Qədim Naxçıvan diyarının hansı səmtinə üz tutsan, orada Heydər Əliyev ideyalarına sadiqliyin və bu sadiqliyin nəticəsi olan müasirliyin şahidi olursan. Dahi şəxsiyyətin xeyir-duası ilə 1978-ci ildə yaradılan Babək rayonu da bu müasirliyin bütün çalarlarını özündə əks etdirən yurd yerlərindən biridir. Rayon mərkəzi Babək qəsəbəsinin yerləşdiyi ərazi sovet dövründə Nehrəm kəndinin torpaq sahələri olub. Araz çayı üzərində su elektrik stansiyası tikilərkən su altında qalan Təzəkənd yaşayış məntəqəsinin sakinləri bu əraziyə köçürülüb. Rayon yaradılarkən həmin kəndə qəsəbə statusu verilərək xalq qəhrəmanı Babəkin adı əbədiləşdirilib. Rayona və rayon mərkəzinə “Babək” adının verilməsi o zaman mərkəzi hakimiyyətin iradəsinin əksinə olsa da, bu, ulu öndərin qətiyyəti sayəsində reallaşdırılıb.
Müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızın bütün bölgələri kimi, Babək rayonu da hərtərəfli qayğı ilə əhatə olunub, sürətli inkişaf yoluna qədəm qoyub. Həyata keçirilən geniş quruculuq tədbirləri nəticəsində kənd yaşayış məntəqələri ilə bərabər, rayon mərkəzi də simasını xeyli dəyişib, müasir qəsəbəyə çevrilib.
Digər rayon mərkəzlərində olduğu kimi, Babək qəsəbəsində də ümummilli liderin adını daşıyan prospekt qəsəbənin ən gözəl ünvanıdır. Bu prospektdə rayonun müxtəlif idarə, müəssisə və təşkilatları üçün yeni binalar inşa edilib. Həmin binalarda çalışan əməkdaşlar üçün hərtərəfli və rahat iş şəraiti yaradılıb. Cari ilin fevral ayının 5-də isə adıçəkilən ünvanda daha 3 təşkilat – Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi, rayon Qeydiyyat Şöbəsi və Dövlət Notariat Kontoru fəaliyyətlərini yeni binada davam etdirməyə başlayıblar. Babək qəsəbəsini Naxçıvan-Culfa magistral yoluna birləşdirən 4 kilometr uzunluğundakı avtomobil yolu isə 16 metrədək genişləndirilərək asfaltlanıb, yol kənarlarında suaxıdıcı arxlar salınıb. Hazırda işıqlandırma dirəklərinin qoyulması işi aparılır. Heydər Əliyev prospektinə perpendikulyar şəkildə yerləşən “Azadlıq” küçəsi də bu il təmir və yenidənqurma işlərinin həyata keçirildiyi ünvana çevrilib.
Qəsəbənin müasir mənzərəsinə gözəllik qatan quruculuq ünvanlarından biri də rayon Mərkəzi Xəstəxanasının yeni binasıdır. Xəstəxananın tikintisinə 2011-ci ilin sonlarından başlanılıb. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisi başa çatdırılan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Zirzəmidə qazanxana, mətbəx, yeməkxana, izolyator otağı yerləşir. Birinci mərtəbə Ginekologiya və Təcili yardım şöbələri üçün nəzərdə tutulub. Əməliyyat bloku, Reanimasiya, Cərrahiyyə və Poliklinika şöbələri ikinci mərtəbədə fəaliyyət göstərəcək. İnzibati bölmə və Stasionar şöbə isə üçüncü mərtəbədə yerləşəcək. Tikintisində yerli inşaat materiallarından istifadə olunan binanın fasadı müasir arxitektura üslubunda işlənilib.
Xəstəxana binasının yaxınlığındakı Tarix-Diyarşünaslıq Muzeyinin binası əsaslı şəkildə yenidən qurulub. Ulu keçmişimizə böyük diqqət və ehtiramın ifadəsi olan bu quruculuq tədbirində milli memarlıq elementlərindən istifadəyə üstünlük verilib. Muzeyin direktoru Kamran Rəhimovun verdiyi məlumata görə, bina 1 ekspozisiya zalı, 1 fond otağı və 3 yardımçı otaqdan ibarətdir. Daxili sahəsi 320 kvadratmetr olan muzeydə eksponatların nümayiş olunduğu vitrinlər dəyişdirilib, zalda müasir işıqlandırma və istilik sistemi qurulub. Muzey binasının yaxınlığında 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidədə də yenidənqurma işləri başa çatdırılıb. Abidənin ətrafı abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Daha bir tikinti-quruculuq ünvanı isə Nehrəm kəndinə gedən yolun üzərində yerləşir. Gələcəyimiz olan uşaqlara qayğının ifadəsi kimi dəyərləndirilən yeni uşaq bağçasının tikintisini də “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları aparırlar. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 220 yerlik uşaq bağçasının tikintisinə bu ilin fevral ayından başlanılıb. İş icraçısı İbrahim Hüseynovun verdiyi məlumata görə, binada beton işləri başa çatdırılıb, dam örtüyü vurulub, pəncərələr salınıb. Hazırda hər üç mərtəbədə suvaq işləri aparılır, birinci və ikinci mərtəbələrdə daş döşənir. Binanın ilk iki mərtəbəsinin xarici divarları isə üzlük daşla üzlənib. Adıçəkilən obyektin vaxtında istifadəyə verilməsi üçün inşaatçılar tikinti işlərini keyfiyyətlə və səylə yerinə yetirməyə çalışırlar.
Bütün bu qeyd edilənlərlə yanaşı, qəsəbədə su və kanalizasiya xətlərinin yenidən qurulması, müxtəlif yaşıllıq zolaqlarının salınması, avtomobil və piyada yollarının əsaslı təmir olunması insanların həyat şəraitinin yüksəldilməsinə, qəsəbədə təmizliyin, ekoloji tarazlığın səviyyəsinin qorunmasına öz töhfəsini verir. Həyata keçirilən çoxsaylı tədbirlər isə müstəqil dövlətimizin insan amilinə verdiyi dəyərin təcəssümüdür.
Səbuhi HƏSƏNOV