Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar imzaladığı 2006-cı il 2 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 6-sı ölkəmizdə “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” kimi qeyd edilir.
Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Bu dövrdə respublikaya rəhbərlik edən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində rabitə sistemində də böyük nailiyyətlər əldə olunmuşdur. Ulu öndərin diqqət və qayğısı nəticəsində rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edilmiş, Azərbaycan Elmlər Akademiyasında, ali təhsil müəssisələrində elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilmiş, elektron avadanlıqlar istehsal edən zavodlar tikilərək istifadəyə verilmiş, elmi-tədqiqat müəssisələri yaradılmışdır.
Ümummilli lider ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə rabitə sistemi inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Dahi şəxsiyyətin qayğısı ilə rabitənin inkişafında əsl dönüş yaradılmış, bu sahənin inkişafı məqsədilə xarici investorların cəlbinə başlanılmışdır. Ümummilli liderin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”ya uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası gücləndirilmiş, beynəlxalq əlaqələri genişləndirilmişdir. Bununla yanaşı, Azərbaycanın ümumdünya elektron məkanına inteqrasiyası təmin edilmiş, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan iqtisadiyyatın təşəkkülü istiqamətində mühüm addımlar atılmışdır.
Rabitə və informasiya texnologiyalarının inkişafı sahəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sosial-iqtisadi inkişafın bütün istiqamətlərində kütləvi tətbiqinə, eləcə də dövlət orqanlarının işinin səmərəliliyinin artırılması məqsədilə müxtəlifməzmunlu layihələrin icrasına başlanılmışdır. Rabitə və informasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirilən tədbirlər və yaradılan möhkəm zəmin ölkəmizdə kosmik sənayenin inkişafına da təkan vermişdir. Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş, bu il fevralın 8-də isə Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır.
Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da rabitə və informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf etdirilir. 1995-ci ildən ötən dövrdə muxtar respublikada rabitə sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və rayon idarələri müasir inzibati binalarda fəaliyyət göstərir. Son 18 ildə muxtar respublikada yeni elektrontipli avtomat telefon stansiyaları və “Naxtel” simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyaları yaradılmış, 43 mindən artıq yeni telefon nömrəsi istismara verilmiş, muxtar respublikada hər 100 ailəyə düşən sabit telefonların sayı 67-yə çatdırılmış, yaşayış məntəqələrinin 90 faizindən çoxu mobil rabitə ilə təmin edilmişdir.
Muxtar respublikada rabitə və informasiya sistemlərinin inkişafını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır. Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə səbəb olmuşdur. Belə ki, ötən müddətdə muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz hissələri üzərində qurulan optik rəqəmsal şəbəkələr elektron hökumət və genişzolaqlı xidmətlərin həyata keçirilməsinə şərait yaratmışdır. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya sisteminin 92 faizi optik şəbəkəyə birləşdirilmişdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, ötən ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Bundan əlavə, muxtar respublikanın daxili telekommunikasiya şəbəkəsinin alternativliyinin yaradılması məqsədilə şəhər və rayonlara çıxış verilməklə Ordubad-Sədərək fiber-optik kabel magistralının tikintisinə başlanılmışdır.
Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya sisteminin yenilənməsi də diqqət mərkəzində saxlanılmış, 2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm və Yarımca kəndlərini, 2012-ci ilin mart ayında Şərur və Sədərək rayonlarının bütün ərazisini əhatə edən 3-cü nəsil telekommunikasiya avadanlıqları istifadəyə verilmişdir. Hazırda Şahbuz və Babək rayonlarında yeni nəsil telekommunikasiya avadanlıqlarının qurulması işləri davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikaya daxil olan internetin sürəti artırılmış və tariflər aşağı salınmışdır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 90 faizində simsiz internet, 81 faizində isə genişzolaqlı internet xidmətləri göstərilir.
Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. Bu gün informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, rəqəmsal yayımın təşkilinə, ayrı-ayrı sahələr üzrə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikasında “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən, dövlət orqanlarının göstərəcəyi elektron xidmətlərin reqlamentləri təsdiq edilmiş, reyestr kodları verilmiş və internet saytlarında yerləşdirilmişdir. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “Elektron hökumət” portalı yaradılmış, 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilmişdir. Portalda elektron xidmətlərə görə ödənişin real vaxt rejimində təhlükəsiz qaydada həyata keçirilməsi ilə əlaqədar rabitə xidmət haqlarının və genişzolaqlı internet xidmətlərinin ödənişi internet üzərindən təşkil edilmişdir.
Muxtar respublikada diqqət mərkəzində saxlanılan məsələlərdən biri də keyfiyyətli televiziya yayımının təşkilindən ibarətdir. Artıq ötən ilin mart ayından etibarən Naxçıvanda rəqəmsal televiziyanın yayımına başlanılmışdır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 70 faizində rəqəmsal yayım təşkil edilmişdir. İlin sonuna kimi bütün yaşayış məntəqələrinin rəqəmsal yayımla təmin edilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, muxtar respublika ərazisində İP televiziyanın yayımı sakinlərə yeni nəsil telekommunikasiya sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaratmışdır.
Naxçıvanda həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi müasir informasiya texnologiyalarının tətbiqinə, poçt sisteminin yenidən qurulmasına, qeyri-ənənəvi və yenitipli elektron xidmətlərin göstərilməsinə şərait yaratmışdır. Belə ki, 2013-cü il iyul ayının 1-dən etibarən Naxçıvan şəhərində, oktyabr ayının 1-dən isə rayon mərkəzlərində kommunal xidmət haqlarının poçt məntəqələrində yığılmasına başlanılmışdır. Hazırda poçt məntəqələri vasitəsilə kənd yerlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi və müştərilərə genişhəcmli xidmətlər göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Muxtar respublikada poçt işinin müasir tələblər səviyyəsində qurulması sahəsində görülən tədbirlər bu sistemin maddi-texniki bazasının gücləndirilməsi ilə məhdudlaşmır. Poçt orqanlarının fəaliyyətinin genişləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmişdir. Sərəncama əsasən, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnaməsi və ştat strukturu təsdiq edilmişdir.
Peşə bayramlarını qeyd edən muxtar respublikanın rabitə və informasiya texnologiyaları sahəsi işçiləri bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublika sakinlərinə nümunəvi rabitə xidmətinin göstərilməsi istiqamətində səylə çalışacaqlar. Çünki muxtar respublikada rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirlər informasiya cəmiyyətinə inteqrasiyanı sürətləndirməklə yanaşı, həm də insanların rahatlığının təmin olunmasına hesablanmışdır.
Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti