrini icra edir. Müəssisədə yığım sexi, anbar, yük boşaldılması üçün platforma, sınaq yolu və sınaq avadanlıqları quraşdırılıb.

İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZ- Lifan” markası ilə istehsal olunan avtomobillər baqaj hissəsi salonda olan (xetçbek) “320” və “520İ”, baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “520” və “620” modellərindən ibarətdir. Bu avtomobillər ayrı-ayrı hissələrdən yığılıb sınaq meydançasına çıxarılır. Burada 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişik­liklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə “NAZ-Lifan X-60” modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə ötən ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Artıq “NAZ-Lifan” markalı 6 nəfərlik mikroavtobusun “LF 6401” modeli, 800 kiloqram yükgötürən furqonlu avtomobilin “LF 5028” modeli və 800 kiloqram yükgötürən bortlu yük avtomobilinin “LF 1022” modeli satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır. Bu istiqamətdə işlər uğurla davam etdirilib,  cari ilin oktyabr ayında “NAZ-Lifan 620” model avtomobillər avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb. Yaxın günlərdə isə istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu avtomobil – “NAZ-Lifan 720” model avtomobil alıcılara təqdim olunacaq. İlin sonunda isə avtomatik sürət qutuları ilə təmin olunmuş “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “X-70” modellərinin Azərbaycan Respublikasında  naviqasiya sistemi ilə təchiz edilmiş avtomobillərin Bakıda keçiriləcək beynəlxalq sərgisində təqdimatı nəzərdə tutulur.
Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə 5 modeldə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir.
İstehsal olunan avtomobillər Nəzarət şöbəsindən keçdikdən sonra satışa buraxılır. Zavod fəaliyyətə başlayan zaman ilkin mərhələdə istehsal prosesi xarici mütəxəssislər tərəfindən aparılırdısa, hazırda  bu proses yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
Avtomobil Zavodunun fəaliyyətə başladığı dövrdən ötən 4 il “NAZ-Lifan” markalı minik avtomobilinin tanıdılması mərhələsi olub. Hazırda  istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək. Hesablamalara görə, 1 konteynerə orta hesabla 6 avtomobil banı yerləşirsə, sökülü vəziyyətdə 150-200 avtomobil banı yerləşir ki, bu da daşınma xərcinin azalması deməkdir.
Qeyd edək ki, istehsal olunan avtomobillərin milliləşdirilməsi planlaşdırılır. Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkə­mizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı işi də yüksək səviyyədə aparılır, Naxçıvan və Bakı şəhərlərində satış mərkəzi, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazası yaradılıb. Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır.
Avtomobillərin dəyəri 8400-15200 manat arasında dəyişir. Ötən 4 il müddətində 1898 ədəd  “NAZ-Lifan” markalı minik avtomobili istehsal olunub, bunlardan 1795 ədədi satılıb. Bu isə onu göstərir ki, “NAZ-Lifan” markalı minik avtomobilləri maşın bazarında artıq özünəməxsus yerə malikdir. Sevindirici haldır ki, yerli istehsala önəm verilir, Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillər ölkəmizin digər regionlarında da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda muxtar respublikamızda, Bakı, Sumqayıt, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR